Hafiz Məmmədov
ABŞ-ın 3 yanvar 2020-ci il tarixində həyata keçirdiyi məlum sui-qəsddən sonra Yaxın Şərqdə vəziyyət yenidən gərginləşdi. Trampın vəzifədən kənarlaşdırılması haqqında müzakirələrin getdiyi bir vaxtda belə bir qərar verməsi təsadüfi deyil. Şübhəsiz ki, Trampın sui-qəsd əmrini verməsində İsrail, körfəz ölkələri, ABŞ daxilindəki lobbilərin və ən əsası bəzi Respublikaçıların, eləcə də bürokratların təsiri olmuşdur. Bu qruplar Prezident Trampı İranın regionda ABŞ maraqlarını təhlükəyə atdığını və “cəzalandırılmasınının” vacibliyinə inandıra bildilər. Xüsusilə İsrail tərəfi bu əməliyyatların İranın nüvə silahı əldə etmədən davam etməsini və müxtəlif uzunmənzilli raket mərkəzlərinin vurulmasını istəyir. Trampın yenidən sanksiyaların tətbiqinə yönəlməsi və İranı müzakirələrə dəvət eməsi onun hazırda genişmiqyaslı müharibəyə müsbət yanaşmadığını göstərir. Lakin yuxarıda adıçəkilən qrupların Trampı yenidən qərar dəyişdirməyə vadar edə biləcəyi də bir həqiqətdir.
Hadisələrin gərgin bir fonda davam etməsi və gərginliyin daha da dərinləşməsi Yaxın Şərqdə strateji mövqeyi və önəmi olan Türkiyədən də təsirsiz ötməyəcək. Türkiyədə Prezident Ərdoğanın rəhbərliyi altında Ədalət və İnkişaf Partiyası hökumətinin iqtidar olduğu illər ərzində həm İranla, həm də ABŞ-la gah müsbət, gah da çalxantılı siyasi münasibətləri olmuşdur. Suriyada Əsədi dəstəkləyən İranla yaşanan vaxtaşırı gərginliyin ABŞ-ın PYD-yə silah göndərməsindən sonra azalmağa başladığını müşahidə etmək mümkündür. Türkiyə siyasətçilərinin əsas diqqəti Suriyanın şimalında Amerikan dəstəkli PYD-yə yönləndirmələri və PYD varlığını Türkiyə dövləti üçün əsas təhdid olaraq görmələri Ərdoğanı İran-Rusiya əməkdaşlığına yaxınlaşdıran əsas amil oldu. İran-ABŞ gərginliyinin yenidən yüksəlməsi və hətta toqquşmaların artması halında Türkiyənin hansı mövqe sərgiləyəcəyi, şübhəsiz ki, böyük önəm kəsb edir.
NATO-nun ikinci sayca çox əsgərinə sahib Türkiyə özünün milli maraqlarını qorumaq məqsədilə hazırda İraqın şimalında, Suriyada və Liviyada aktiv şəkildə faəliyyət göstərir. Belə bir mühitdə, əlbəttə ki, Türkiyə siyasətçiləri ABŞ-İran rəqabətinin bir parçası olmaq istəməzlər. Q.Süleymani sui-qəsdindən sonra Türkiyə Xarici İşlər Nazirliyi sui-qəsdi qınamış, Prezident Ərdoğan isə Türkiyənin xarici müdaxilələrə qarşı olduğunu ifadə edərək, bir az da İrana yaxın mövqe sərgiləmişdir. Lakin Türkiyə tərəfi açıq şəkildə, heç bir ölkənin yanında yer almamışdır.
İranın Yaxın Şərq siyasətində çox ciddi güc qazanması, Suriya, İraq, Livan və Yəməndə təsirini daha da artırması, Türkiyənin İrana olan şübhələrini və ehtiyatını artırır. Türkiyə daxilində bəzi təhlilçilərə görə, ABŞ-İran toqquşmaları Türkiyənin yararına olsa da, məsələyə realist nöqteyi-nəzərdən baxanlara görə isə, hər hansı bir qarşıdurma Türkiyəyə faydadan çox zərər gətirəcək. İkinci fikir tərəfdarları İran-ABŞ toqquşmalarının Türkiyəyə təhlükəsizlik və iqtisadiyyat baxımından ciddi zərər vuracağı iddiası üzərindən öz fikirlərini əsaslanıdırırlar. Eyni zamanda bu qrup təhlilçilər İrana tətbiq olunan daha ağır sanksiyalar nəticəsində ciddi maliyyə problemi ilə qarşılaşan İranın yuxarıda adıçəkilən ölkələrdə özünün dəstəklədiyi qrupları himayə etməkdə çətinlik çəkəcəyini də iddia edirlər.
İran-ABŞ böhranının Türkiyəyə zərərləri
Şübhəsiz ki, Yaxın Şərqdə yeni böhranın meydana çıxması Türkiyə üçün təhlükəsizlik təhdidlərinin artmasına səbəb olacaq. Hazırda bütün diqqətini Liviya və Suriya böhranına yönəldən Ərdoğan hökuməti İran-ABŞ böhranının toqquşmaya çevrilməsindən ən çox PKK-nın yararlanacağını yaxşı bilir. Artıq Türkiyə tərəfi İraq və Suriyada yaranan boşluqları PKK-nın necə məharətlə doldurduğunun şahidi olmuşdur. Regionda hər hansı bir dərin böhran sadəcə PKK-nın İraqda və Suriyada yenidən aktivləşməsinə yol açmaz, eləcə də hazırda gizli formada fəaliyyət göstərən İŞİD kimi qrupların da hərəkətə keçməsinə zəmin hazırlaya bilər.
Digər tərəfdən, İranla yaranan böhrandan sonra ABŞ-ın İraq üzərində də təzyiqinin artdığını müşahidə edirik. Tramp administrasiyası hər vəchlə İraqın ən azından tərəfsiz mövqe sərgiləməsinə çalışır. İraqa qarşı sanksiya təhdidi ilə yanaşı, ABŞ ölkə daxilindəki sünni qrupları, narazı şiələri və kürdləri də mərkəzi hakimiyyətə təzyiq olaraq hərəkətə keçirə bilər. Bunun nəticəsidir ki, İraq parlamentində xarici qüvvələrin ölkədən çıxarılması ilə bağlı müzakirələrdə kürd nümayəndələrlə yanaşı sünnilər də iştirak etməmişdi. İraqda uzun müddətdir məzhəbçi siyasətin tətbiqi, sünni ərəblərin hökumətə olan inamını sarsıdaraq, kürdlərə daha da yaxınlaşmasına səbəb oldu. Hadisələrin bu istiqamətdə cərəyan etməsi, İraqın şimalındakı kürd muxtariyyətinin müstəqillik məsələsini yenidən gündəmə gətirə bilər. Şübhəsiz ki, Türkiyə üçün belə bir addım ciddi təhlükəsizlik problemi olaraq qəbul edilir və rəsmi Ankaranın sərt reaksiyası ilə qarşılaşacaqdır.
ABŞ-İran böhranının dərinləşməsinin Türkiyəyə ikinci mənfi təsiri iqtisadiyyat üzərindən olacaqdır. 2012-ci ildə qarşılıqlı ticarətin ümumi həcmi 22 milyard dollar olmuş, hədəf olaraq 30 milyard müəyyən edilmişdi. Lakin ABŞ-ın İrana qarşı iqtisadi sanksiyaları və digər ölkələri bu sanksiyalara tabe tutma cəhdləri, eləcə də hər iki ölkənin iqtisadi inkişafının zəifləməsi nəticəsində bu rəqəm, növbəti illərdə sürətlə geriləyərək 2019-cu ilcə 5.5 milyard dollar olmuşdur. Amerikan sanksiyalarını dəlməklə ittiham olunan Türkiyənin Xalq Bankı (Halk Bankası) rəhbərliyi uzun müddət problemlərlə qarşılaşmışdı.
Bütün bunlardan əlavə, Türkiyənin illik neft və təbii qaz idxalına 45 milyard dollar xərclədiyini nəzərə almalıyıq. ABŞ-İran böhranının dərinləşməsi, xüsusilə neftin bahalaşmasına səbəb olacaq ki, bu da Türkiyənin enerji idxalına daha çox maliyyə vəsaiti xərcləməsinə yol açacaq.
Son olaraq, ABŞ-İran böhranının toqquşmalara gətirib çıxması halında Türkiyədəki NATO hərbi bazalarının ABŞ tərəfindən İrana qarşı istifadə edilməsi üçün Türkiyə parlamentindən icazə çıxmalıdır. Yuxarda sadalanan təhdidləri nəzərə alanda, həm Ədalət və İnkişaf partiyasının, həm də müxalifət partiyalarının əleyhinə qərar vermə ehtimalı böyükdür.
Paylaş: