Xəbər lenti

 

“1991-ci ildə SSRİ-nin dağılması ilə Qafqaz respublikaları öz milli kimliklərinə yenidən qovuşdular. Dünyəvi, parlamentli və çoxkonfessiyalı respublika olan Azərbaycan nümunəsi göstərir ki, tərəqqi ilə ənənələr arasında balans mümkündür. Gəlin bu gün dünyada kifayət qədər tanınmayan bu respublikaya nəzər salaq”.

Ovqat.com xəbər verir ki, Fransanın “Billet de France” nəşri “Azərbaycan – mütərəqqi ənənələr ölkəsi” sərlövhəli yazısında ölkəmizi belə tanıdır. Müəllif Rumen Aleksandrın qələmə aldığı yazıda qeyd olunur ki, Parisdən 4500 kilometrlik məsafədə yerləşən bu ölkəyə təyyarə ilə 5 saat 10 dəqiqəyə uçmaq olur: “Paytaxt Bakı Xəzər dənizinin sahilində yerləşir. O, müasir üslublu şəhərdir. Bakı haqda ətraflı məlumat əldə etmək üçün onun “qədim şəhər” adlanan hissəsinin dolama küçələrini, məhəllələrini gəzmək kifayət edir. Ənənələrlə müasirliyin qovuşduğu bu məkanda dünyəviliklə çoxkonfessiyalılıq bir-birinə qarşı deyil, İslam, yəhudilik və xristianlığın birgəyaşayışı mövcuddur. Burada böyük məscidlər – Papa Fransiskin 2016-cı ildə ziyarət etdiyi Heydər məscidi də var, möhtəşəm xristian ibadət yerləri də. Burada hələ 1909-cu ildə tikilmiş Müqəddəs Jen-Mironosits rus pravoslav kafedral kilsəsi bu gün də faliyyətdədir.

Bu günün Azərbaycanını daha yaxşı anlamaq üçün XX əsrin əvvəllərinə kiçik səyahət etmək lazımdır.

1918-ci il – ilk demokratik təcrübə

Dünya təlatüm içərisindədir. Birinci Dünya müharibəsi Avropanın Qərbində intensiv döyüşlərlə son aylarını yaşayır. Bir qədər əvvəl Oktyabr inqilabı nəticəsində Moskvada çar devrilib. İki min kilometr cənubda, Qafqazın düz mərkəzində yeni bir respublika baş qaldırır: 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaranır. Bu yeni ölkənin rəhbərləri Avropanın ən yaxşı universitetlərində təhsil almış, Rusiya imperiyasının müxtəlif dövlət idarələrində çalışmış şəxslərdir. Azərbaycan Xalq Cümhuriyyətinin Nizamnaməsi sözün həqiqi mənasında, öz dövrünü qabaqlayırdı:

- Azərbaycan tam suveren dövlətdir; buraya Azərbaycan xalqının hakimiyyəti altında olan Zaqafqaziyanın cənub və şərq hissələri daxildir;

- Müstəqil dövlətin idarəetmə forması demokratik respublikadır;

- Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkələrlə, xüsusilə, qonşuları ilə dostluq əlaqələri qurmaq əzmindədir;

- Azərbaycan Xalq Cümhuriyyəti milli mənsubiyyətindən, dinindən, sinfindən, peşəsindən və ya cinsindən asılı olmayaraq, bütün vətəndaşlarına öz sərhədləri daxilində tam siyasi və vətəndaş hüququ təmin edir;

- Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisində məskunlaşmış bütün millətlərin sərbəst inkişafını təşviq edir.

“O zaman ölkə etibarlı hüquqi bazanın yaradılmasında Qərb institutlarından ilhamlanmışdı”, - deyə sosial elmlər doktoru Vüsalə Əliyeva bildirir. Milli parlament yaradılmış, fərdi azadlıqların hüquqları təmin edilmiş, xüsusilə qadınlara seçki hüququ verilmişdi. Bu isə bir müsəlman ölkəsi üçün qeyri-adi hal idi. Niyyət aydın idi: gənc respublika öz tarixinə, malik olduğu mədəni sərvətlərə sahib çıxmaq istəyirdi. Məsələn, qadınlara səsvermə hüququnun verilməsi onun bir sıra Qərb ölkələri üzərində üstünlüyü demək idi. Qanunların mətnlərində bu, Avropa və Şərq hüququnun qarışığı kimi ifadə olunurdu. Təcrübə müvəffəqiyyətdir.

1991-ci il - yeni müstəqillik

Zorla SSRİ-nin tərkibinə daxil edilmiş Azərbaycan 1991-ci ildə Sovet İttifaqının dağılması ilə yenidən müstəqilliyə qovuşub. Amma SSRİ-nin tərkibində qaldığı uzun illər onun milli kimliyini dəyişməmişdi: dünyəvilik yenə əsas sütun olaraq qalırdı, dövlətlə din bir-birindən ayrı tutulurdu. Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən 1918-ci il respublikasının banilərinin işini davam etdirir:

- Parlamentdə Azərbaycan cəmiyyətini təşkil edən bütün azlıqları təmsil olunmalı idi – onlar bərabər səs hüququna malik idilər;

- Xarici yönümlü Azərbaycan diplomatiyası dinlərarası dialoqa dair ekumenik baxışı təşviq etməli idi;

- Respublika öz vətəndaşları arasında heç bir ayrı-seçkilik qoymur, kişilərlə qadınlara bərabər hüquqlar təklif edirdi.

1990-2000-ci illərdə – milli şüurun formalaşmaqda olduğu bir vaxtda ölkə iqtisadiyyatına investisiya axını da başlayıb, cəmiyyətdə bir tarazlıq, balans yaradılıb. Bu gün Azərbaycanda müşahidə olunan tolerant, dünyəviliyə əsaslanan model həqiqətən unikaldır. Məsələ ondadır ki, dünyanın başqa yerlərində dünyəvilik bəzi hallarda özünü dini azlıqları ləkələməklə də göstərir.

2020-ci ilin Azərbaycanı: nümunəvi ölkə?

Roma Papası II İohann Pavel 1996-cı ildə 18 icmanın birgə yaşadığı Livanı nümunəvi ölkə kimi xarakterizə etmişdi. 2016-cı ildə Bakıya yollanmış Papa Fransisk sanki sələfinin fikrini davam etdirərək, Azərbaycanı multikulturalizmin, mədəniyyətlərin qarşılıqlı asılılığının faydalarını görən ölkə kimi, yüksək qiymətləndirmişdi. O, ölkənin bundan sonra da müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlıq fonunda irəliləməsini arzulamışdı.

Əhalisinin 96%-ni müsəlmanların (76% şiə olmaqla) təşkil etdiyi bu Qafqaz ölkəsi öz tarixini – zərdüştlük və xristianlığı da unutmur. Bu gün Azərbaycan dövləti xristian və yəhudi azlıqların qorunmasını öz vəzifəsi hesab edir. “Dözümlülüyü, dünyəvi dəyərləri təbliğ edən siyasət istər daxili, istərsə də xarici siyasi məqsədlərə cavab verir”, - deyə İstanbulda fəaliyyət göstərən Fransız Anadolu Araşdırmalar İnstitutunun direktoru Bayram Balcı bildirir. Onun sözlərinə görə, hökumət daxili siyasətdə bununla müxtəlif dini cərəyanlar arasında ictimai sülhü qorumağa çalışır.

Bununla yanaşı, milli quruculuğun tam formalaşmadığı bir dövrdə postsovet Azərbaycanı milli birliyini, beynəlxalq statusunu gücləndirmək üçün müxtəlif resurslardan istifadə edib. Bunlardan biri də XIX əsrdən bəri formalaşmış sekulyarizm və onu müşayiət edən tolerantlıqdır.

Bu gün Azərbaycanın müstəqilliyindən təxminən 30 il keçir. Ölkə öz həyat tərzi ilə fəxr edir. Müsəlman dünyasına yaxşı bələd olan fransız yazıçısı Jan-lui Quro yazırdı: “Dini tolerantlıq Azərbaycanın sülh şəraitində yaşamaq niyyətini nümayiş etdirməsinin yeganə yolu deyil. Bu ölkə çətin mühitdə özünü həm fərdi, həm də kollektiv şəkildə büruzə verən birgəyaşayış modelini inkişaf etdirməyə müvəffəq olub. Burada kişilərlə qadınlar arasında hüquqi və siyasi bərabərlik üçün inadkar axtarış, təkcə dinlər deyil, insan mozaikasını təşkil edən bir çox etnik qruplar arasında ahəngdar birgəyaşayış mövcuddur”.

Məsələ ondadır ki, buradakı dünyəviliyin kökləri, dünyəvi millətçiliyinin tarixi kommunizm dövründən çox uzağa gedib çıxır. Bu köklər həm Qərbə, həm də Şərqə baxan bu xalqın ortaq təməlinə çevrilib.




Ana səhifəyə qayıt        Baxış: 3 123          Tarix: 4-03-2020, 23:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma