
NATO qüvvələrinin, xüsusilə ABŞ-ın Türkiyəni açıq şəkildə dəstəkləməsi rəsmi Ankaranı xeyli cəsarətləndirib.
Ovqat.com xəbər verir ki, fevralın 27-də rus təyyarələrinin hücumuna məruz qalan və 34 əsgərini itirən Türkiyə rəsmiləri bu hadisədə Rusiyadan çox Suriyanı günahlandırırdı. Hətta rəsmi açıqlamalarda qəzəblərinin Rusiyaya deyil, Suriyaya yönəldiyinin altını cıza-cıza vurğulayırdılar. Hücuma cavab da Suriyaya verilmişdi.
Müttəfiqlərindən umduğu dəstəyi alandan sonra Türkiyə indi əsl həqiqəti dilə gətirir.
Məlumata görə, dünən BMT Təhlükəsizlik Şurasının İdlib məsələsini müzakirə etdiyi fövqəladə toplantısında çıxış edən Türkiyənin qurumdakı daimi nümayəndəsi Feridun Sinirlioğlu hücumda Rusiyanın da yer aldığını vurğulayıb. Diplomat hücum zamanı bölgədə Türk Silahlı Qüvvələrinin tək olduğunu və qəsdən hədəf alındığını bildirib.
Feridun Sinirlioğlu həmçinin Türkiyə hərbi karvanının Serakibə göndərilməmişdən əvvəl də, ilk hücumdan sonra da Rusiyaya yazılı məlumat verildiyini iddia edib. Onun sözlərinə görə, hücumdan sonra yaralı əsgərlər üçün göndərilən təcili yardım maşınları belə hədəfə alınıb və radar görüntülərində hücum edənlər arasında Suriya ilə yanaşı rus təyyarələrinin də yeraldığı təsbit edilib.
Qeyd edək ki, Rusiya məsuliyyətdən yaxa qurtarmaq üçün Türk əsgərlərinin bulunduğu zonaya hər hansı hava hücumu təşkil etmədiyini və Türk ordusunun Serakibdə hərbi əməliyyat keçirdiyinə dair məlumata malik olmadığını vurğulamışdı. Feridun Sinirli oğlunun açıqlamaları isə Moskvanın bu iddialarını yalanlayr.
NATO qüvvələrinin Türkiyəni tam dəstəkləməsindən sonra Rusiya kürkünə birə büşmüşə bənzəyir. Bu zamana qədər Türkiyə prezidenti R.T.Ərdoğanın tələblərini qəbul etməyən Putin artıq onunla görüşməyə razılıq verib.
Qeyd edək ki, Serakib əməliyyatından əvvəl Rəcəb Tayib Ərdoğan Bakıya gəlmiş, Ankaraya qayıtdıqdan dərhal sonra isə məlum əməliyyatın düyməsinə basmışdı. Bəzi rusiyalı ekspertlər hadisələrin bu cür ardıcıllığına əsaslanaraq, səfərin Putinlə dil tapmaq məqsədi daşıdığını irəli sürürlər. Onların fikrincə, 2015-ci ildə də iki lider arasında vasitəçiliyi İlham Əliyev etmişdi və bu dəfə də belə bir vasitəçiliyə ehtiyac yaranmışdı. Görünür, Rusiya prezidenti İdlib məsələsində güzəştə getməyəcəyini bildirərək görüşdən boyun qaçırıb, Ankara isə bu rus kobudluğu, Ərdoğanın təbirlərilə desək, “Osmanlı şapalağı” ilə cavablandırıb. Rusiyanın bu şapalağa ağır cavabı Türkiyənin hərbi müttəfiqlərini də hərəkətə gətirib, yalnız bundan sonra Putin Ərdoğanla görüşə razılıq verib.
Az əvvəl Rusiya tərəfindən verilən rəsmi məlumata görə, görüş martın 5-də Moskvada keçiriləcək
Paylaş: