Ukrayna Beynəlxalq Hava Yollarına aid təyyarənin İranda qəzaya uğramasının səbəbi aydınlaşdı.
Ovqat.com xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş qərargahı təyyarəni səhvən özlərinin vurduğunu etiraf edib.
Rəsmi açıqlamaya görə, təyyarə “həssas hərbi nöqtənin” üzərindən keçdiyi üçün səhvən vurulub. Mütəxəssislər hesab edirlər ki, “həssas hərbi nöqtə” deyilərkən Tehran ətrafındakı SEPAH-a aid hərbi bazalar nəzər tutulur. Mümkündür ki, İran ABŞ hərbi bazalarını vurarkən gözlədiyi cavab zərbələrindən qorunmaq üçün havadan müdafiə sistemlərini açıq vəziyyətə gətirib. Həmin sistemlər sərnişin təyyarəsini də təhlükəli obyekt kimi alqıladığından avtomatik işə düşüb və məlum bədbəxt hadisə baş verib.
Qeyd edək ki, içərisində 9-u ekipaj həyəti olmaqla 176 nəfərin bulunduğu təyyarə İranın İraqdakı ABŞ-a aid hərbi bazaları bombaladıqdan bir neçə saat sonra qəzaya uğramış və qəzadan sağ qurtulan olmamışdı. İran əvvəl bədbəxt hadisənin texniki qəza olduğunu bildirsə də, Boeing şirkətinin “qara qutu”nu incələmək istəyini rədd etmişdi. Bu rədd cavabından sonra Pentaqon əllərində təyyarənin İran tərəfindən vurulmasını təsdiq edən sənədlər olduğunu bildirmiş, ardından Ukrayna Xarici İşlər naziri ABŞ-ın onlara hadisəylə bağlı çox önəmli məlumat ötürdüyünü bəyan etmişdi. İran Baş qərargahının etirafının məhz bu açıqlamalardan sonra gəlməsi onu göstərir ki, rəsmi Tehran sonunda təyyarəni vurduqlarını etiraf etmək məcburiyyətində qalıb.
Xatırladaq ki, Ovqat.com da qəza barədə şərhində bu ehtimal üzərində dayanmış və təyyarənin “9К330" zenit-raket mərmisiylə vurulduğuna dair əldə etdiyi dəlilləri yayımlamışdı.
İranda qəzaya uğrayan təyyarə əslində vurulubmu? – Əsaslı dəlillər var
***
Son dəqiqə məlumatı: Prezident Həsən Ruhani də təyyarəni İranın vurduğunu etiraf edib. O, İran və Ukrayna xalqına baş sağlığı verərək, hadisənin səhv raket atışı nəticəsində baş verdiyini bildirib.
***
Son dəqiqə məlumatı: İran XİN də etiraf bəyanatı yayıb.
Paylaş: