“Trampın “Yaxın Şərq Sülh Planı” bölgədə sülhü və sabitliyi təhdid edən bir xəyaldır. Bu xəyalın gerçəkləşməsinə imkan verməyəcəyik və bu planı tanımırıq”.
Ovqat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prezident Rəcəb Təyyub Ərdoğan Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən Parlamentlərarası Platformanın Üçüncü Konfransına göndərdiyi məktubda bunları yazıb.
Ərdoğan belə bir dövrdə bu konfransın təşkilini mənalı və vacib hesab etdiyini qeyd edərək bildirib:
“Fələstin illərlə işğala, dağıntıya və ağrılara məruz qalsa da, İsrail ədalətsiz və qanunsuz bir şəkildə mövcud sərhədlərinə çatıb. Türkiyənin Qüdsün ilhaqına səssiz qalması və fələstinli qardaşlarını bu mübarizədə tək buraxması mümkün deyil. Bir daha vurğulamaq istəyirəm ki, Qüds bizim qırmızı xəttimizdir”,-deyə Türkiyə prezidenti əlavə edib.
Türkiyə prezidentinin fikrincə, müsəlman ölkələri olaraq bu müddətdə ən vacib məsuliyyətimiz Məscidi-Əqsanın məhrəmiyyətini qorumaq, Qüdsü və fələstinlilərin hüquqlarını müdafiə etməkdir.
“Bütün dünyaya, xüsusən də Orta Şərqə təsir edəcək bir prosesin başlaması demək olan bu addıma rəğmən, bəzi İslam ölkələrinin apardığı siyasət kədərli bir mənzərə yaradıb. İsrail rəhbərliyi tərəfindən nümayiş etdirilən ədalətsizliyi, haqsızlığı, qəddarlığı və qırğınları bəzi İslam ölkələrinin bu işğal planının tərəfdarı kimi mənimsəməsi qəbuledilməzdir. Unutmaq olmaz ki, Qüds təkcə Fələstindəki müsəlmanların deyil, bütün İslam dünyasının şərəfi və ortaq davasıdır”,- Türkiyə prezidenti vurğulayıb.
Ərdoğanın sözlərinə görə, yaşanan hadisələr bir daha göstərdi ki, İslam dünyası bölünməkdən, parçalanmaqdan və fikir ayrılığından əl çəkmədikcə, İsrail və tərəfdarları xain planlarını həyata keçirməyə davam edəcəklər: “Müsəlmanlar bir araya gəlməli, bütün dünyada ədalətsizliyi aradan qaldırmaq və müsəlmanların, xüsusən də Fələstinin ortaq problemlərini həll etmək üçün çiyin-çiyinə vuruşmalıdırlar. Qüdsdə və Fələstində edilən zülmlərə etirazımızı bildiririk, sülhü, ədaləti və müstəqilliyi müdafiə etməyə davam edəcəyik. Ən böyük istəyimiz budur ki, İslam ölkələri Qüdsün İslam dünyası üçün əhəmiyyətinə uyğun qərarlarını göstərsinlər”.
Şamo
Ovqat.com
Paylaş: