Xəbər lenti

  

Xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələrinə aid 900 ağır texnika dünən gecə Suriyanın İdlib vilayətinə göndərilib. Bölgədən gələn digər xəbərlər isə Suriya ordusunun da bekar dayanmadığını, ötən ayın ikinci yarısında başlatdığı İdlib əməliyyatı çərçivəsində indiyədək xeyli ərazini ələ keçirdiyini göstərir.

Ovqat.com-un Suriya ordusunun rəsmi xəbərlərinə əsasən verdiyi məlumata görə, rejim qüvvələri İdlib və Hələb ətrafında davam edən əməliyyatlarda 600 kvadrat kilometrdən çox ərazini nəzarətə götürüblər.

 

Rejimin verdiyi açıqlamada o da vurğulanır ki, son günlər bölgədə aparılan əməliyyatlar çərçivəsində onlarla kənd və qəsəbə, o cümlədən Maarat el-Numan və Serakib kimi strateji önəmli dayışan yaşayış məntəqələri ələ keçirilib.

Suriya İnsan Haqları Müşahidə Qrupu da (SOHR) bölgədəki son vəziyyətlə bağlı məlumat yayıb. Bildirildiyinə görə, rejim qüvvələri Hələb və Dəməşqi birləşdirən M5 beynəlxalq şosse yolunu nəzarəti ələ keçirmək üzrədirlər və hədəfə sadəcə iki kilometr məsafə qalıb.

"Rejim qüvvələri bu gün Hələbin cənub-qərb kəndlərində yeni irəliləyişlər edib və M5 yolunun yaxınlığında bir neçə kəndi nəzarət altına alıb. Suriya ordusu M5-dən cəmi iki kilometr uzaqlıqdadır”, - SOHR direktoru Rami Əbdürrəhman AFP-yə açıqlamasında deyib.

 

Qeyd edək ki, M5 kimi tanınan yol rejim üçün böyük əhəmiyyət daşıyır. Suriyanın ikinci böyük şəhəri kimi tanınan Hələbi paytaxta bağlayan M-5 şosse yolunun bir hissəsi ötən illərdə həyata keçirilən hücumlar zamanı tədricən nəzarət altına alınmışdı. Digər hissənin isə hələ də Heyət üt-Təhrir üş-Şam (HTŞ) adlı təşkilatın nəzarətində qalması həmin şossedən effektli istifadə olunmağa imkan vermir. Yol tamamilə nəzarət altına alınmazsa, Suriyanın şimalı ilə cənubu arasında iqtisadi əlaqələri, hərbi logistikanı tam bərpa etmək mümkün olmayacaq.

 

Bilindiyi kimi, Türkiyə və Rusiya arasında Soçidə əldə olunan razılaşmaya əsasən, İdlib və ətrafında rejim gücləri ilə müxalif qrupların olduğu sahələri bir-birindən ayrıraraq əsgərdən təmizlənilmiş bölgə qurulması nəzərdə tutulur. Razılaşmaya əsasən, HTŞ-ni buna razı salmaq Türkiyənin öhdəsinə düşür. Bu məqsədlə Türkiyə bölgədə 12 müşahidə postu qursa da, ön görülən hədəfi reallaşdıra bilməyib. Rusiya və Suriya da bu faktı əsas gətirib İdilib və Hələb ətrafında hərbi əməliyyatlara başlayıb.

  

Suriya ordusunun artilleriya atəşi nəticəsində ötən həftə 8 türk əsgəri öldürülmüş, bu da Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın sərt qınağına səbəb olmuşdu. Hadisə ilə bağlı çıxış edən prezident Suriyaya İdlibi boşaltmaq üçün fevralın sonuna qədər vaxt vermiş, amma bu tələb rəsmi Dəməşq tərəfindən rədd edilmişdi. Atəşi dayandırmaq əvəzinə əməliyyatlarını daha da genişləndirən Suriya ordusunun hərəkətinə cavab olaraq Türkiyə də öz əlavə ordu birliklərini dünən bölgəyə göndərmişdi.

 

Qeyd edək ki, ABŞ da bu məsələdə Türkiyəni dəstəkləyib və İdlib əməliyyatında Rusiya, Suriya ilə yanaşı İranı da qınayıb. Əldə etdiyimiz məlumata görə, İdlib əməliyyatında həqiqətən İrana bağlı qüvvələr iştirak edirlər. Xüsusilə M-5 şosse yolunun təmizlənməsinin Hizbullaha və İrana bağlı Fatimiyyun batalyonuna tapşırıldığına dair məlumatlar var. Bildirilir ki, hazırda 600-800 civarında Fatimiyyun əsgəri və yüzlərlə Hizbullah silahlısı bu bölgədə HTŞ-ə qarşı döyüşür.

 

Onların həmin əraziyə göndərilməsinin başqa önəmli səbəbləri də var. Belə ki, bu zamana qədər əsasən Suriyanın mərkəzində və şimalında yerləşdirilən Fatimiyyun batalyonu və Hizbullahçılar İsrailin hava hücumlarına məruz qalır, çox sayda əsgərlərini itirirdi. İran və Suriya ordusu isə problem böyüyər deyə, İsrail təyyarələrinə adekvat cavab verməkdən çəkinirdilər. Məhz bu səbəbdən həmin qüvvələrin İdlibə göndərilməsi onların təhlükəsizliyi baxımından da uyğun görülüb.

 

Məlumatlara görə, xüsusilə İranın ən yaxşı savaşçıları sayılan əfqan muzdlularının İdlib ətrafına göndərilməsi savaşın seyrini Əsəd ordusunun xeyrinə dəyişib.  Fatimiyyun batalyonunun sayəsində İdlibdəki HTŞ qüvvələrinin pərən-pərən düşdüyü bildirilir. Çünki onlar ağına-bozuna baxmadan döyüşür, mülki şəxs-döyüşçü ayırımı etmirlər. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, rejimin dekabr ayının əvvəlindən bəri həyata keçirdiyi əməliyyatlarda təkcə HTŞ qüvvələri deyil, mülki vətəndaşlar da hücumlara məruz qalıb, nəticədə 1 milyona yaxın insan İdlib və Hələbdən qaçmağa məhkum olunub.

 

SOHR-in məlumatına görə isə, bu hücumlar nəticəsində 300 mülki şəxs həyatını itirib.

Belə bir çətin vəziyyətdə Türkiyə ordusunun bölgəyə göndərilməsi nigaranlığı daha da artırır. Zira bu, yalnız Suriya ordusu ilə deyil, həm də İrana və Rusiyaya bağlı qüvvələrlə qarşı-qarşıya gəlmək deməkdir.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 856          Tarix: 9-02-2020, 21:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma