Xəbər verdiyimiz kimi, ABŞ öz əsgərlərinin İraqdan çıxarılması qərarına yenidən baxılmasa ölkənin hesablarına blok qoyacağı ilə Bağdadı təhdid edib. Dolayısıyla İraqın ABŞ banklarına saxladığı neft kapitalı indi özünün boyunduruğuna çevrilib. Rəsmi Bağdad ona təklif edilən bu seçənəyi qəbul etməsə, iqtisadi cəhətdən ciddi çətinliklərlə üzləşəcək. Qəbul edəcəyi təqdirdə isə ABŞ-İran arasındakı hərbi hesablaşmanın poliqonu olmaqda davam edəcək. Bir sözlə, İraq iki ağır daş arasında qalıb.
İraqın ABŞ banklarında nə qədər vəsaiti olduğu barədə məlumat verilmir. Amma bu vəsaitin neft gəlirlərindən əldə edilən valyuta ehtiyatları olduğu bəllidir.
Azərbaycan da neft ölkəsidir. Bizim də neft gəlirlərimiz Dövlət Neft Fondunda yerləşdirilir. Ötən ilin məlumatlarına görə, Fondda ən azı 44 milyard dollar valyuta ehtiyatı toplanmışdı. Onun 5%-i qızıla, 5%-i daşınmaz əmlaka yatırılmış, qalan 90%-i isə müxtəlif valyutalarla xarici banklarda, beynəlxalq valyuta institutlarında saxlanılır.
Azərbaycan hakimiyyəti Neft Fondunda toplanan bu pulları gələcək nəsillərə saxladığını bildirir. İlk baxışdan, tamamilə haqlıdır da. Təbii sərvətlər bugünkü nəslin alın təriylə qazanılmayıb, milyon illərlə bu torpaqda yaşamış canlı aləmdən damla-damla süzülərək gələcək nəsillər miras qalıb. Deməli, bu sərvətlər üzərində bizim qədər gələcəyimizin də haqqı var və biz də həmin zənginlikdən onlara da pay saxlamalıyıq.
Fəqət ABŞ-ın İraqa məlum xəbərdarlığından sonra belə çıxır ki, beynəlxalq valyuta qurumlarında qoruduğumuz sərvətlər həm bizim, həm də gələcəyimizin xaricdə saxlanılan girovuna çevrilə bilər. Xüsusilə, ABŞ-a bu sahədə ümid bağlamaq olmaz. İstənilən ölkəyə ürəyi istədiyi zaman sanksiyala tətbiq edən Vaşinqton bu sarıdan heç etirbarlı tərəf müqabilinə bənzəmir.
Bəs, görəsən, Azərbaycanın ABŞ-a aid banklarda, maliyyə qurumlarında nə qədər valyuta ehtiyatı toplanıb?
Ovqat.com-un suallarını cavablandıran iqtisadçı ekspert Elçin Qurbanovun fikrincə, bunu demək çətindir: “Çünki nə Azərbaycan Respublikası Dövlət Neft Fondu, nə də xarici valyuta qurumları bu barədə müfəssəl məlumat vermir. Nə də xarici rəsmi mənbələrdən bu barədə ətraflı məlumatlar əldə etmək mümkündür. Fondun İllik maliyyə hesabatlarında uçot siyasətinin şərhi hər kəs üçün anlaşılan deyil, fondun aktivləri, kapitalda dəyişiklik, mənfəət və zərər hesabatı məlumatları beynəlxalq standartlara uyğun auditor rəyi ilə təsdiq edilərək dərc olunur. Aktivlərin yerləşdirildiyi subyetlərin tam təfsilatı əlavə hissə və ya ayrıca təsvirdə nəzərə çarpmır. İllik maliyyə hesabatlarında sadəcə aktivlər, passivlər, öhdəliklər, mənfəət gəlirləri və s. öz əksini tapır, amma aktivlərin saxlanıldığı subyektlər isə göstərilmir.
Üstəlik, valyuta ehtiyatlatımız fərqli hesabat dövrlərində dəyişə bilir. Fondun məlumatlarına görə, vəsaitlərinin bir hissəsi 4 xarici menecerin idarəetməsinə verilib. Dünya Bankı aktivlərin təxminən 223 milyon dollar (0,60%), Deutsche Bank Advisors 99 milyon dollar (0,27%), UBS Asset Management 664 milyon dollardan (1,79%) artıq, State Street Global Advisors (SSgA) aktivlərin 662 milyon dollardan (1,79%) artıq hissəsi və s. İllik hesabatların analizdən belə çıxır ki, Dövlət neft Fondu səhmlər, istiqrazlar, maliyyə qurumlarının idarəetməsinə verilən vəsaitlərdən cəmi 0.2% qazanıb. Dünyanın heç bir ölkəsində 0,2%-lə kreditə pul götürə bilməzsiniz. Daxili bazarda onu çox asanlıqla 10-20 dəfə yuxarı dəyərləndirmək olardı”.
Elədirsə, Azərbaycan hökuməti niyə öz valyuta ehtiyatlarını 0,2%-lik kredit faizi ilə xarici banklarda saxlayır? Əvəzində onlardan 10-20 qat bahasına kredit alıb Azərbaycan vətəndaşlarına dünyanın ən yüksək faizi ilə kredit verir?
"Səhmlərini aldığımız təşkilatların adını ilk dəfə eşidirəm"
Bu müəmmanın səbəbini ekspert də bilmir. Onun sözlərinə görə, səhmlərini aldığımız təşkilatlardan bəzilərini adını ilk dəfərdir eşdir: “Bizim üçün də xeyli maraqlıdır: səhmlər hara qoyulub ki, bizə cüzi gəlir gətirir?
Həmsöhbətimizin dediyinə görə, özəl səhm fondlarının sektorlar üzrə bölgüsü belədir: “Bankçılıq (12%), bank olmayan maliyyə institutları (14%), infrastruktur (41%), bərpa olunan enerji (6%), enerji (5%), neft və qaz (5%), sağlamlıq və təhsil (5%), ümumi istehsalat sahələri (2%), aqrobiznes (1%), digər (9%) Bu qədər təşkilatlara investisiya yatırandan sonra da gəlir qənaətbəxş deyil. Ümumiyyətlə, Fondun investisiya qoyduğu şirkətlərin çoxunun adını ilk dəfədir eşidirəm”.
"Azərbaycandakı müəssisələr Qərbdəkindən daha çox mənfəət gətirir"
O ki qaldı xarici kreditorlardan yüksək faizlə borc almaq əvəzinə Neft Fondunun ehtiyatlarından yararlanmaq məsələsinə, E.Qorbanov bu fikrimizlə qismən razıdır. Onun fikrincə, hökumət vaxtında bu yolu tutsaydı, nə devalivasiya baş verərdi, nə də qeyri-neft sektorunun inkişafında bu qədər ləngiyərdik: “Kiçik bir müqayisə aparacam. Sonuncu ümumi yığıncağından sonra “Kapital Bank” ASC səhmdarlarına nizamnamə kapitalının 32-33%-i qədər dividend verdi. “Cənubtikintiservis” ASC səhmlərinin nominalı 2 manatdır, hər 2 manata qarşı 5 manat dividend yaranmışdı – nominalının 250%-i qədər. Hətta illik dövriyyəsi 250 milyon manatdan yuxarı olan, amma hər səhmə cəmi 1 manat dividend verən “Evrascon” – “Azərkörpü” ilə də müqayisə edəndə NF bu kiçik müəssisəyə “uduzur”. ASC-nin səhmlərinin nominalı 2 manatdır, hər səhmə 1 manat dividend verir – 50% rentabellik var, amma hesablamalara görə, təmiz mənfəəti bundan 99 dəfə çoxdur. “Gəncəkörpütikinti 2” ASC-də nominalı 2 manat olan səhmə qarşı təxminən 7 manat dividend verilib – rentabellik 350%-dir. Ondan əvvəlki illərdə hər səhmə düşən dividendin məbləği 10-12 manat olmuşdu ki, rentabellik 500-600% olub. Halbuki bu müəssisənin illik dövriyyəsi 10-15 milyon manat təşkil edir. Rəqəmlər dəhşətli dərəcədə bir-birindən uzaqdır. Bəzi ekspertlərə görə, əgər Fondun vəsaitləri 4-6%-lə xalqa verilsəydi, ölkədə devalvasiyaya gedilməz, manat da yerindən “oynamazdı”. Ən aşağı faizlə belə, Fond yenə 10-20 dəfə artıq pul qazanmış olardı. Öz yerli təsərrüfatlarımıza 8%-dən kredit verilsəydi, ildə 3 milyard dollar civarında mənfəət əldə etmək olardı”.
Paylaş: