Xəbər lenti

 

“Prezident İlham Əliyevin Münhendə Ermənistan Baş naziri Nikol Paşinyanla debatda açıq-aşkar üstünlüyü hiss olunurdu. Amma bu, təkcə İlham Əliyevin diplomatik təcrübəsindən deyil, həm də Azərbaycanın haqlı mövqeyindən qaynaqlanırdı”.

Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.

Bu cür dialoqların beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və erməni yalanlarını üzə çıxarmaq baxımından olduqca vacib olduğunu bildirən partiya sədri ölkə başçısının debatı uğurlu yürütdüyü qənaətindədir: “Amma Dağlıq Qarabağ məsələsi qətiyyən danışıqlar yoluyla həll oluna bilməz. Bunu zaman da təsdiq elədi”.

Debat zamanı Paşinyanın “əgər söhbət müharibə yoluyla həlldən gedirsə, ermənilər artıq bunu ediblər” sözünə ən yaxşı cavabın Dağlıq Qarabağda təmizləmə əməliyyatına başlamaq olduğunu düşünən İlyas İsmayılov prinsipcə, Paşinyanın da buna kifayət qədər əsas yaratdığına inanır: BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsini, beynəlxalq hüququ tanımayan, öz mənafeyinə uyğun təhrif etməyə çalışan bir qüvvə ilə diplomatik dillə danışmağın heç bir mənası yoxdur. Məşhur bir fikir var: “Diplomatiyanın bitdiyi yerdə müharibə başlayar”. Paşinyanın Münhendəki mövqeyi bir daha sübut etdi ki, Dağlıq Qarabağ probleminin diplomatik həlli mümkün deyil. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin vaxtı çoxdan çatıb. Üstəlik, beynəlxalq hüquq da bizim tərəfimizdədir və rəsmi Bakının nədən çəkindiyini anlamaq olmur”.

 

Ədalət partiyasının sədri ermənilərin Dağlıq Qarabağla yanaşı 7 rayonumuzu da işğal etdiyini xatırladıb: “Bəs bu rayonların qaytarılması üçün niyə lazımi addımlar atılmır? Axı həmin rayonların Dağlıq Qarabağa aidiyyəti yoxdur və BMT-nin qətnamələrində də həmin ərazilərin dərhal boşaldılması tələb olunur. İndiki hakimiyyət isə bu qətnamələri əldə rəhbər tutaraq hərbi əməliyyatlara başlamadığı kimi, xalqa hesabat vermək də istəmir”.

İlyas İsmayılova görə, İlham Əliyevin debatdakı mövqeyi Azərbaycan rəsmilərinin Dağlıq Qarabağı ermənilərə vermək üçün razılığa gəldiyi barədə zaman-zaman ortaya atılan fikirləri alt-üst etdi. Məlum debatın bu baxımdan da faydalı olduğuna inanan partiya sədri arqumentsizlikdən əziyyət çəkən Nikol Paşinyanın BMT TŞ-nın qətnamələrini təhrif etməyə çalışdığını vurğulayır: “Paşınyan deyir ki, məlum qətnamələrdə Ermənistan təcavüzkar tərəf kimi tanınmayıb və guya, Dağlıq Qarabağın yerli silahlılarının öz müstəqilliyi uğrundan vuruşduğu qeyd olunub. Bu, tamamilə yalandır. 4 qətnamənin 4-də də münaqişənin Azərbaycan və Ermənistan arasında aparıldığı, Qarabağın Azərbaycanın ərazisi olduğu vurğulanır. Ermənistandan isə tələb olunur ki, qoşunlarını dərhal Azərbaycan ərazisindən çıxarsın. İrəvan isə nəinki bu tələbə əməl etmir, əksinə Paşinyan öz oğlunu Qarabağda hərbi xidmətə göndərməklə Ermənistan ordusunun Azərbaycan ərazisini ələ keçirdiyini rəsmən təsdiqləyir və bununla da  BMT TŞ-nin qətnamələrini hesaba qoymur”.

Azərbaycan tərəfinin Dağlıq Qarabağ danışıqlarında yeganə zəif tərəfinin ölkəmizdəki demokratik vəziyyətin ürəkaçan olmamasından qaynaqlandığını düşünən partiya sədri məlum debatın son parlament seçkilərinin saxtalaşdırıldığı zamana təsadüf etməsini böyük talesizlik kimi qiymətləndirir: “Ermənistan Baş naziri açıq şəkildə deməsə də, “məxməri inqilab”la hakimiyyətə gəldiyini, əlində status-kvonu dəyişdirəcək “inqilablar” paketi olduğunu və bütün məsələlərdə, o cümlədən Dağlıq Qarabağ probleminin həllində xalqla məsləhətləşəcəyini  vurğulayır, bununla da Qərb dövlətlərinə özünü şirin göstərməyə çalışır. Sirr deyil ki, beynəlxalq birlik demokratik dövlətlərə həmişə xüsusi simpatiya ilə yanaşırlar. İnsan hüquqlarının kobud şəkildə pozulduğu ölkələrin isə siyasi haqlarına təcavüz olunmasına barmaqarası baxırlar. Hətta bundan istifadə edib özləri başqa dövlətlərin ərazisinə soxulurlar. Ermənilərin də diplomatik danışıqlarda ən çox üzərində dayandıqları arqumentlərdən biri də Azərbaycanda insan hüquqlarının pozulmasıdır. Ölkə başcısı düşmənə bu bəhanəni verməmək üçün xalqın iradəsinə söykənən hakimiyyət quruculuğuna başlamalı və atacağı ən vacib addım isə saxta seçkilərin nəticələrini ləğv edib, təkrar seçkiyə getmək olmalıdır”.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 968          Tarix: 17-02-2020, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma