Xəbər lenti

  

Qərbin hansısa universitetində oxuyubdur deyə, heç bir real təcrübəsi olmayan, xalqın həyatını yaşamayan gəncləri deputat etmək islahat deyil. Əsl islahat xalqa öz deputatını seçmək hüququ vermək ola bilərdi ki, bu da baş tutmadı”.

Ovqat.com xəbər verir ki, Ədalət partiyasının sədri İlyas İsmayılov yeni formalaşdırılmış Milli Məclisin gəncləşdirilməsi barədə irəli sürülən arqumentləri şərh edərkən belə deyib.

Onun sözlərinə görə, gənc kadrların vəzifəyə gətirilməsi müsbət addımdır, amma bu, icra strukturlarında tətbiq olunmalıdır: “Milli Məclis isə seçkili orqandır. Orda xalqın səsini qazana bilən insanlar təmsil olunmalıdır. Mövcud hakimiyyət parlamentə təyinati orqan kimi baxdığından bəzən bunu çox kobud şəkildə həyata keçirir. Milli Məclisə seçilənlər arasında elələri var ki, indiyədək Azərbaycanda yaşamayıb. Xaricdə təhsil alıb, orda işləyib. Seçki dövründə “xala xətrin qalmasın” Azərbaycana gəlib və indi deputat təyin olunub. Bu anlayışla parlament formalaşdırılar?”

Gənc deputatların kimliyi ilə maraqlandığını deyən İlyas İsmayılov onlardan bəzilərinin ümumiyyətlə siyasi fəaliyyətlə məşğul olmadığını, hansısa Formula-1 kimi mənasız beynəlxalq yarışların təşkilində yer aldıqlarını və burdan saxta seçki yoluyla parlamentə transfer edildiklərini düşünür: “Parlament çox ciddi orqandır. Onun hərbi qərarlar vermək, hökumətdən hesabat tələb etmək, qanunlar hazırlamaq və s. kimi çox mühüm funksiyaları var. Bu orqan məhz dövlət və ictimai həyatın hüquq miqyasını və hüquq normalarını müəyyən etdiyinə görə hakimiyyətin üç qolu içərisində ən yüksək rola malikdir və ona görə də onun simvolu ağıla və biliyə əsaslanan gücdür. İcra hakimiyyətinin simvolu enerji, məhkəmə hakimiyyətinin simvolu isə müdriklikdir.

Bu qədər önəmli bir hakimiyyət qolunu Qərb ölkələrində yetişmiş “parnik uşaqları”na həvalə etmək olmaz. Parlament - xarici dövlətlərin təmsilçilərinin yox, qanunvericilik hakimiyyətinin funksiyasını həyata keçirmək üçün tələb olunan hərtərəfli biliyə, həyat təcrübəsinə malik insanların yeri olmalıdır. Bunu ən gözəl tənzimləyən mexanizm isə elə xalqın azad iradə ilə öz deputatlarını seçməsidir. Di gəl ki, indiki rejim xalqın iradəsini əlindən alaraq, əvvəlcədən tərtib edilim siyahı (Cəmil Həsənli o siyahını MSK-dan iki həftə əvvəl yaymışdı) əsasında parlamenti belə öz istəyinə uyğun formalaşdırır. Nəticədə xalq suverenliyi məhv edilir, hakimiyyətin bir əldə cəmləşməsinə, istibdad rejiminin bərqərar olunmasına şərait yaradılır”.

İlyas müəllim bu yaxınlarda ölkə başçısının seçkilərlə bağlı səsləndirdiyi bir fikrə münasibət bildirərək deyib: “Ölkə başçısı deyir ki, xalq əgər seçkilərdən narazı qalsaydı, ayağa qalxıb öz haqqını müdafiə edərdi. Axı xalq bundan artıq necə ayağa qalxsın? Dəfələrlə müxalifətin çağırışıyla ayağa qalxan minlərlə vətəndaş polis dəyənəyi altında əzilib. Ağzını açıq söz deyənlər zindanlara doldurulur. İnsanların artıq seçkiyə də inamı qalmayıb. İddilara görə, 1300-dən artıq namizədin iştirak etdiyi seçkidə seçicilərin heç 10%-i belə iştirak etməyib. Bunun özü etiraz deyilmi? Etiraz təkcə ayağa qalmaqla olmur. Bəzən vətəndaş itaətsizliyi, fəaliyyətsizlik, çağırışlara cavab verməmək ən ağır etiraz sayılır. Azərbaycan xalqı isə bütün bu dinc vasitələrin hamısından istifadə edərək öz sözünü rəsmilərə çatdırmağa çalışıb. Xalqın əl atmadığı yeganə vasitə Suriyada, İraqda olduğu kimi qeyri-dinc mübarizə üsullarıdır. Bu isə demokratik yol olmadığından Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar onu reallaşdırmaq istəmirlər. Əslində İraqda və Suriyada da demokratik partiyalar o yolu seçməmişdilər. Hakimiyyətlərin siyasi partiyaları sıradan çıxarması nəticəsində boşalan yeri xaricdən maliyyələşən terror qrupları aldı. Həmin ölkələrin narazı insanları da gedib terror qruplarına qoşuldu. Çünki qarşılarında başqa alternativləri də yox idi. Siyasi rejimlər narazı elektoradı arxasınca aparan təşkilatları yox etməklə buna özləri şərait yaratmışdılar. Sonradan peşman olsalar da, demokratik təsisatları yenidən bərpa edə bilmədilər. Təəssüf ki, Azərbaycan hakimiyyəti də bu təcrübələrdən lazımi nəticələr çıxara bilmir və ölkəni Yaxın Şərq qaranlığına, qeyri-müəyyənliyinə sürükləyir”.




Ana səhifəyə qayıt        Baxış: 4 463          Tarix: 13-02-2020, 22:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma