Naxçıvan Muxtar Respublika rəhbərliyi böyük biabırçılıqla yadda qalan yeni il atəşfəşanlığında yaşananları ciddi-cəhdlə gizlətməyə çalışır.
Ovqat.com xəbər verir ki, atəşfəşanlıq zamanı çəkilmiş videolar ciddi rezonansa səbəb olmuşdu.
Hər kəs mərkəzi hakimiyyətdən aldığı dotasiya ilə ayaqda durmağa çalışan, bununla belə əhalisinin böyük qismi gün-güzaran xətrinə xarici dövlətlərə pənah aparan bir diyarın Yeni il şənliyi üçün bu qədər israfçılıq etdiyini, üstəlik, bunu da düz-əməlli bacarmayıb böyük fəlakətin astanasından geri döndüyünü təəssüf hissilə izləyir və qınayır. Yeni il şənliyindən çox müharibə meydanına andıran bu görüntülər hətta lağ mövzusuna çevrilib.
Xarici telekanallar belə “misli görünməmiş” bu atəşfəşanlığı tənqid edir.
Muxtar Respublika rəsmi KİV-i isə faktı inkar etməyə çalışır, Yeni il atəşfəşanlığının möhtəşəmliyindən dəm vurur.
Atəşfəşanlığın “möhtəşəmliyi”
Maraqlıdır ki, Naxçıvan TV-nin guya Yeni il şənliyindən hazırladığı video-repotajlara da bu “möhtəşəm” iddialar öz damğasını vursa da, nədənsə atəşfəşanlığın uzaqdan çəkilişi nümayiş etdirilir. Üstəlik, həmin görüntülərdə bir neçə fişəngin partladığı göstərilir ki, istər-istəməz sual doğurur: Möhtəşəm dediyiniz budurmu? Aydın görünür ki, Muxtar Respublika hakimiyyəti baş verənləri gizlətməyə çalışır.
Bu möhtəşəmlik hara...
Bu möhtəşəmlik hara?
Ən düşündürücü hadisə isə budur ki, Yeni il şənliyinin müharibə meydanını andıran insidentlə nəticələnməsinə baxmayaraq, Muxtar Respublika rəhbərliyi heç nə olmayıbmış kimi ertəsi gün bayram tədbirlərinə qaldıqları yerdən davam etdirib. Daha yalın üslübla desək, rəhbərlik baş verən qəzanın nəticələrini aradan qaldırmaq əvəzinə, keyfini belə pozmayıb, 1 Yanvar 2020-ci il tarixində də Yeni il şənliklərini təxirə salmayıb, şəhərin mərkəzində əhaliyə pulsuz konsert verib. Naxçıvan TV-nin yuxarıdakı video-reportajında da bu fakt öz əksini tapıb.
Halbuki, Türkiyə mediası yeni təqvim ilinin tamamlandığı gün Naxçıvanda keçirilən “möhtəşəm” atəşfəşanlıqda xeyli insanın yaralandığını xəbər verirdi. Bizim də etibarlı qaynaqlardan əldə etdiyimiz məlumatlar bu iddianı təsdiqləyir. Bildirilir ki, insident zamanı ən azı 50 nəfər yaralanıb. Yaralılar arasında ağır vəziyyətdə olanlar da var.
Yaralılar Ərzuruma aparılıb
Qeyd edək ki, insidentin meydana çıxma səbəbini də aydınlaşdıra bilmişik. Məlumata görə, fişəng mərmilərinin yerləşdirildiyi zenit qurğularından biri yerə yaxşı möhkəmləndirilmədiyindən atəş zamanı aşıb. Açılan atəşlər digər qurğuların da yerlərindən laxlamasına və aşmasına səbəb olub. Nəticədə göydə partlamalı olan fişənglər vətəndaşların arasında atəşlənib və hər kəsin başına od ələnib. Tədbirdə iştirak edən minlərlə insan qaçaraq canlarını böyük fəlakətdən qurtara biliblər.
Əldə etdiyimiz digər məlumatlara görə, atəşfəşanlıqda ağır yaralanan bəzi naxçıvanlılar Ərzurumda bir özəl klinikaya yerləşdirilib.
Bir başqa məlumatda isə bildirilir ki, insident əslində bilərəkdən törədilib. Məqsəd 5 ildir ciddi cəhdlə həyata keçirilməyə çalışılan “muxtar varis planı”nı təxirə salmaq imiş.
“Muxtar varis planı”
İddiaya görə, Fevralın 9-da keçiriləcək seçkilərdən sonra yeni tərkibdə formalaşacaq Ali Məclisin başına Vasif Talıovun kiçik oğlu Seymur Talıbov gətirilməsi planlaşdırılır. Ata Talıbov isə paytaxta daha ali vəzifəyə gətiriləcəkmiş. Onun hətta vitse-prezidentlərdən biri olacağı gözlənilir. Postunu öz oğluna həvalə etməyi düşünən Vasif Talıbov 2015-ci il Ali Məclisə seçkilərdə Seymuru deputat belə seçdirib.
Qeyd edək ki, həmin vaxt ölkənin bir sıra mətbu orqanları da bu addımı “varis planı”nın ilk mərhələsi kimi qiymətləndirmişdilər. “Yeni Müsavat” qəzeti Seymur Talıbovun deputat seçilməsini şərh edərək yazmışdı: “Oğlu Seymur Talıbovun Naxçıvan Ali Məclisinin deputatı seçilməsindən sonra V.Talıbovun Bakıya yüksək vəzifəyə gətiriləcəyi barədə xəbərlər daha inandırıcı sayıla bilər. Artıq Seymur Talıbovun atasının yerinə-Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə hazırlandığı xəbərləri dövriyyəyə buraxılmaqdadır”.
Göründüyü kimi ən azı 5 il bundan əvvəl həyata keçirilməsinə qərar verilən “varis planı” üçün Vasif Talıbovun paytaxta minnətçi düşdüyünü, planın ikinci mərhələsində Seymuru özünün müavini etmək istədiyi vurğulanır. Hətta bu məqsədlə hazırkı birinci müavini Azər Zeynalovu işdən uzaqlaşdırmaq niyyətində imiş və onun qohum-əqrəbalarını tutduqları vəzifədən kənarlaşdırıb. Növbə Azər Zeynalova gəldiyi sırada paytaxtdan gələn mesaj Vasif Talıbovu son addımı atmaqdan çəkindirib. Deyilənə görə, rəsmi Bakı “muxtar varis” planını yaxına buraxmayıb.
Mərkəzi hakimiyyətin bu plana qarşı çıxması Vasif Talıbovun paytaxta gətiriləcəyi təqdirdə onun digər müavinlərinin iştahasını artırsa da, alternativ plan işə salınıb və oğul Talıbov müavin yox, sədrin köməkçisi təyin olunub. Bu da sədrin digər müavinlərini, o cümlədən Azər Zeynalovu xəyal qırıqlığına uğradıb.
Məhz bu səbəbdən də Naxçıvan hüquq-mühafizə orqanlarının atəşfəşanlıq təxribatında digər müavinlərin nə dərəcədə rolu olub-olmadığını bir versiya kimi araşdırdıqları bildirilir.
Atəşfəşanlıq təxribatının digər şübhəlisi - İran
Təxribat versiyasının digər şübhəlisi isə xarici kəşfiyyat orqanlarıdır. Bu məsələdə ən çox cənub qonşumuzun adı hallanır. Çünki bayram atəşfəşanlığını fiaskoya çevirən fişənglər İranda hazırlanıbmış. O da istisna edilmir ki, hər iki şübhəlini məlum təxribatda ortaq maraqlar da birləşdirə bilər. Sözsüz ki, bu iddiaların nə qədər əsaslı olub-olmadığını insidentin obyektiv araşdırılması ilə sübuta yetirə bilər ki, nə yazıq ki, Naxçıvan rəhbərliyi hadisəni gizlətməklə faktiki bu imkanın qarşısını alır. Bununla belə muxtar iradənin yerli təxribatçıları Naxçıvan qaydasında cəzlandıracağı da istisna edilmir.
Ovqat.com
Paylaş: