9 fevral seçkilərinin kütləvi şəkildə saxtalaşdırılması hakimiyyəti çətin vəziyyətdə qoyub. Xüsusilə ATƏT və AŞPA-nın seçkilər barədə verdiyi mənfi rəy hakimiyyətin yuxarı eşalonlarında xeyli narahatlıq yaradıb. Problem o qədər ciddidir ki, ölkə başçısı seçkilərin nəticələrinin necə ləğv edilməsinin yollarını araşdırır.
Ovqat.com-un etibarlı mənbələrdən aldığı məlumata görə, hakimiyyətin bir klandan digərinə ötürülməsi üçün nəzərdə tutulmuş seçki planı uğurlu alınmayıb.
Planın “köhnə qvardiya” tərəfindən qəsdən pozulduğu iddia edilir. Bilidirilir ki, hakimiyyəti əldə saxlamağa çalışan “köhnə qvardiya” seçkiləri yenilərin lehinə saxtalaşdırmağa nəinki göz yummuş, əksinə bunun göz görə-görə həyata keçirilməsinə qərar vermişdir. Məqsəd formalaşacaq yeni komandanın legitimliyi üzərində şübhə haləsi yaratmaq və onu çətin vəziyyətdə qoymaq olub. İllərlə formalaşdırılmış saxtakarlaşdırma mexanizminə də bu yöndə tapşırıqlar veriblər. Onlar da göstərişləri canü-könüldən yerinə yetiriblər.
İddialara inansaq, prosesə daha çox namizədlərin cəlb olunması da bu planın tərkib hissəsi olub. Məqsəd daha çox insanı saxta seçkilərin ifşasına cəlb etmək imiş. Bir çox namizədlərə seçilə biləcəklərinə dair yalançı vədlər verilərək onların həm saxtakarlığa, həm də qarşı tərəfin saxtakarlığını maddi sübutlarla ortaya qoymağa həvəsləndirildikləri bildirilir. Hətta ölkədəki özlərinə bağlı partiya və təşkilatlara bacardıqları qədər daha çox namizədlə seçkilərdə iştirak etmək tapşığı verilib. Jurnalistlərə, namizədlərə və vəkillərinə seçkilərin saxtalaşdırılmasına dair videoların çəkilməsinə münbit şəraitin yaradılması da bununla izah edilir. Daha çox media əməkdaşlarının prosesdə namizəd kimi iştirakının təmin olunması da bu niyyətlə bağlı imiş.
Bir sözlə, seçkilərin saxtalaşdırılmasının ifşası üçün əlindən gələni əsirgəməyən “köhnə qvardiyaçı”ların planı baş tutub. Qərb ölkələrinə bağlı potensial komandanın elə onların müşahidəçilərinin gözü qarşısında seçkiləri açıq şəkildə saxtalaşdıraraq deputat mandatı əldə etməsi görüntüsü uğurla yaradıla bilib.
Məlumatda o da bildirilir ki, Qərbə bağlı müşahidə qrupu seçkilərə heç cür müsbət rəy verə bilməyəcəyini Azərbaycan hakimiyyətinin diqqətinə çatdırıb və yeni komanda iddialılarına düz-əməlli seçki keçirmək məsləhət görülüb. Hakimiyyətin bu tövsiyyəni nəzərə alacağı və yaxın günlərdə seçkinin nəticələrini ləğv edəcəyi güman olunur. Hazırda hakimiyyət dairələrində bunun ən optimal və hüquqi cəhətdən qalmaqal yaratmayacaq variantları axtarılır.
Paylaş: