Xəbər lenti

 

Azərbaycan Beynəlxalq Böhran Qrupunun (BBQ) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vacib məsələləri gündəmdə saxlamasını alqışlayır.

Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayeva BBQ-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu həftə açıqladğı növbəti hesabatı şərh edərkən bildirib.

 

Bununla yanaşı o qeyd edib ki, əslində, BBQ “son hesabatında yeni hər hansı bir məsələyə toxunmur; illərdir ki, Azərbaycan tərəfindən qaldırılan, danışıqlar prosesində müzakirə obyekti olan mühüm mövzulara diqqət ayırır”.

 

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirildiyi dəfələrlə tərəfimizdən beynəlxalq müstəvidə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan tərəfi ilə keçirilən görüşlərdə qaldırılıb. Ermənistanın beynəlxalq hüquq öhdəliklərinə zidd olaraq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarını pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşma siyasəti bu günədək ölkəmizin işğal olunmuş ərazilərinə baş tutmuş ATƏT-in beynəlxalq fakt-araşdırıcı missiyalarının hesabatlarında da öz əksini tapıb. Belə ki, həm ATƏT-in 2005-ci il fakt-araşdırıcı missiyası, həm də 2010-cu il sahə qiymətləndirmə missiyası işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma siyasətinin həyata keçirildiyini təsdiq edib. BBQ də son hesabatın ölkəmizin işğal olunmuş ərazilərində bu qeyri-qanuni fəaliyyətin davam etdirildiyini qeydə alır. Onu da bildirmək istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırma siyasətinin həyata keçrilməsinin hüquqi sübutu, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi 2015-ci il qərarıdır.  Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qəbul olunmuş bu qərarda bu ərazilərdə hazırda həyata keçirilən məskunlaşma məsələsi də öz əksini tapır.

Əlbəttə, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həlli istiqamətində addımlar atıldıqdan sonra, bu məsələ də öz həllini tapacaq. O zamanadək Azərbaycan bu məsələləri ardıcıl şəkildə müvafiq beynəlxalq çərçivələrdə qaldıracaq.

 

“İşğal olunmuş ərazilərdə beynəlxalq sülh missiyasının yerləşdirilməsi və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (HLPG) bu xüsusda roluna gəldikdə isə qeyd etmək istərdik ki, işğal olunmuş ərazilərdə yaşayan əhalinin, o cümlədən azərbaycanlı və erməni icmalarının təhlükəsizliyi məsələsi bizim üçün önəmlidir. Biz bu səbəbdən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən müvafiq beynəlxalq ekspertlərin iştrakı ilə riskin qiymətləndirilməsi missiyasının həyata keçirilməsinin tərəfdarıyıq”, - L.Abdullayeva bildirib.

 

Hesabatda qaldırılan status məsələsinə gəlincə, xatırlatmaq lazımdır ki, ümumilikdə status məsələsi Azərbaycanın milli qanunvericiliyi və BMT Nizamnaməsi və Helsinki Yekun Aktında əks olunan fundamental norma və prinsiplərə əsaslanan BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla beynəlxalq hüquq çərçivəsində artıq müəyyən olunub. Bu xüsusda hər zaman ifadə etdiyimiz mövqeyimiz dəyişilməz olaraq qalır. Münaqişənin həlli istiqamətində işğal olunmuş torpaqlarımızdan erməni sialhlı qüvvələri çıxarıldıqdan və öz torpaqlarından didərgin salınmış azərbaycanlılar evlərinə geri qayıtdıqdan sonra, gələcək mərhələdə bölgənin statusunun konkret şəkildə müəyyənləşdirilməsi məsələsinə hər iki icmanın iştirakı ilə baxıla bilər.

 

Sonda L.Abdullayeva qeyd edib ki, bu məsələlər münaqişənin həlli prosesi çərçivəsində, ATƏT-in müvafiq qərarlarına, habelə hər hansı vaxt məhdudiyyəti olmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq tənzimlənməlidir. Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabatlarında nəzərə almalıdırlar ki, münaqişənin həllinin hüquqi əsasını təşkil edən qərar və qətnamələrin, birinci növbədə isə BMT TŞ qətnamələrinin yerinə yetirilməsi zəruridir. Onların yerinə yetirilməsi isə yalnız zaman məsələsidir.

 

Qeyd edək ki, BBQ-nin hesabatında göstərilib ki, 2015-ci ildə Rusiya münaqişənin nizamlanmasına dair plan təklif etmişdi. Plana əsasən Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsi və regiona  qeyri-müəyyən müddətə müvəqqəti status verməklə rusiyalı sülhməramlıların yerləşdirilməsi nəzərdə tutulurdu.

 

Azərbaycan “Lavrov planı” adlanan bu təklifləri qəbul etməyə meylli idi, Ermənistan isə onları rədd etdi. BBQ ekspertlərinin məlumatına görə, hazırda bu plan müzakirə olunmur. (Turan)

Ovqat.com-un əlavəsi

Açığı, BBQ-nin bu hesabatı yayılanda rəsmi Bakının onu təkzib edəcəyini gözləyirdik. Çünki Dağlıq Qarabağ problemini bəhanə edən Rusiyanın bölgəyə sülhməramlılarını yerləşdirməsi təkcə Ermənistanın deyil, həm də Azərbaycanın suverenliyini təhlükə altına qoyur.

Üstəlik, Ermənistanda hələ də rus ordu birləşmələrinin mövcudluğunu nəzərə alsaq, bu təhlükə onlardan çox, bizi narahat etməlidir.

Qoşulmayanlar Hərəkatının aktiv üzvlərindən olan Azərbaycanın beynəlxalq qurumlar tərəfindən tanınmış ərazisində başqa dövlətin hərbi qüvvələrinin yerləşməsinə razılıq verməsi də, türklər demişkən, işin bir başqa tühaf tərəfi olardı.

XİN-nin hesabatla bağlı verdiyi şərh isə onu göstərir ki, rəsmi Bakı “Lavrov planı”na həqiqətən də razılıq veribmiş. Əks halda diplomatik korpusumuz BBQ-nin bu hesabatını alqışlamaz və sənəddə yer alan iddiaları təkzib edərdi.




Ana səhifəyə qayıt        Baxış: 2 506          Tarix: 23-12-2019, 05:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma