
“New York Times” (NYT) tərəfindən bu gün yayımlanan bir video-görüntu İranın Ukrayna təyyarəsini vurma şəraiti barədə indiyədək irəli sürdüyü arqumentləri alt-üst edəcək mahiyyətdədir.
Ovqat.com xəbər verir ki, yayılan video-görüntüdə təyyarənin bir yox, iki raketlə vurulduğu məlum olur.
Maraqlıdır ki, həmin raketlər bir-birindən 30 saniyə fərqlə atılıb. Bu da İran rəsmilərinin təyyarəni “səhvən” vurduqları barədə irəli sürdükləri iddianı şübhə altına alır.
Xatırladaq ki, SEPAH-ın Hava-Kosmik Qüvvələri komandanı general Əmirəli Hacızadənin mətbuata verdiyi açıqlamaya görə, məxsus radarlar hərbi bazaya yaxınlaşan bir obyekt təsbit etmiş və bunun raket olacağından şübhələnilmişdir. Guya hava hücumlarından müdafiə bölümünün zabitləri obyektin nə olduğunu aydınlaşdırmaq üçün mərkəzlə əlaqə saxlamağa cəhd göstərsələr də, buna nail olmamışlar. Çünki rabitə sistemlərində nasazlıq var imiş. Məcburən, təcili qərar verməli olmuşlar. Əks halda təsbit edilən obyekt raket olardısa, qısa müdddət ərzində öz hədəfini sıradan çıxara bilərdi.
General onu da bildirmişdi ki, məcburi və fövqəladə qərarı vermək üçün onlar 10 saniyə gözləməli olublar. Daha artıq gözləməyin faciə ilə nəticələnəcəyindən ehtiyatlanıb radara yaxalanan obyekti vurmaq məcburiyyətində qalıblar.
“New York Times”-ın ortaya qoyduğu yeni video isə ikinci raketin 30 saniyədən sonra atıldığını təqdiqləyir. Belə çıxır ki, ən azı ikinci raketin təyyarəyə atıldığını SEPAH-ın Hava Kosmik Qüvvələri bilirmişlər.
Görütüdən də aydın olur ki, təyyarə ilk raket zərbəsi zamanı partlamayıb. Qəzetin yazdığına görə, təyyarə ilk zərbədən sonra Tehran Beynəlxalq İmam Xomeyni hava limanına geri qayıtmaq üçün operatordan izn istəyib. Bundan sonra isə onun transponder siqnalı kəsilib və 30 saniyədən sonra ikinci zərbəyə məruz qalıb. İkinci zərbədən az sonra isə təyyarə partlayıb.
Qəzetin təsbitlərinə görə, təyyarə vurulduğu hərbi hissədən cəmi 13 km aralıda, özü də əks istiqamətə uçurmuş. Bu mənada onun həmin hərbi hissəyə atılmış raketlə səhv salınması xeyli şübhəli görünür.
Qeyd edək ki, dünən istefada olan türk generalı Orxan Kösə də təyyarə ilə raketi səhv salmağın mümkünsüzlüyünü bəyan etmişdi. Onun sözlərinə görə, ən azından sürət fərqi İran hərbçilərinə obyektin təyyarə olduğunu deməliydi.
Paylaş: