“Azərbaycan torpaqlarının işğalından keçən son 25 ildə ilk dəfədir ki, torpaqlarımızı işğaldan azad edə bilməmiz üçün əlverişli beynəlxalq şərait yaranıb. Azərbaycan çalışmalıdır ki, Qırğızıstandakı sammit zamanı Türk dövlətləri münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair bəyanatla çıxış etsinlər“.
Strateq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevsentyabrın 3-də Qırğızıstanda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 6-cı sammitindən gözləntiləri Moderator.az-a şərh edərkən deyib.
Qüdrət Həsənquliyev sammitin keçirildiyi vaxta diqqət çəkərək qeyd edib ki, Azərbaycan tərəfi bu sammit zamanı Türk dövlətlərinin Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair bəyanatla çıxış etməsinə çalışmalıdır:“İlk növbədə Özbəkistan prezidentinin tədbirə qatılması çox təqdirəlayiq haldır. Bundan başqa, sammit Azərbaycan üçün çox həssas bir vaxtda keçirilir. Azərbaycan torpaqlarının işğalından keçən son 25 ildə ilk dəfədir ki, torpaqlarımızı işğaldan azad edə bilməmiz üçün əlverişli beynəlxalq şərait yaranıb. Ermənistan ciddi siyasi böhran yaşayır. Belə bir ərəfədə Azərbaycan çalışmalıdır ki, Türk dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə yox, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair bəyanatla çıxış etsinlər”.
Q.Həsənquliyev həmçinin hesab edir ki, Azərbaycan bu şuranın “Türk Dövlətlərinin Əməkdaşlıq Şurası” adlandırılması təşəbbüsüylə də çıxış edə bilər:“İndi belə başa düşülür ki, bizim yalnız dilimiz eynidir və birləşdirici faktor məhz budur. Halbuki, türk xalqları bir-birindən ayrı düşdüyü üçün dilləri xeyli dəyişib və bəzi xalqlar bir-birini başa düşmür. Eyni zamanda mədəni əlaqələrin və iqtisadi əməkdaşlığın inkişafına ciddi təkan verə biləcək qərarlar qəbul olunmalıdır. Qardaş Türkiyə Respublikasına dəstək ifadə olunmalı, tövsiyə olunmalıdır ki, Rusiya ilə münaqişənin çözülməsi zamanı göstərdiyi müdrikliyi ABŞ-a münasibətdə də nümayiş etdirsin və müttəfiqləri ilə münasibətlərini daha yüksək səviyyəyə qaldırsın.”
Paylaş: