Qüds gücünün bir nömrəli adamının ortadan qaldırılması İranın hərbi-ideoloji təşkilatının regional roluna necə təsir göstərəcək və yeni təyinatlar Qüds gücünün əməliyyat qabiliyyətinin aşağı düşməsinə səbəb ola bilərmi?
Qüds Gücü və Süleymani Faktoru
Qüds gücü İnqilab Keşikçiləri Korpusunun (SEPAH) beş ayrı qüvvəsindən biridir və xaricdə hərbi əməliyyatlar aparmaq vəzifəsini yerinə yetirir. Bu qüvvə İran-İraq müharibəsi zamanı İraq ərazisində əməliyyatlar aparmaq üçün yaradılıb. Qüds gücü əvvəlcə "Baas müxalif şiələri", sonra isə ölkənin şimalındakı kürdlər əleyhinə hərbi birləşmələri dəstəkləyərək İraq ordusuna qarşı əməliyyatlarını davam etdirirdi. Bundan əlavə, sözügedən qüvvə İranın şərqində yerləşən Əfqanıstan və Pakistan şiə birləşmələrinə, müqavimət gücü olaraq gördüyü əsasən şiə və ərəb dövlətlərinə qarşı kəşfiyyat və maddi-texniki dəstək verirdi.
Qüds gücü qüvvələrinin təməli İran-İraq müharibəsi dövründə atılsa da, 1997-ci ildə komandir təyin olunana qədər Qasim Süleymani haqqında az şey məlum idi. Qasim Süleymaninin Qüds gücü üçün bir dönüş nöqtəsi xarakteri almasının səbəbi, müharibə dövründə İnqilab rəhbəri Xamenei ilə ortaq bir ideoloji cizgidə hərəkət edən nadir komandirlər sırasında olması idi. Süleymaninin İslam Respublikası və Xamenei üçün özünəməxsus mövqeyinin ən konkret əlaməti budur ki, o, 40 ildir mövcud olan Qüds gücünə 22 il komandanlıq edərək İranda ən yüksək hərbi mükafat olan "Zülfiqar Ordeni"ni alan yeganə komandir idi. Qazandığı xüsusi çəki ilə Qasim Süleymani SEPAH-a tabe olan Qüds gücünü müstəqil bir qüvvə halına gətirmişdi. Bundan əlavə, Xameneinin yanındakı xüsusi mövqeyi sayəsində ən strateji qərarlarını SEPAH rəhbərliyi ilə deyil, birbaşa İnqilab rəhbəri ilə məsləhətləşərək verirdi.
Qasim Süleymaninin regional siyasətə təsirinə gəlincə, şəxsi səyləri ilə əslində İslam Respublikasının Yaxın Şərq təhlükəsizlik strategiyasının əsas memarı olduğunu deyə bilərik. Bu baxımdan Süleymani, ilk növbədə, şəxsi ünsiyyət gücü və ərəbcə səlis danışması ilə İranın regional siyasətində fərqlilik yaratdığını xatırlatmaq faydalıdır. Bu keyfiyyət İran və müttəfiqləri, xüsusən də Suriya prezidenti Bəşər Əsəd və Hizbullahın baş katibi Həsən Nəsrullah arasında davamlı və vasitəsiz görüşlər keçirməyə imkan verirdi. Süleymaninin fərdi xarizması ilə birlikdə bu keyfiyyət “Ərəb baharı”ndan sonra İranın Yaxın Şərqdəki siyasi və əməliyyat gücünün İran və müttəfiqlərini birləşdirərək mühüm rol oynadı.
Unutmaq olmaz ki, Süleymani həm də İran-ərəb dünyası münasibətlərində həlledici rola malik idi, eyni zamanda İran-Rusiya strateji əlaqələrinin de-fakto cavabdehi, Putin və Rusiya hərbi elitası qarşısında bacarıqlı və cəsur general imicinə malik idi. Bununla əlaqədar, bir neçə il əvvəl onun Rusiyaya getməsi ilə bağlı bəzi xəbərlər yayılanda Xameneinin beynəlxalq məsələlər üzrə baş məsləhətçisi Əli Əkbər Vilayətinin İranın Yaxın Şərqdəki görüşlərində sükan tutan Süleymani üçün istifadə etdiyi bu ifadələrə diqqət yetirmək lazımdır. "Süleymaninin İran və Rusiya arasındakı terror qruplaşmaları ilə müharibəsində Rusiya hakimiyyəti ilə görüşməsi təbiidir, xüsusulə də İranın Rusiya ilə ittifaqının genişləndiyi bu dövrdə."
Süleymaninin komandanlığı ilə Qüds gücü İslam Respublikasının təhlükəsizlik strategiyalarını həyata keçirməklə yanaşı, Xarici İşlər Nazirliyini kölgədə qoyaraq, İranın Yaxın Şərqdəki səfirliklərinə nəzarəti belə öz əlinə almışdı. İranın Livan, Suriya və İraq kimi ölkələrdəki səfirlərinin, o cümlədən Qüds gücü komandanı general-mayor Qasim Süleymaninin sabiq baş məsləhətçiliyini etmiş, hazırda İranın Bağdaddakı fövqəladə səfiri kimi fəaliyyət göstərən İrəc Məcidinin də Qüds gücünün keçmiş əməkdaşları olması bunun ən bariz sübutudur. Bu mənada, hərbi və təhlükəsizlik sahələrində tam səlahiyyətlərə sahib olan Süleymani həm xarici işlər naziri Cavad Zərifdən, həm də ali rəhbərin diplomatik sahədə baş məsləhətçi Vilayətidən üstün mövqedə idi.
Süleymani Boşluğunu doldurmaq və Yeni Komandanlıq Modeli
Qüds gücü Süleymaninin rəhbərliyi dövründə formalaşdığını və genişləndiyini nəzərə alsaq, hərbi korpusun yeni komandiri Süleymaninin yerini doldurmaqda və İranın Yaxın Şərqdəki təhlükəsizlik, hərbi və diplomatik sahələrdə effektivliyini qorumaqda böyük çətinliklərlə üzləşəcəkdir. Qüds Gücünün qarşılaşdığı əsas çətinliklər iki əsas problemdən qaynaqlanır:
a- General-mayor İsmayıl Qaani Xameneinin nəzərində Süleymaninin şəxsi nüfuzuna sahib deyil və yəqin ki, onunla xüsusi bir əlaqə qurmaq üçün xeyli vaxt lazım olacaqdır.
b- Qaani son 12 ildə İranla müttəfiq olan etibarlı qrupların rəhbərləri və komandirləri ilə təmasda olsa da, onun əsas missiyası İranın şərqi ilə məhdudlaşmışdı. Buna görə də Qaani Yaxın Şərqdə İranın Süleymani vasitəsilə dəstəklədiyi qeyri- rəsmi aktyorlarla şəxsi münasibətləri bərpa etmək və əlində saxlamaq gücünə malik deyil.
Başqa bir komandirin Süleymani ilə əvəz edilə bilməyəcəyini anlayan Xamenei Qüds gücündə yeni bir komanda anlayışı formalaşdırmağa çalışır. Bununla əlaqədar, Əfqanıstan və Pakistana cavabdeh olan Qaaninin yuxarıda göstərilən iki boşluğunu doldurmaq üçün briqada generalı Məhəmməd Hicazini onun müavini təyin etdi. Hicazinin hərbi keçmişini, Hizbullahın həssas güdümlü raket proqramına rəhbərlik etməsini, Rəhbərlik Ofisi (Xameneinin ofisi nəzərdə tutulur) və institusional təşkilatla dərin əlaqəsini, daxili siyasətdəki mövqeyini nəzərə alsaq, onun əslində Qaaniyə müavin deyil, eyni səlahiyyətli şəxs kimi təyin olunduğunu anlaya bilərik. Bu baxımdan deyə bilərik ki, Hicazi ilə Qaani və Qüds Gücününn idarə edilməsində faktiki iki ortaq olacaqlar.
Qüds gücünün fəaliyyət göstərdiyi ölkələrdə baş verə biləcək idarəetmə problemi və mümkün həll yolları |
||
Ölkələr |
Missiyalar |
Süleymani sonrası |
İraq |
İrana yaxın hökumətlərin yaradılması. Haşdi Sabi gücünü qorumaq və İraq Kürd Regional Rəhbərliyi ilə əlaqələri idarə etmək. |
Əbu Mehdi Mühəndisin yoxluğunda İranla yaxınlığını qorumaq şərtilə Müqtəda əs-Sədr dəstəklənəcək. |
Suriya |
Rəsmi Dəməşqlə bərabər müttəfiq hərbi birlikləri quraraq Əsəd hakimiyyətinin davamlılığını qorumaq |
Süleymanidən sonra yaranacaq boşluqda “Müqavimət mərkəzi”nin idarəçiliyi Hicazinin və Hüseyin Həmiyənin nəzarəti altında Livan Hizbullahına veriləcək. |
Livan |
Hizbullahı qeyd-şərtsiz dəstəkləmək və bu hərəkatın ölkə ordusu, hökumət kabineti və ümumiyyətlə ölkə siyasətinin bütün sahələrində təsirini artırmaq. |
İran-Hizbullah əlaqələrinin sistematik və tarixi mahiyyətinə görə Süleymanidən sonra ciddi bir boşluq müşahidə olunmur. |
Yəmən |
Səudiyyə Ərəbistanının təzyiqləri altında Husi hökumətinin davamlılığını qorumaq. |
Kaani və Hicazi'nin bu sahədə komanda təcrübəsi yoxdur. Bununla əlaqədar Yəmən xüsusi güclərlə təchiz edilmiş və bu bölgədə təcrübəsi olan Abdolreza Şahlaeyinin komandanlığı altında olacaqdır. |
Qəzza zolağı |
İsrailə qarşı Həmas və İslami Cihad kimi qrupları qeyd-şərtsiz dəstəkləmək. |
Hicazi və Qaaninin Qəzzadakı vəziyyətə ortaq nəzarət edəcəyi gözlənilir. |
Əfqanistan |
Əvvəlki kimi İrana yaxın olan və dövlət daxilində daha çox nüfuz qazanan siyasi və ya silahlı qrupları dəstəkləmək. |
General Qaani əvvəllər Əfqanıstanla əlaqəli olduğundan Qüds Qüvvələrinin Əfqanıstanda fəaliyyətinin artacağı və ABŞ ilə Taliban arasında sülh danışıqlarını pozmağa çalışacağı təxmin edilir. |
Proyeksiya
- Qüds Qüvvələrinin İranın siyasi-hərbi elitasından əvvəlki imici və müəyyənediciliği Qasim Süleymaniylə böyüdü. Bu baxımdan, Süleymaninin yoxluğunda Qüds gücü üçün SEPAH-dakı yüksək qərar qəbulediciliyindəki əvvəlki təsirini qorumaq olduqca çətin görünür.
- Böyük ehtimalla, yaxın gələcəkdə Briqada generalı Qaani bölgəyə səfər edəcək və Süleymani kimi sahədəki fəal komandir imicini yaratmağa və vəkil qruplarının rəhbərləri ilə şəxsi əlaqələrini möhkəmləndirməyə çalışacaq. Digər tərəfdən, Qaaninin Qüds gücü komandiri təyin edilməsindən sonra HƏMAS, İslami Cihad və Haşdi Sabi liderləri Tehran səfərinə çıxdılar. İranın digər vəkalət qruplarının liderlərinin də gizli və açıq şəkildə İrana gedəcəyi və Qüds gücünün yeni komandiri ilə görüşəcəyi güman olunur
- Son zamanlar müşahidə olunduğu kimi, Süleymaninin və xüsusilə əl-Mühəndisinin itirilməsilə Qüds gücünün İraqdakı fəaliyyəti iflic oldu. Qüds gücünün Komandanlıq Şurasında İrec Mesici, Həsən Danaifer, Həsən Kazımi Qumi, Pelarek və Məhəmməd Calalməab kimi təcrübəli generalların İraqda uzun müddət fəaliyyət göstərməsi Süleymaninin yerini dolduracağı ehtimalını yaratsa da, eyni sözləri əl-Mühəndisi üçün söyləmək çətindir. Əl-Mühəndisini əvəz edəcək birinin tapılması mümkün görünmür. Bu vəziyyətdə Qüds gücünün İraqdakı fəaliyyətinin effektivliyinin azalacağı ehtimalı var.
- Qüds gücünün yeni komandanlıq heyəti Xameneidən xüsusi dəstək almasına və bölgədəki proksi qrupları ilə siyasi və hərbi əlaqələr qurmasına baxmayaraq, ABŞ-ın onların hamısını hədəfə almaq ehtimalı var və bu da İrana bağlı qüvvələr üçün ən böyük təhdiddir.
Hadi Khodabandeh Loui,
Təhlükəsizlik eksperti
Tərcümə Ovqat.com-a aiddir
Paylaş: