Xəbər lenti
 
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik:
- Qüdrət bəy, Dağlıq Qarabağ ermənilərinin siyasi liderləri `DQR` ətrafında işğal olunmuş rayonlarımızın hətta "DQR" -in yekun statusunun "DQR"-də referendum keçirilməsi yolu ilə müəyyən olunmasına Azərbaycanın razılıq verəcəyi halda belə qaytarılmasının mümkünsüzlüyünü bildiriblər. Belə bir vəziyyətdə danışıqların davam etdirilməsinin əhəmiyyəti qalırmı?
  
- İndiki halda möcüzə baş verməlidir ki, biz torpaqlarımızı geri qaytara bilək. Möcüzələr isə yalnız nağıllarda baş verir. Torpaqlarımızı qaytarmaq istəyiriksə işğalçı erməni ordusunu döyüş meydanında  məğlub etməliyik. Yalnız bu halda erməniləri ədalətli sülhə məcbur edə bilərik. Bunun üçün təcili peşəkar ordu qurmalıyıq. Danışıqları Ermənistanla yox, onu özünün forpostu elan etmiş Rusiya ilə aparmalıyıq ki, o münaqişənin həllinə imkan versin. Bu halda biz Rusiyanın liderliyi ilə yaradılmış bütün regional birliklərə üzv ola bilərik. Yox, əgər Rusiya indiki vəziyyətin qorunub saxlanması mövqeyində qalarsa, o zaman Azərbaycan qardaş Türkiyənin üzv olduğu NATO-ya qoşulmaq  istiqamətində fəaliyyətə başlamalıdır. Zaman keçir, işğal altındakı torpaqlarımızda doğulmuş soydaşlarımız dünyasını dəyişir, qarşılığında isə işğal altındakı torpaqlarımızda qanunsuz məşkunlaşmış ermənilər doğub törəyir, həmin torpaqları öz vətənləri sayırlar. Biz İrəvanı, Zəngəzuru, Göyçəni itirdiyimiz  kimi Qarabağı da itirmək istəmiriksə hərəkətə keçməliyik. Torpaqlarımızı işğaldan azad etmək üçün ciddi qərarların qəbul edilməsi zamanı çatıb. Bu gün Rusiyanın baş nazirinin, xarici işlər nazirinin valideyinlərindən biri ermənidirsə, sabah belə şəxslər müdafiə naziri də, hətta prezident də olub Rusiyanın xarici siyasətini müəyyənləşdirə bilər. ABŞ və Fransadan isə ədalətli mövqe gözləməyə dəyməz. Bu dövlətlərin siyasiləri bizə görə heç vaxt öz ölkələrindəki güclü erməni diasporası ilə, beynəlxalq hüququ müdafiə etmək naminə, münasibətləri korlamayacaqlar. Görün işğal dönəmində həmin ölkələrdə nə qədər liderlər, hakim partiyalar  dəyişib, amma həmin ölkələrin işğala münasibəti dəyişməyib. Hazırda ABŞ-da ədalət mühakiməsi adına məzhəkə adlandırılan Prezidentə qarşı impiçment prosesi bir daha təsdiq edir ki, bu ölkənin siyasi elitası öz siyasi maraqları naminə heç nədən çəkinmədən, dünyada haqq-ədalət, demokratiya üçün dəstək istəyənlərin ümidlə baxdığı ABŞ-ın nüfuzuna hansı zərbənin vurulduğunu belə veclərinə almadan, qanun və hüquq adına nə varsa hamısını bir kənara tullayıb, ağa qara deyə bilirlər. Kimin (respublikaçıların, yaxud demokratların) haqlı olmasından asılı olmayaraq ən azından Konqresin yarısı belə davranır. Çünki təfəkkür prosesi  haqqında olan məntiq elmi deyir ki, bir birinə tam əks olan iki fikirin ikisi də eyni zamanda doğru ola bilməz. Öz ölkəsi üçün belə davrananlar görün bizim üçün beynəlxalq hüquqla necə davranarlar və davranırlar. Xalqımız torpaqlarını azad etmək istəyirsə bütün bunları nəzərə alıb fədəkarlıq və qəhrəmanlıq nümayiş etdirməlidir. Heç kim bizim əvəzimizə bizim torpaqları bizim üçün azad etməyəcək.
  
- Qüdrət bəy, Asiya FK-nın qırarına əsasən İranın futbol komandaları Asiya Çempionlar Liqasındakı ev oyunlarını təhlükəsizlik səbəbindən İranda keçirə bilməz. Həmin oyunların qonşu ölkələrdən birində keçirilməsi tövsiyyə olunub. Azərbaycanın həmin oyunlara ev sahibliyi etməsi   ideyasına necə baxırsınız?
 
- Çox istərdim ki, Asiya Futbol Konfederasiyası öz qərarını dəyişsin və İran komandaları öz ölkələrində öz azarkeşləri qarşısında oynasın.Amma qərar dəyişməzsə mən əminəm ki, xalqımız və hökumətimiz həmin oyunların Azərbaycanda keçirilməsini alqışlayardı.İnanıram  ki,xalqımız İranın həm də cənublu soydaşlarımızın dövləti olmasını,farslarla minilllik tarixi və mədəniyyəti bölüşdüyümüzü,İranın yaxın qonşumuz olmasını,həmin klublarda azərbaycan türklərinin də oynadığını  nəzərə alıb İran komandalarına azarkeşlik edərlər.Yarışların yüksək səviyyədə keçirilməsi üçün isə beynəlxalq standartlara cavab verən müasir stadionlarımız və təcrübəmiz vardır.Onu da qeyd edim ki,biz əsasən işğalçı Ermənistanla qardaşlaşdığı və ona dəstək verdiyi üçün İranın bu istiqamətdə rəsmi siyasətini  tənqid edirik. Amma idman siyasətdən kənar tutulmalı və hər iki ölkə insanının daha da yaxınlaşmasına xidmət etməlidir. Bu həm də ölkəmizdə  turizmin inkişafına töhfə verməklə yanaşı  Azərbaycanın Asiya ölkələrində yaxşı mənada təbliğinə yol açardı.



Ana səhifəyə qayıt        Baxış: 1 691          Tarix: 26-01-2020, 22:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma