Dünən MSK 2019-cu ilin dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində səsvermənin yekun nəticələrinə dair qərar qəbul edib. Qərarda rəsmən etiraf olunub ki, 9 dairədə seçkinin nəticələri ciddi şəkildə saxtalaşdırılıb, bundan əlavə 39 seçki məntəqəsində qanun pozuntuları təsbit olunub. Qərara görə, 9 dairədə seçki tamamən ləğv olunub, 12 seçki məntəqəsi isə buraxılıb.
Məlum olduğu kimi, seçki qanunsuzluğu dövləti cinayətdir və hakimiyyəti qeyri-qanuni ələ keçirməyin bir yoludur. Konstitusiyaya görə isə, bu, ən ağır dövləti cinayət hesab olunur. Elədirsə, ağır cinayətin cəzası seçki kommisiyalarını buraxmaqla məhdudlaşdırıla bilərmi? Bu cinayətdə iştirak edənlər necə cəzalandırılmalıdırlar?
İxtiyar Şirin: "Seçkini axtalaşdıranlar da cinayət məsuliyyətinə cəlb olunmalıdır"
Ovqat.com-un sualını cavablandıran Milli Konqres Partiyasının sədri, keçmiş baş prokuror İxtiyar Şirin bildirib ki, o cür saxtakarlıqlar olanda Mərkəzi Seçki Komissiyası həmin məntəqə üzrə nəticələri ləğv edib və əgər seçkinin nəticələrinə təsir edirsə, orada yeni seçkilər keçirilir: "Seçkini saxtalaşdıran da cinayət məsuliyyətinə cəlb olunmalıdır, bu, aydındır, Konstitusiyada da, qanunda da var. Bu barədə Cinayət Məcəllləsində də xüsusi maddələr var. Müvafiq maddə ilə bu saxtakarlıqda iştirak edənlər cinayət məsuliyyətinə cəlb olunur".
Mətləb Mütəllimli: "Bələdiyyə seçkiləri də kütləvi surətdə saxtalaşdırılıb"
Baş prokurorun keçmiş birinci müavini, sabiq deputat, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli isə deyib ki, belə bir cinayət baş veribsə, bu, araşdırılmalıdır: "Təbii ki, onun bir ucu da gedib Mərkəzi Seçki Komissiyasına, Komissiyanın sədri Məzahir Pənahova çatır. Çünki o, uzun illərdir, bu saxtakarlıqla məşğuldur və bu saxtakarlığı törədənlər hamısı məsuliyyətə cəlb olunmalıdır. Təəssüf ki, Azərbaycanda seçkinin saxtalaşdırılması adi hala çevirlib. Əgər elə olmasa, bu YAP rejimi heç vaxt bu qədər hakimiyyətdə qala bilməzdi. Ona görə də, bu, adi haldır. Onlar yalandan gözdən pərdə asmaq üçün elə bir oyun oynayırlar ki, guya, haradasa saxtakarlıq olub, ona görə, nəticəni ləğv edirlər. Faktiki olaraq bələdiyyə seçkiləri də kütləvi surətdə saxtalaşdırılıb. İndi hal-hazırda planlaşdırılan parlament seçkiləri də saxtalaşdırılacaq. Bu hakimiyyətin xilası saxtakarlıqdadır. Divin canı şüşədə olan kimi, YAP hakimiyyətinin də canı saxtakarlıqdadır. O saxtakarlıq olmasa, onlar bir gün də hakimiyyətdə qala bilməzlər".
Saxtaklarlıqda iştirak edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını vacib hesab edən M. Mütəllimlinin fikrincə, bu, dövləti cinayətdir: "Ona görə, ən ağır cəzalara layiq görülməlidirlər. Təəssüf ki, bunlar hamısı bu hakimiyyətin üzərindədir, öz oyunlarıdır. Ona görə də məntəqələrin buraxılması adi bir haldır. Əslinə qalanda bu məsələdə günahkar olan şəxslər hamısı cinayət məsuliyyətinə cəlb olunmalıdır, həbs olunmalıdır".
Qulamhüseyn Əlibəyli: "Komissiya üzvləri törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunmaldır"
Aydınlar Partiyasının sədri, keçmiş deputat, tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli isə qeyd edib ki, qanunvericiliyinin tələblərinin bu və ya digər səbəbdən pozulması ilə seçki komissiyalarının buraxılması özü də məsuliyyətin bir növüdür: "Amma bu seçki komissiyasının buraxılması hələ o demək deyil ki, həmin komissiya üzvlərinin və digər şəxslərin təkcə siyasi yox, hüquqi məsuliyəti istisna olunur. Yəni hər bir komissiya üzvü, sədri buraxılsa da belə, törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Əgər rəsmən etiraf olunursa ki, seçki qanunvericiliyinin tələbləri kobud şəkildə pozulub, onda konkret şəxslər də cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Cinayət Məcəlləsində müxtəlif maddələr var, həmin maddələrlə məsuliyyətə cəlb oluna bilərlər".
Şamo EMİN,
Ovqat.com
Paylaş: