Xəbər lenti

  

İranda vurulan sərnişin təyyarəsinin məsuliyyətini İnqilab Keşikçiləri korpusunun (SEPAH) Hava Kosmik Qüvvələri öz boynuna götürdü. Ölkə prezidenti Həsən Ruhani isə hadisədə günahı olan hər kəsin cəzalandırılacağını bildirdi.

Belə çıxır ki, təyyarə skandalının “qəbzi” SEPAH-a kəsiləcək. Nəzərə alsaq ki, SEPAH İranın dərin dövlətidir və xarici hərbi əməliyyatları həyata keçirir, bu gəlişmələr İranın Yaxın Şərqdən çıxmaq niyyətinin ifadəsi sayıla bilərmi?

 

Sülhəddin Əkbər: "İranın Yaxın Şərqdən çıxmaq niyyəti yoxdur"

 

Ovqat.com-un sualını cavablandıran Azərbaycan-Atlantika Əməkdaşlıq Assosiasiyasının rəhbəri, keçmiş təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər bildirib ki, İranın Yaxın Şərqdən çıxmaq niyyəti yoxdur: "Çünki İran İslam rejiminin hərbi doktrinasından az-çox başı çıxan, ona bələd olan adamlar bilirlər ki, bu, İranın hərbi doktrinasından irəli gələn bir prinsipdir. İran, təbii ki, öz hərbi doktrinasından imtina etməyəcək. Çünki İranın hərbi doktrinası onun mövcud strateji hazırlığına və strateji qüvvələrinə hesablanıb. İran bilir ki, simmetrik qarşıdurmada  mövcud strateji gücü və hazırlıq səviyyəsi Amerika Birləşmiş Ştatları, İsrail və onların müttəfiqləri ilə qarşıdurmaya imkan vermir. Ona görə də, o, rəqibini və yaxud da düşmənlərini öz sərhədlərindən daha uzaqda qarşılamağa, onlara simmetrik cavab verməyə və bundan ötrü də vəkillərindən istifadə etməyə hesablanmış bir strategiya üzərində on illərdir işləyir. Qısa zamanda İran İslam rejimininin belə bir strategiyadan, hərbi doktrinadan vaz keçəcəyini düşünmürəm. Çünki bunun alternativi yoxdur".

Məlumatlara görə, Süleymaninin öldürülməsindən dərhal sonra Putin Suriyada Bəşər Əsədlə görüşüb və ona İsrailin Suriyadakı İrana məxsus hərbi obyektləri bombalayacağı təqdirdə müdaxilə etməmək barədə təlimat verib. Bu məlumat ABŞ-la Rusiyanın Suriya məsələsində razılaşması və İranın bölgədən uzaqlaşdırılması barədə ortaq fikrə gəlməsi ehtimalını gücləndirmirmi?

Sülhəddin Əkbərin bu suala cavabı: "Belə bir danışıqlar gedir və Rusiyada təbii ki, burada maraqlıdır. Amma Rusiya bu siyasəti İranı tam özündən küsdürməmək, ayrı salmamaq üçün tədricən aparır. Lakin Amerika Birləşmiş Ştatları, İsrail və Rusiya arasında, təbii ki, belə bir prinsipal razılaşma vardır".

 

Kamran Sultanlı: "İranın regiondan çıxacağını zənn etmirəm"

 

Politoloq Kamran Sultanlı isə qeyd etdi ki, İranın bu təyyarəni vurmasi ilə bağlı ciddi müəmmalar qalmaqdadır: "Lakin Tehran məhz bir sıra Qərb dövlətlərinin "əlimizdə faktlar var", bəyanatından sonra özü təyyarəni vurduğunu etiraf etdi. Bu İranın imicinə ciddi şəkildə təsir edib. Təbii ki, Ruhani və SEPAH arasında ciddi şəkildə fikir ayrılıqları və ziddiyyətlər var. Ölkə prezidenti ilə olkəyə nəzarət edən əsas qurum bir-birini qətiyyən sevmir. Dünən İranda baş verən etirazlar həm də SEPAH-a qarşı yönəlib".

K.Sultanlının fikrincə, SEPAH ölkədə mühafizəkar, Ruhani isə islahatçı qanadı təmsil edir: "Həmçinin Ruhani SEPAH-ın bu qədər ölkədə nəzarəti ələ almasına isti baxmır. Bunu İran üçün əlavə problem hesab edir. Digər tərəfdən, SEPAH Qərblə anlaşmağa maraqlı deyil, Ruhani və Zərif kimilər Qərblə, başda ABŞ-la anlaşmağa maraqlıdırlar".

İran prezidentinin SEPAH-ın zəiflədilməsinə nail olmayacağını  iddia edən K. Sultanlı bildirdi ki, İran prezidenti özü artıq mövqe itirir: "Ruhaninin buna gücü çatmaz. Birincisi, İranda son olaylar mühafizəkarların mövqeyini gücləndirir. Çünki burada Suleymaninin ölümü və digər məsələlər var. Amma ümumən xalq problemin birbaşa vilayəti-fəqih sistemindən və dini liderdən qaynaqlandığını anlayır".

İranın regiondan çıxacağını zənn etməyən K.Sultanlı diqqətə çatdırıb ki, İran əvəzində SEPAH komandanı Əli Hacızadənin çıxışı ilə müəyyən mesajlar vermişdir: "Belə ki, ilk dəfə olaraq SEPAH komandanın arxasında İranın proksi qüvvələrinin bayraqları yer almışdır. Tehran bununla regiondan çıxmayacaqını, bu qüvvələri dəstəkləyəcəyini mesaj verir. Lakin İranın Süleymaninin ölümündən, həmçinin bu olaylardan sonra proksi qüvvələrlə əlaqəsi zəifləyəcək. Tramp İranın onurğa sütunu sayılan Xamenei rejiminin əsas dayağı SEPAH-ı zərərləşdirmək istəyir".

Sualımızın ikinci hissəsinə gəlincə, K.Sultanlı deyib ki, İranın Qərblə barışması Putinin marağına uyğun deyil: "Putin Suriyaya gəlməklə, həm Ərdoğana mesaj verdi ki, Əsəd burada real gücdür, onunla hesablaş, həm də İranla Rusiya arasında Suriyanın gələcəyi mövzusunda ciddi fikir ayrılıqları var. İran Əsəd ətrafında güclü şiə qruplarının olmasına, Rusiya isə dünyəviləşməsinə maraqlıdır. Yəni Rusiyaya sərf edər ki, İranın Suriyada dayaqları zəifləsin. Belə olan halda, Rusiya Suriyada tək real arbitrə çevrilsin. Təbii ki, digər tərəfdən Putin yəhudi dövlətinin də təhlükəsizliyinə hörmət edir. Amma Putin İsrail-ABŞ-İran üçbucağında maksimum balansı qorumağa çalışır".

Sultanlının fikrincə, Putin hələlik Yaxın Şərqdə balansı qoruya bilir: “Səudiyyə və İran düşməndir, Putinin ikisi ilə də arası əladır. İranla İsrail düşməndir, Putinin ikisi ilə də münasibətləri normaldır. İranla Suriyada müttəfiqdir, eyniliklə İsrailin də Suriyada İrana bağlı proksi qüvvələri vurmasına mane olmur. Putin bununla İsrailə və yəhudi lobbisinə referans edərək, Qərbdə sanksiyaları yumşaltmağa çalışır. İkincisi isə Putin Əsəd vasitəsilə İranın təsirini azaltmağa maraqlı ola bilər. Əsəd özü də indi İrandan daha çox aslı duruma düşmək istəmir. Həmçinin İranın şiə qruplu modeli Suriyada gələcəkdə yenidən dini qarşıdurmaya səbəb ola bilər. Lakin Putin İranın bombalanması və İran rejiminin məğlub edilməsini də istəmir. Bu balansla  Rusiya lideri Yaxın Şərqdə yaxşı mövqe və imic əldə edib".

 Şamo EMİN,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 900          Tarix: 12-01-2020, 19:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma