Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Vitali Bəylərbəyov deyir ki, İtaliya ilə qaz tədarükünə dair 25 illik müqavilə imzalayıblar. Azərbaycan qazının Avropaya nəqlinə 2020-ci ilin sonunda başlanması nəzərdə tutulub.
Azərbaycanla İtaliyanı birləşdirən kəmərlər zənciri – “Cənub Qaz Dəhlizi”nin tikintisi təxminən 40 milyard dollara başa gəlib.
Ovqat.com xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Vitali Bəylərbəyov “Euractiv” nəşrinə müsahibəsində bildirib.
Avropa İttifaqının da dəstəklədiyi bu layihənin icrasına 11 ildir məhz Vitali Bəylərbəyov rəhbərlik edir. “Cənub Qaz Dəhlizi” ilə Xəzər dənizindən hasil edilən qazın Avropaya nəqli nəzərdə tutulur. Avropa üçün Azərbaycanın enerji resursu Rusiya qazına alternativdir.
Layihə üçün əsas mənbə Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən “Şahdəniz” yatağından hasil olunan qazdır. “Cənub Qaz Dəhlizi” ümumi uzunluğu 4 min kilometr olan 3 seqmentdən ibarətdir: Cənubi Qafqaz Boru Kəməri Azərbaycanı Gürcüstanla, TANAP Türkiyə ilə, TAP isə Yunanıstan, Albaniya və İtaliya ilə birləşdirir.
“Cənub Qaz Dəhlizi”nə ümumilikdə təxminən 40 milyard dolların xərcləndiyini söyləyən Vitali Bəylərbəyov layihənin Azərbaycan və Türkiyə hissəsində xərclərə ciddi qənaət edildiyini vurğulayıb. Yeri gəlmişkən, əvvəlki hesablamalara əsasən, layihə 45 milyard dollara başa gəlməli idi.
SOCAR rəsmisinin sözlərinə görə, “Cənub Qaz Dəhlizi”nin Azərbaycan, Gürcüstan və Türkiyədən keçən seqmentlərində işlər 100% tamamlanıb. Bununla yanaşı, “Şahdəniz” yatağında 14 quyu qazılıb və artıq onların hamısı istismara verilib. Cənab Bəylərbəyov deyir ki, kəmərin İtaliyada ərazisinə düşən son hissəsində işlər tamamlandıqdan sonra Azərbaycan qazının Avropaya nəqlinə başlanacaq: “Layihədə tikintisi başa çatmayan yeganə seqment TAP-dır. Onun da 91%-i hazıdır”.
- Ən həssas 8 kilometr
TAP kəmərinin İtaliya ərazisinə düşən hissəsinin son 8 kilometrilə bağlı vəziyyət çox həssasdır. Söhbət siyasi amillərdən gedir. Yerli əhali kəmərin tikintisinə müqavimət göstərir. Onlar hesab edir ki, bu, ərazidə yerləşən çimərliyə və regionun turizm imkanlarına zərər verəcək.
V.Bəylərbəyovun sözlərinə görə, kəmərin qeyd olunan San-Fako çimərliyindən yan keçməsi üçün mikrotunel tikilib. O, TAP-ın ən geci 2020-ci ilin sonunda istismara veriləcəyini düşünür. Lakin TAP-ın daha tez işə salınması da mümkündür: “İtaliyada aparılan işlər zamanı ətraf mühitin qorunması üçün ən ciddi tədbirlər görülür. Bu, layihənin Azərbaycan, Gürcüstan və Türkiyə seqmentlərinə də aiddir”.
Bəylərbəyov hesab edir ki, bundan sonra TAP-ın tikintisi yalnız yeni arxeoloji məkanların aşkarlanması ilə uzana bilər: “Məsələn, Yunanıstan və Türkiyədə aparılmış tikinti işləri zamanı çox sayda arxeoloji məkan aşkar olunmuşdu. Bu zaman tikinti işləri dayandırılmış, həmin ölkələrin rəsmiləri bu ərazilərə dəvət edilmişdi”.
“Cənub Qaz Dəhlizi”nə daxil olan kəmərlər vasitəsilə nə qədər qazın nəql olunacağına gəlincə, SOCAR rəsmisi Türkiyəyə 2018-ci il iyulun 1-dən qaz tədarük edildiyini xatırladıb: “Həmin il Türkiyəyə 2 milyard kubmetr qaz nəql olunub. 2019-cu ildə bu həcm iki dəfə artıb. 2020-ci ildə Türkiyəyə təxminən 6 milyard kubmetr qaz nəqli planlaşdırılır”.
Yunanıstanla Bolqarıstana isə ildə 2 milyard kubmetr qaz tədarükü nəzərdə tutulur: “Bu ölkələrə qaz nəqli 2020-ci ilin sonundan etibarən mümkün olacaq. Bunun üçün TAP-da tikinti işləri başa çatmalı, Yunanıstanla Bolqarıstanı birləşdirən qaz kəmərinin inşası tamamlanmalıdır”.
SOCAR rəsmisi deyir ki, TAP tam sistem şəklində, eyni anda istismara veriləcək. Kəmərlə İtaliyaya ildə 8 milyard kubmetr qaz nəqli planlaşdırılır: “Alıcılar növbəyə dayanıb, qaz tədarükünü gözləyirlər. Bundan sonra hər hansı maneənin olmayacağına ümid edirəm”.
- “Türk axını” rəqibdirmi?
“Türk axını” qaz kəmərinin “Cənub Qaz Dəhlizi” layihəsinə rəqib olub-olmadığı sualına cənab Bəylərbəyov belə cavab berib: “Bu sualı mənə çox jurnalist verib və cavab hər zaman “yox” olub”. İtaliya, Yunanıstan və Bolqarıstanla müəyyən edilmiş miqdarda qaz nəqlilə bağlı 25 illik müqavilə imzalamışıq. Bunu dəyişdirmək mümkün deyil. Bu ölkələrə gələcəkdə Rusiya, Liviya, Əlcəzair və ya başqa ölkələrdən qaz nəqlinin belə, bu məsələyə heç bir aidiyyəti yoxdur. Biz artıq öz yerimizi möhkəmləndirmişik”.
- Bəs İtaliyaya daha çox qaz tədarükünə ehtiyac yarana bilərmi?
“Gələcək 10 ildə İtaliyanın daha çox qaza ehtiyacının olacağını başa düşürük. Odur ki, “Cənub Qaz Dəhlizi”nin və onun seqmenti olan TAP-ın qaz tutumu bu defisitin böyük hissəsinin aradan qaldırılmasına imkan verəcək”, - deyə həmsöhbətimiz qeyd edib.
“Şahdəniz” yatağından illik 16 milyard kubmetr qaz hasil etmək mümkündür. Belə olan təqdirdə ildə İtaliyaya 8, Yunanıstan və Bolqarıstana 2, Türkiyəyə 6 milyard kubmetr qaz tədarükü mümkün olacaqmı?
Bəylərbəyov bu sualı da cavablandırıb: “Əlbəttə mümkündür. Zamanla digər quyular da qazılacaq. “Şahdəniz” yatağının böyük potensialı var. Yatağının işlənməsinin 3-cü və 4-cü fazaları olacaq. Üstəlik, Azərbaycanın digər qaz yataqlarının da böyük potensialı var. Onların bəzilərində artıq kəşfiyyat və hasilat işləri aparılır”.
- Bəs ABŞ-ın ucuz başa gələn mayeləşdirilmiş qazı Avropa bazarlarındakı qiymətə təsir göstərirmi?
“Əlbəttə ki, təsiri var. Amma bu gün qazın qiymətinin neçə olacağını heç kəs dəqiqliklə söyləyə bilməz. Buna əvvəlcədən təxmin edilməsi mümkün olmayan məsələlər öz təsirini göstərir. Məsələn, koronavirus. Bu virusun yayılması ilə qaza tələbat azalıb və nəticədə qiymət aşağı düşüb. Xəstəliyin yayılmasının əsas dövrü bitdikdən sonra bu tendensiya da başa çatacaq”, - deyə V.Bəylərbəyov qeyd edib: “Yeri gəlmişkən, ABŞ administrasiyası bu yaxınlarda xəbərdarlıq edib ki, Rusiyanın Venesuelanın neft sənayesilə bağlı layihələrə qoşulacaq şirkətləri sanksiyalarla üzləşəcək. Bu baş verərsə, qiymətlər qalxacaq”.
Uzunmüddətli perspektivdən danışan SOCAR rəsmisi deyir ki, zaman keçdikcə mədən yanacaqlarının əksəriyyətinə təlabat azalacaq. Lakin bu, qaza aid deyil: “Qazla bağlı məsələ fərqlidir. Bu enerji resursuna ən azı gələcək 50 ildə də ehtiyac olacaq. Eyni zamanda, qaz daha təmiz enerji olacaq. Qazdan istifadə zamanı atmosferə daha az metan buxarlanacaq”.
Vitali Bəylərbəyov böyük qürurla deyir ki, SOCAR regionda qazın yandırılmasını tamamilə dayandırmış, neft-qaz əməliyyatları zamanı sıfır tullantı siyasəti yürüdən ilk şirkətdir.
- Mərkəzi Asiyadan daha çox qaz tədarükü?
Bəs Türkmənistandan Avropaya qaz nəqli? Bunun üçün dənizin dibilə kəmər tikintisi haqda çox danışılır. Bəylərbəyov deyir ki, Mərkəzi Asiya ölkələrindən hər hansı (Türkmənistan, Özbəkistan və ya Qazaxıstan) Avropaya bu yolla qaz nəql etmək qərarına gələrsə, Azərbaycan tranzit ölkə olacaq: ““Cənub Qaz Dəhlizi”nin daşıma qabiliyyəti buna imkan verir. Cənubi Qafqaz Boru Kəməri və TANAP vasitəsilə texniki olaraq ən azı 31 milyard kubmetr qaz nəql etmək mümkündür. Bu, həm maliyyə, həm də hüquqi baxımdan mümkündür. Yəni bunun üçün bu kəmərlərin keçdiyi ölkələrlə əlavə danışıqlara ehtiyac yoxdu. TAP vasitəsilə isə nəql edilən qaz həcmini iki dəfə artırmaq olar. Yəni bu kəmərlə ildə 10 milyard kubmetr qaz nəqli mümkündür. Prinsip etibarı ilə, “Cənub Qaz Dəhlizi”nin daşıma qabiliyyətini daha da artırmaq olar. Amma bunun üçün bu layihədə iştirak edən ölkələrlə danışıqlar aparmaq lazımdır”.
- Rus qazının “Cənub Qaz Dəhlizi” vasitəsilə nəqli mümkündürmü?
Bəs “Qazprom” da TAP vasitəsilə qaz nəql etmək istəsə? Hər halda, Aİ-nin qaydaları hər hansı kəmərdən digər tədarükçülərin də istifadəsinə icazə verir. Vitali Bəylərbəyov deyir ki, bu baş verərsə, Aİ-nin, həmçinin SOCAR-ın 20% pay sahibi olduğu TAP konsorsiumunun qaydalarına uyulmalıdır. Başqa sözlə, layihə ilə bağlı əvvəldən qəbul edilmiş planlar pozmamalıdır.
“Əlbəttə ki, biz TAP-ın səhmdarlarından biri kimi, Üçüncü Enerji Paketinin müddəalarına əsaslanan Aİ-nin qanunvericiliyinə uyğun addımlar atmalıyıq. Odur ki, üçüncü tərəflər üçün nəzərdə tutulan məsələlər heç bir ayrı-seçkilik olmadan həyata keçirilməlidir”, - deyə SOCAR-ın vitse-prezidenti qeyd edib.
Həmsöhbətimiz deyir ki, 2019-cu ilin yayından TAP ilə bağlı “bazar sınaqları”na başlanılıb və proses davam edir: “Nəticədə bu kəmərin nə qədər qaz ötürə biləcəyi dəqiqləşəcək. TAP konsorsiumu “bazar sınaqları”ndan sonra inkişafla bağlı gələcək planlar açıqlanacaq. Yəni TAP-ın ötürmə qabiliyyətinin 50% (illik 10 milyard kubmetr), 50%-dən çox, yaxud az olacağı yalnız bu mərhələdən sonra müəyyənləşəcək. Beləliklə, həmin andan TAP konsorsiumu Avropa qaydalarına uyğun olaraq planlarını dəqiqləşdirəcək”.
Paylaş: