Fevralın 21-də İran İslam Respublikasında 11-ci çağırış parlament (rəsmən: Məcles-e Şoura-ye Eslami – İslam Şurası Məclisi) seçkiləri keçirilmişdir. Bu tarix hələ ötən ilin əvvəllərində İranda seçkiləri keçirən orqan – Daxili İşlər Nazirliyi tərəfindən elan olunmuşdu. Bilavasitə seçki kampaniyasına isə 2019-cu ilin dekabr ayından start verilmişdi.
Seçki qanunvericiliyi
Bütövlükdə İran İslam Respublikasının siyasi sistemi kimi, seçki qanunvericiliyi də müəyyən özünəməxsusluqlara malikdir. İran parlamentinə seçkilər müvafiq Seçki Qanunu ilə yanaşı, ölkə Konstitusiyasının uyğun maddələri, eləcə də seçki prosesində həlledici rola malik Nəzarət Şurası (Şoura-ye Negəhban) haqqında Qanunla tənzimlənir. 1999-cu ildə qəbul edilmiş 94 maddədən ibarət “İslam Şurası Məslisinə Seçkilər Qanunu”na əsasən, İran parlamenti 290 üzvdən ibarətdir və 4 il müddətinə seçilir.
Seçki Qanununun 28-ci maddəsinə görə, deputatlığa iddia edən şəxs:
1) fikirdə və əməldə islama və islam respublikası quruluşuna sadiq olmalı;
2) İran İslam Respublikasının vətəndaşı olmalı;
3) Konstitusiyaya və “vilayəti-fəqih” prinsipinə sədaqət bəsləməli;
4) ən azı magistr dərəcəsinə malik olmalı;
5) seçildiyi dairədə nüfuz sahibi olmalı;
6) ən azı görmə, eşitmə və nitq baxımından sağlam olmalı;
7) azı 30, çoxu 75 yaşda olmalıdır.
Qanun ölkə parlamentində dini azlıqlar üçün 5 nəfərlik kvota (zərdüştilər və yəhudilər – hərəyə bir deputat, assurilər və kəldanilər (xristianlar) – bir deputat, ermənilər – iki deputat) nəzərdə tutur.
Parlamentə seçilmək üçün müvafiq dairə üzrə səslərin azı 20%-ni toplamaq lazımdır, əks təqdirdə təkrar seçki keçirilir. Təkrar seçkidə nisbi səs çoxluğu qazanan namizəd deputat seçilmiş sayılır.
İranda seçki prosesi çoxsaylı mərhələlərdən ibarətdir:
1) seçkilərin keçiriləcəyi tarixin Daxili İşlər Nazirliyi tərəfindən müəyyənləşdirilməsi və fəaliyyətdə olan parlament tərəfindən təsdiqləndikdən sonra elan edilməsi;
2) seçkilərdə iştirak etmək istəyən şəxslərin deputat statusu ilə bir araya sığmayan vəzifələrindən istefa verməsi üçün müddətin müəyyən edilməsi;
3) namizədlərin irəli sürülməsi;
4) “icraçı heyət”lər tərəfindən namizədlərin səlahiyyətlərinin ilkin yoxlanması;
5) namizədliyi qəbul edilmiş şəxslərin siyahısının baxılmaq üçün “nəzarətçi heyət”lərə göndərilməsi;
6) namizədlərin səlahiyyətlərinin Nəzarət Şurası tərəfindən araşdırılaraq təsdiq və ya rədd edilməsi;
7) təbliğat kampaniyası;
8) səsvermə;
9) nəticələrin Daxili İşlər Nazirliyi nəzdində Seçki Qərargahı tərəfindən elan olunması;
10) elan olunmuş nəticələrin Nəzarət Şurası tərəfindən təsdiqlənməsi.
Bütün mərhələlərdə səlahiyyəti təsdiq olunmayan və ya səsvermənin nəticələrindən narazı qalan şəxslərə şikayət hüququ verilir və bunun üçün bəlli bir vaxt ayrılır.
Seçkinin keçirilməsi bilavasitə Daxili İşlər Nazirliyinin üzərinə qoyulsa da, göründüyü kimi, bu prosesdə Nəzarət Şurası başlıca rol oynayır. Seçki qanununun 3-cü maddəsində deyildiyi kimi, “parlament seçkilərinə nəzarət bu şuranın öhdəsinə düşür və onun nəzarəti ümumi və fəal səciyyəli olub seçkilərin bütün mərhələ və məsələlərinə şamil olunur”. 12 üzvdən ibarət Nəzarət Şurasının 6 üzvü (fəqihlər) ölkənin ali rəhbəri tərəfindən təyin olunur, digər 6 üzvü isə (hüquqşünaslar) Məhkəmə hakimiyyətinin təqdimatı ilə parlamentdə təsdiqlənir. Hazırda bu şuraya 93 yaşlı ayətullah Əhməd Cənnəti rəhbərlik edir.
Seçki kampaniyasının gedişi
Ötən il dekabrın 1-dən 7-dək namizədlərin irəli sürülməsi prosesi baş tutmuşdur. Həmin qısa müddət ərzində 16 min nəfərdən çox iddiaçı qeydiyyatdan keçmişdir, lakin onların yarıdan çoxunun namizədliyi müxtəlif səbəblərdən təsdiqlənməmiş, bir çoxları da sonradan seçki marafonundan çəkilmişdir. Seçki günü deputat mandatı uğrunda yarışanların sayı 7148 nəfər olmuşdur. Əlbəttə, namizədlərin təqribən yarısının Nəzarət Şurası tərəfindən “ələnməsi” İran seçki tarixi üçün yenilik deyildir (məsələn, 2016-cı il seçkilərində deputatlıq iddiasında olanların 51%-nin namizədliyi rədd edilmişdi). Lakin budəfəki proses müəyyən özəllikləri ilə seçilmişdir:
Birincisi, namizədlərin təsdiqlənməsində əsas siyasi qüvvələr – mühafizəkarlar və islahatçılar arasında balans pozulmuş, islahatçı namizədlərin əksəriyyəti seçki prosesindən kənarlaşdırılmışdır. Bu da islahatçı cinahın kəskin etirazı ilə qarşılanmış, onların seçkilərdə iştiraka davam etməsinin mənasızlığı barədə fikirlər irəli sürülmüş, boykot çağırışları səslənmişdir. İslahatçı cinahı təmsil edən namizədlərin kütləvi şəkildə seçkidən kənarlaşdırılması onların dəstəklədiyi prezident Həsən Ruhaninin də açıq şəkildə etiraz etməsinə səbəb olmuş və o, Nəzarət Şurasını təkcinahlı parlament formalaşdırmağa çalışmaqda suçlamışdır. Öz növbəsində Nəzarət Şurası da prezidenti “gərginlik yaratmaqda” və “məlumatsızlıqda” ittiham etmişdir. Bununla belə, Ruhaninin etirazı müəyyən nəticə vermişdir. Belə ki, fevralın 16-da keçirdiyi mətbuat konfransında Ruhani seçkilərdə yalnız 44 dairədə (ümumi 208 dairə içərisində) rəqabət mühitinin olmadığını bildirmişdir.
İkincisi, hazırkı parlament üzvlərinin təqribən üçdə birinin seçkilərdə iştirakına imkan verilməmişdir. Onların deputat olmağa səlahiyyətinin Nəzarət Şurası tərəfindən təsdiqlənməməsi bir çox qalmaqallı açıqlamalara və suallara səbəb olmuşdur. Üstəlik, səlahiyyəti təsdiqlənməyən şəxslər arasında kifayət qədər nüfuzlu və əhali arasında populyar olan deputatlar da vardır. Misal üçün, İslam Respublikası quruluşunun nəzəriyyəçilərindən biri olan məşhur ayətullah Mürtəza Mütəhhərinin oğlu, ölkədə çox yaxşı tanınan deputat Əli Mütəhhərinin növbəti parlamentə seçkilərdə namizədliyi təsdiqlənməmişdir.
Hazırkı kampaniyanın digər bir özəlliyi də bəzi önəmli siyasi simaların seçkilərə qatılmaması və bunun geniş müzakirələr doğurmasıdır. Burada ilk növbədə parlamentin hazırkı spikeri (2008-ci ildən bəri) Əli Laricaninin seçkilərdə iştirakdan imtina etməsini qeyd etmək lazımdır. Laricanidən başqa, hazırkı parlamentdə Həsən Ruhanini dəstəkləyən “Ümid” fraksiyasının rəhbəri, İranda islahatçı cinahın liderlərindən biri Məhəmməd Rza Arif də seçkilərə qatılmamışdır, halbuki ötən parlament seçkilərində o, ölkə üzrə ən çox səs toplayan namizəd olmuşdu.
Qeyd olunan özəlliklərlə yanaşı, İranda seçki kampaniyasının gedişinə bir sıra daxili və xarici amillərin güclü təsirini qeyd etmək lazımdır. Bunlar aşağıdakılardır:
- Noyabr ayında baş verən və öz təsirini bütün dekabr ərzində də saxlayan kütləvi etiraz aksiyaları;
- Ötən ilin sonu-bu ilin əvvəllərində ABŞ-la qarşıdurmanın kəskinləşməsi və bunun nəticəsi olaraq, məşhur general Qasım Süleymaninin öldürülməsi, ardınca İranın intiqam aktı kimi ABŞ-ın İraqdakı bazalarına zərbələr endirməsi;
- Tehran səmasında Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması və bunun ardınca ölkədə etiraz aksiyalarının bir neçə gün davam edən növbəti dalğası.
Seçki kampaniyasının əsas dövrünə təsadüf edən bu fövqəladə siyasi-hərbi hadisələr seçki mövzusunu müəyyən qədər arxa plana atmışdır. Nəticədə seçki kampaniyası əvvəlkilərlə müqayisədə sönük keçmiş, yalnız yanvarın sonlarına doğru prosesdə müəyyən canlanma hiss olunmağa başlamışdır. Fevralın 12-də başlayan və cəmi səkkiz gün davam edən təbliğat-təşviqat mərhələsi əsas siyasi qüvvələrin ləng şəkildə olsa da, səhnəyə çıxmasına şərait yaratmışdır.
Əsas seçki blokları
Seçki kampaniyasına start verildikdən ayyarım sonra da, bir iranlı şərhçinin təbiri ilə desək, “islahatçılar çaşqın, mühafizəkarlar dağınıq” vəziyyətdə idilər. Yalnız seçkiyə sayılı günlər qalmış (fevralın ikinci dekadasında) onlar toparlanaraq, müəyyən siyahıları və şüarları cəmiyyətə təqdim etməyə başladılar.
Bu prosesdə mühafizəkarlar nisbətən fəal təsir bağışlamışlar. Hələ noyabr ayında onlar eks-spiker Qulaməli Həddad Adilin təşəbbüsü və rəhbərliyi ilə əsasən ənənəvi mühafizəkarları təmsil edən bir neçə təşkilatın birləşdiyi İslam İnqilabı Qüvvələrinin Koalisiyası Şurası (Şoura-ye Etelaf-e Niruha-ye Enğelab-e Eslami) adlı blok yaratmışdılar. 74 yaşlı Adil seçkiyə qatılmayacağını bildirdi və blokun dəstəklədiyi siyahıya Tehranın sabiq meri Məhəmməd Bağır Qalibaf başçılıq etdi. “Vüqarlı İran!” şüarı ilə seçkiyə qoşulan bu blok gələcək parlamentdə mühafizəkarların mütləq üstünlüyünə nail olmaq üçün daha geniş koalisiya qurmağa çalışır, ilk növbədə radikal mühafizəkarları təmsil edən İslam İnqilabının Sabitliyi Cəbhəsi (Cebhe-ye Paydari-ye Enğelab-e Eslami) ilə müzakirələr aparırdı. Uzun çəkən danışıqlardan sonra onlar yalnız seçkiyə 3 gün qalmış ümumi siyahı barədə razılığa gəldilər.
Mötədil mühafizəkarları təmsil edən qruplar isə “Ədalətli Məclis Uğrunda” (Puyeş-e Məcles-e Edalətxah) adlı bir blok yaratmışdılar. Nisbətən gənc nəsli təmsil edən və daha çox universitetlərin müəllim-tələbə heyəti tərəfindən dəstəklənən bu bloka filosof və sosioloq Səid Zibakəlam rəhbərlik edirdi.
Ənənəvi islahatçıların “çaşqınlığını” müşahidə edən mötədil islahatçılar (Rəfsəncani tərəfdarları) onların da maraqlarına cavab verən siyahı ilə çıxış etmişlər. Bu qrupu Quruculuq İcraçıları Partiyası (Hezb-e Karqozaran-e Sazəndegi) və Həsən Ruhaninin mənsub olduğu Mötədillik və İnkişaf Partiyası (Hezb-e Etedal və Tousee) təmsil edirdi. Çoxsaylı müzakirələrdən sonra ənənəvi və radikal islahatçılar da “İran üçün!” şüarı ilə blok yaratmağa nail oldular. 8 partiyanı birləşdirən bu blokun dəstəklədiyi siyahı mötədillərin siyahısına çox yaxın idi və hər ikisinə hüccətül-islam Məcid Ənsari başçılıq edirdi.
Bundan başqa, müstəqil namizədlərin də bir neçə seçki bloku yaradılmışdır. Onlar öz şüarlarında daha çox sosial-iqtisadi məsələlər üzərində vurğu edirlər.
Nəticələr
Səsvermənin saat 08.00-dan 18.00-a qədər keçirilməsi nəzərdə tutulsa da, seçkiləri həyata keçirən Daxili İşlər Nazirliyinin qərarı ilə bu müddət əvvəlcə saat 20.00-a, sonra 22.00-a, daha sonra 23.00-a və nəhayət, 24.00-a qədər uzadılmışdır. Gözlənilməyən bir amil – ölkənin mərkəzi şəhərlərində (Qum və Tehranda) koronavirusun yayılması xəbəri də səsvermə prosesinə öz təsirini göstərmişdir.
Artıq fevralın 22-si günortadan etibarən səsvermənin ilkin nəticələri elan olunmağa başlamış və gözlənildiyi kimi, mühafizəkar siyasi qüvvələrin seçkilərdə qəti qələbə qazandığı məlum olmuşdur. Elə həmin gün mühafizəkarların əsas seçki blokunun rəhbəri Qulaməli Həddad Adilin qələbə ruhlu bəyanatı yayılmışdır.
Bazar günü, fevralın 23-də İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli keçirdiyi mətbuat konfransında seçkilərdə əhalinin iştirakı ilə bağlı rəsmi rəqəmləri açıqlamışdır. Nazirin bildirdiyinə görə, səsvermə hüququ olan 57,9 milyon İran vətəndaşından 24,5 milyon nəfəri, yəni 42,57%-i seçkilərdə iştirak etmişdir. Ən yüksək seçici fəallığı Kuhgiluye və Boyer Əhməd əyalətində (71%), ən aşağı fəallıq isə Tehran əyalətində (26,2%) qeydə alınmışdır. Tehran şəhəri üzrə bu göstərici daha az – 25,4% olmuşdur. Koronavirusa yoluxanların ilk qeydə alındığı Qum şəhərində isə seçicilərin 43%-i səsvermədə iştirak etmişdir və buna görə Daxili İşlər naziri Qum əhalisinə xüsusi təşəkkürünü bildirmişdir. Nazir onu da vurğulamışdır ki, bəziləri tərəfindən virus təhlükəsi ilə bağlı Qumda seçkiləri təxirə salmaq, eləcə də virusun yayılması ilə bağlı rəsmi məlumatı əhaliyə seçkidən sonra çatdırmaq təklifləri irəli sürülmüş, lakin hökumət bunları qəbul etməmişdir.
Qeyd edək ki, indiyə qədər İranda parlamentə keçirilən heç bir seçkidə 50%-dən aşağı iştirak qeydə alınmamışdı, misal üçün, 2016-cı ildə keçirilən parlament seçkilərində bu rəqəm 61%, 2012-ci ildə isə 66% olmuşdu.
Fevralın 23-ü axşama doğru ölkə üzrə bütün 208 seçki dairəsinin qeyri-rəsmi nəticələri (nəticələr yalnız Nəzarət Şurası (Şoura-ye Negəhban) tərəfindən təsdiqləndikdən sonra rəsmiləşir) bəlli olmuşdur. İlk turda parlamentdəki 290 deputat yerindən 279-nun taleyi müəyyənləşmiş, 11 dairə üzrə seçkilər ikinci tura keçmişdir. Rəsmi məlumata görə, həmin dairələrdə seçkilərin ikinci turu aprelin 17-də keçiriləcəkdir.
Yayılan məlumatlar mühafizəkarların parlamentdə mütləq əksəriyyəti qazandığını, Ruhani hökumətini dəstəkləyən islahatçı cinahın ağır məğlubiyyətə uğradığını göstərməkdədir. Belə ki, ilk turda taleyi bəlli olan 274 yerdən (5 yer dini azlıqların nümayəndələrinə məxsusdur) 223-ü mühafizəkarların, 16-sı islahatçıların, 35-i isə müstəqil namizədlərin payına düşür. Başqa sözlə, yeni Məclisdə deputat yerlərinin 80%-dən çoxu mühafizəkarların nəzarətinə keçmişdir. Bu da o deməkdir ki, onlar parlament rəhbərliyini və daimi komitələri istədikləri şəkildə formalaşdırmaq imkanına malik olacaqlar.
İranda parlament seçkilərində həm siyasi əhəmiyyəti, həm də deputat yerlərinin sayı (30 yer) baxımından Tehran xüsusi əhəmiyyət daşıyır və adətən, seçki blokları arasında ən kəskin mübarizə məhz burada cərəyan edir. Bu dəfə də əsas siyasi qüvvələr ən güclü namizədlərindən ibarət siyahını məhz bu dairədən irəli sürmüşdülər. Nəticədə mühafizəkarların birləşmiş qüvvələrinin (İslam İnqilabı Qüvvələrinin Koalisiyası Şurası və İslam İnqilabının Sabitliyi Cəbhəsinin) dəstəklədiyi siyahıdakı namizədlər dairə üzrə 30 yerin hamısına sahiblənmişlər. Həmin siyahıya başçılıq edən Tehranın sabiq meri Məhəmməd Bağır Qalibaf ölkə üzrə bir milyondan artıq səs toplayan yeganə namizəd kimi səslərin 68,69%-ni toplamışdır. İslahatçıların müxtəlif qruplarının dəstəklədiyi siyahılarda birinci olan hüccətül-islam Məcid Ənsari isə cəmi 3,75% səs ala bilmişdir.
Bütövlükdə, mövcud məlumatlara əsasən, parlamentin tərkibi 81% yenilənmişdir. Parlamentin köhnə tərkibindən namizədliyi təsdiqlənmiş 173 nəfərdən yalnız 56-sı yenidən deputat mandatı əldə edə bilmişdir.
Böyük ehtimalla, seçkilərdə rekord sayda səs toplamış və mühafizəkarların siyahısında birinci olan Məhəmməd Bağır Qalibaf yeni İran parlamentinin sədri seçiləcəkdir. Keçmiş “Sepah” komandanı olan Qalibaf 12 il (2005-2017-ci illərdə) Tehran şəhərinin meri olmuş, sonra isə Məsləhət Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. 2013-cü və 2017-ci illərdə keçirilən prezident seçkilərində o, Həsən Ruhaninin rəqibi və onun əsas tənqidçilərindən biri olmuşdur. 2017-ci il seçkilərində o, son anda mühafizəkarların əsas namizədi İbrahim Rəisinin xeyrinə marafonu tərk etmişdir.
Onu da deyək ki, parlament seçkiləri ilə eyni vaxtda ölkənin 5 əyalətində digər mühüm bir quruma – İranda ali rəhbəri seçən nüfuzlu ruhanilərdən ibarət Ekspertlər Şurasına (Məcles-e Xobreqan) aralıq seçkilər də keçirilmişdir. Həmin şuraya seçilən 7 yeni üzv arasında ayətullah Məhəmməd Yəzdi və ayətullah Misbah Yəzdi kimi tanınmış ruhanilər yer almışdır.
Məsiağa Məhəmmədi,
BMTM-in baş məsləhətçisi
Paylaş: