Xəbər lenti

 

  

"Əlimizdə qapı kimi Adana sazişi var. Nə lazımdırsa, edərik. Suriya hökuməti ilə 1998-ci ildə imzaladığımız Adana sazişi Türkiyəyə lazım gələndə Suriya torpaqlarında hərbi əməliyyat həyata keçirmək haqqını tanıyır”.

Ovqat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan dünən AKP millət vəkilləri ilə keçirdiyi görüşdə Suriya ordusunun Türk əsgərlərini şəhid etməsini pisləyərkən belə demişdi.

Onun sözlərinə görə, 8 Türk əsgərinin öldürülməsi, bir neçəsinin isə yaralanması ilə nəticələnən bu hücum Suriyada yeni bir dövrün başlanğıcı olacaq: “Türk əsgərinin qanının axdığı yerdə heç bir şeyin eyni şəkildə davam etməsinə imkan verə bilmərik".

Prezident Ərdoğan həmçinin Suriyaya fevral ayının sonuna qədər İdlibdən çəkilmək möhləti vermişdi.

 

 

Rəsmi Dəməşq isə möhlətin bitməsini gözləmədən Ərdoğana cavab verib.

Suriyanın Xarici İşlər Nazirliyinin adı çəkilməyən nümayəndəsi ölkənin rəsmi xəbər agentliyi SANA-ya açıqlamasında Ərdoğanın iddialarının əsassız olduğunu bildirərək deyib ki, terrorla mübarizə barədə Adana sazişi ikitərəfli razılaşmadır və buna görə də Türkiyə razılaşmaya əsasən, birtərəfli hərəkət edə bilməz: "Adana sazişi Terrorizmlə mübarizə və iki ölkə arasında sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə imzalanıb. Türkiyənin Suriyada gördüyü işlər isə öz kukla terrorçularına dəstək verməkdir və bu müdafiə müxtəlif yollarla davam etdirilir. Türkiyə Prezidentinin açıqlamaları yalandan ibarətdir və Astana, Soçi və Adana sazişinə heç bir aidiyyatı yoxdur".

 

Qeyd edək ki, 1998-ci ildə Suriya üzərindən Türkiyəyə edilən PKK hücumlarının artması və təşkilat lideri Abdullah Öcalanın Suriyanın şimalında məskunlaşmasının ortaya çıxması Ankaranı hərəkətə gətirmiş, Türk ordusu Suriyanın sərhədlərinə toplanmışdı. Müharibə təhlükəsindən çəkinən Hafiz Əsəd sonunda danışıqlara başlamış və oktyabrın 9-da Öcalanı ölkəsindən qovmağa məcbir olmuşdu. Üzərindən 11 gün keçdikdən sonra - 20 oktyabrda iki dövlətin hərbçiləri arasında Adanada görüş keçirilmiş və məlum saziş imzalanmışdı.




Ana səhifəyə qayıt        Baxış: 655          Tarix: 6-02-2020, 17:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma