Xəbər lenti

 

 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan dünən Pakistandan qayıdarkən jurnalistlərə verdiyi açıqlamada yenidən İdlib məsələsinə toxunub. Onun sözlərinə görə, Suriya ordusunun İdlib əməliyyatı çərçivəsində bölgədə sülhməramlı missiya həyata keçirən türk əsgərlərinin müşahidə postları getdikcə mühasirəyə alınır və Türkiyə bu hadisəyə laqeyd qala bilməz. Bundan əvvəl də Ərdoğan Suriya ordusuna ayın sonuna qədər bölgəni tərk etmək möhləti vermiş, əks halda onu zorla İdlibdən uzaqlaşdıracaqlarını bildirmişdi. 

Bənzər bəyanat Türkiyə Xarici İşlər nazirinin dilindən də səsləndirilib. Dünən Almaniyada rəsmi səfərdə olan Mövlud Çavuşoğlu bazar ertəsi günü Türkiyə heyətinin Rusiyaya yollanacağını və məsələni sülh yoluyla həll etməyə çalışacağını, bu da alınmasa, “nə lazımdırsa, onu həyata keçirəcəklərini” vurğulayıb

Görünən budur ki, Türkiyə İdlib məsələsində ciddi sınaq qarşısındadır. NATO-dakı müttəfiqlərinin, o cümlədən ABŞ-ın Türkiyəni dəstəkləyən bəzi bəyanatlarla çıxış etməsi,  Suriyanın isə arxasında Rusiyanın dayanması vəziyyəti daha da mürəkkəbləşdirir və İdlib böhranının hərbi qarşıdurmalarla nəticələnə biləcəyi ehtimalını yaradır.

 

Bəs bu ehtimal nə dərəcədə realdır və xarici Yaxın Şərq mütəxəssisləri bu barədə nə düşünürlər? Sabah Moskvaya gedən türk heyəti orada rus həmkarları ilə nəyi müzakirə edəcəklər və nə barədə razılığa gələcəklər?

Ovqat.com xəbər verir ki, Almaniyanın Henrix Böll Fondunun Yaxın Şərq bölümünün direktoru Bent Şeller böhranın böyük müharibəyə çevrilmək ehtimalına inanmır. Onun fikrincə, Türkiyə Rusiya tərəfindən dəstəklənən Əsəd ordusu ilə döyüşə girməyi gözə almayacaq.

Almaniyanın DW nəşrinə açıqlama verən Şeller deyib: "Əsəd rejimi təkbaşına güclü deyil. Ancaq Rusiya dəstəkli bir Əsəd ordusu Türkiyənin meydan oxuya bilməyəcəyi bir güc meydana gətirir. Türkiyə Rusiya ilə qarşı-qarşıya gəlmək istəməz”.

 

Əsədin Suriya torpaqlarının böyük bir hissəsini yenidən nəzarət altına aldığına və qəti qələbəsini elan etmək üçün İdlibə odaqlandığına inanan Şeller Rusiyanın bu hədəfə tam dəstək verdiyini, Türkiyə üçün manevr sahəsinin daraldığını düşünür.

Ərdoğanın sərt ritorikasına baxmayaraq, sonunda geri çəkiləcəyini, Astana və Soçi razılaşmalarına əsasən, İdlibdə daha kiçik bir bölgəyə yerləşəcəyini proqnozlaşdıran alman mütəxəssis deyib: "Əsəd öz qələbəsinə kölgə salacaq bir tampon bölgə istəmir. Əsəd İdlibin geri qaytarılmasına çalışır, amma İdlib sakinlərini arzulamır. Onlar vasitəsilə qonşu ölkələr üzərində təzyiq meydana gətirməyi sevir. Hərbi hərəkata davam edərək, daha çox insanın Türkiyə sərhədinə qaçmasına çalışır. Bu yolla da Türkiyə üzərindəki təzyiqi artırır. Düşünürəm ki, tərəflər sonunda masaya oturub İdlibdə daha kiçik bir bölgə mövzusunda uzlaşacaklar. Amma bunun da nə qədər davamlı olacağı da bilinmir”.

 

Maraqlıdır ki, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov da bu müzakirələrə qoşulub. Səfir Sputnik-ə verdiyi açıqlamada deyib: "Artıq heç kim Suriya ordusunu geri çevirə bilməz".

ABŞ-ın düşüncə düşüncə quruluşlarından Xarici Siyasət Tədqiqatları İnstitutunun Yaxın Şərq proqramı direktoru Aaron Steyn də Əsəd rejiminin Rusiyanın dəstəyi ilə İdlib hərəkatına başladığını və  Türkiyənin bu hücumu dayandırmağa çalışdığını xatırladıb. Əsədin sərhəd bölgəsində nəzarəti yenidən ələ almasının artıq an məsələsi olduğuna diqqət çəkən Steyn də Ankaranın ayın axırına qədər verdiyi möhlətin real olmadığı qənaətindədir.

 

Türkiyənin son çarə olaraq müxalifətin hücumuna dəstək verməyə çalışacağını, ancaq bunun müsbət nəticə vermə ehtimalının zəif olduğunu qeyd edən ABŞ mütəxəssisi bəzi ehtimallar irəli sürüb: “Ən çox ehtimal olunan ssenari, silahlı müxalifət və Əsəd qüvvələri arasında döyüşlər yaşanarkən Türkiyə ordusunun M4, M5 yolları üzərində “atəşkəs zonasında "mövqe tutmasıdır. Bu, Türkiyəyə öz sərhəd bölgəsinə daha böyük köç axınını dayandırmaq fürsəti verə bilər. Amma bunlar qısamüddətli siyasətlərdir. Şübhəsiz ki, Əsədrejimi sərhəd bölgəsində nəzarəti yenidən ələ almaq istəyir, bu, artıq reallaşmaq üzrədir".

 

Bəs Türkiyənin İdlib əməliyyatında hüquqi əsası nə olacaq?

  

 

Bent Şellerin fikrincə, Türkiyə qanuni müdafiə haqqından istifadə edə bilər: “Beynəlxalq hüquqa görə, sərhədyanı bir ölkə ilə problemlərin həlli üçün müraciət edilə biləcək yeganə ünvan Birləşmiş Millətlər Təşkilatıdır. Türkiyə isə İdlibdəki hərbi varlığını, Astana və Soçi sazişlərində nəzərdə tutulan qarant ölkə statusuyla əlaqələndirir, qarşıdurmaların qarşısının alınmağa, sərhəd təhlükəsizliyini təmin etməyə, köç və insanlıq dramını dayandırmağa çalışır. 3 milyon 500 mini keçən Suriyalı qaçqına ev sahibliyi edən Türkiyə təxminən 4 milyon vətəndaşın yaşadığı İdlibdən yeni bir köç dalğasının başlayacağından və bu yükü təkbaşına çəkə bilməyəcəyindən ehtiyatlanır. Qaçqınlar arasında mülki şəxslərlə birlikdə əl-Qaidə və İŞİD-lə bağlantısı olan şəxslərin sərhəddən Türkiyəyə keçmə ehtimalı var və bu, Ankara tərəfindən ölkənin təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir”.

Birləşmiş Millətlər Təşkilatına görə, İdlibdəki əhalinin 99,9%-nin mülki vətəndaş olduğunu xatırladan alman mütəxəssis xüsusilə Avropanın bu məsələdə Türkiyəni tək buraxmayaraq, məsuliyyəti boynuna götürməsinin lazım olduğunu düşünür: "Türkiyə sərhədinə qaçanlar bir təhdid deyil, əksinə onlar təhdid altındadırlar. Onların İdlibdən çıxmalarına dəstək olmalı, Avropaya gələ bilmələrini təmin etməliyik”.

DW, Almaniya

Tərcümə: Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 648          Tarix: 16-02-2020, 00:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma