Xəbər lenti

 

Artıq iki gündür, ölkə gündəmini bir məsələ işğal edib – ABŞ-da təsis olunan “Zeynəb Xanlarova Fondu”.

Fondun “Laundromat” şirkətləri ilə əlaqəsi və tanınmış hüquqşünas Aslan İsmayılovun onun təsisçilərindən biri olması sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan olub. Facebook paylaşımları arasında hüquqşünasla daha əvvəl də girdiyi ciddi polemikalarla yadda qalan iş adamı Mürvət Həsənlinin statusu daha çox diqqət çəkib.

Ovqat.com xəbər verir ki, iş adamı opponentinin dünən Sevinc Osmanqızıya video-müsahibəsini uzun-uzadı şərhinə ehtiyac duymadan “Kəlilə və Dimnə”də yer alan bir əhvalatla müqayisə edib:

 

“Pazı pazla çıxarmaq” metodu

“Bir gün bir adam meşədə odun yarırmış -"pazı pazla çıxararlar" metodu ilə. Yəni kəsilmiş ağac gövdəsinin çatına paz vurub genişləndirir, növbəti pazını bir qədər irəliyə sancır və ilk vurduğu pazı çıxarırmış. Beləcə eyni prosesi ağacın bu başından o başına tətbiq edə-edə onu yarırmış.

İnsanın bu fəaliyyətini seyr edən meymun fikirləşir ki, bəs, mənim nəyim ondan əskikdir: "Onun da başı var, mənim də. Əl-ayaq, fiziki quruluş etibarilə də mən onun "kserokopiyası"yam. Daha doğrusu, o, mənim "kserokopiyamdır". Hələ üstəlik, məndə bəzi elə şeylər var ki, insan oğlunda yoxdur. Məsələn, mənim quyruğum. Bu qədər üstün yaradılışıma baxmayaraq, niyə ona "əşrəfi-məxluqat" deyirlər, məni isə adam yerinə qoyan yoxdur?"

Birdən ağlına gəlir ki, insan oğlunun "pazı pazla çıxarmaq" metodunu bilməsi onun üstün məziyyəti ola bilər. Öz-özünə deyir: "Bu nədir ki? Bunu mən də bacararam."

İnsan ağacı yarıb, evə aparandan sonra meymun həmin yerə gəlir. Yerə atılmış pazlardan birini götürüb öz “üstün zəka”sını başqa bir kötüyün üstündə təcrübədən keçirməyə çalışır.

Pazı insan oğlundan daha rahat kötüyün çatına yeridir. Amma nə illah edirsə, onu çıxara bilmir. Başa düşmür ki, bunun üçün ikinci pazı çaxmalıdır. Kötüyün üstündə oturub var-gücüylə pazı o tərəf-bu tərəfə çəkə-çəkə, nəhayət, yerindən çıxarır. Fəqət...

Fəqət paz yerindən çıxan kimi kötüyün çatı da "yumulur". Meymunun çox qürrələndiyi quyruğu çatın arasında sıxılıb qalır.

Aslan İsmayılovun dünən Sevinc Osmanqızıya verdiyi müsahibə mənə bu əhvalatı xatırlatdı. Deyəsən Aslanın da "quyruğu" çat arasında qalıb”.




Ana səhifəyə qayıt        Baxış: 799          Tarix: 18-12-2019, 12:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma