“Dünya ABŞ-ın tibbi və iqtisadi terrorizmə qarşı səssiz qalmamalıdır”.
Ovqat.com xəbər verir ki, bu bəyanatı İranın Xarici İşlər naziri Cavad Zərif verib.
Nazir özünün Twitter hesabında paylaşdığı bəyanatında onu da qeyd edib ki, Donald Tramp hakimiyyəti İran vətəndaşlarının bu xəstəlikdən ölməsi, ölkənin koronavirusa qarşı mübarizəsinin çətinləşdirilməsi üçün qanunsuz sanksiyalarını daha da ağırlaşdırıb, bu isə təkcə iqtisadi yox, həm də tibbi terrorizmdir.
Fevralın ortalarında koronavirus epidemiyasının ölkəyə yayıldığını rəsmən bəyan edən İran təxminən iki ildir ABŞ-ın ən ağır embarqoları altında çətin günlər keçirir. Ağ Ev İranın əsas iqtisadi gəlir mənbəyinə - neft ixracına sanksiyalar tətbiq edərək ölkəni çıxılmaz vəziyyətə salıb. Bu da azmış kimi, dünya neft bazarında qiymətlər ucuzlaşır və İranın əsas ticari tərəfdaşı olan Çinin koronavirus səbəbindən istehsalatı azaltması neftə tələbatı da aşağı salır. Hər iki amil İranın neft ticarətindən gələn gəlirlərin daha da azalmasına səbəb olur.
Mütəxəssislərin bildirdiyinə görə, İran koronavirus epidemiyasından əvvəl məruz qaldığı sanksiyalar səbəbindən neft ixracatını öz potensialının 25%-nə qədər endirmişdi. İndi həmin göstəricinin hansı həddə düşdüyü bilinmir. Cavad Zərifin dünənki twiit - bəyanatında “ABŞ-ın İranın koronavirusla mübarizə imkanlarını sıfırlamağa çalışmasından” bəhs etməsi və bunu həm də qanunsuz iqtisadi sanksiya adlandırması ölkənin neft ixracının da tamamilə dayanmağa doğru sürükləndiyindən xəbər verir.
ABŞ-ın İrana qarşı tibbi terrora əl atdığı barədə bəyanatlar təkcə Cavad Zərifin deyil, digər rəsmilərin dilindən də səsləndirilib. Üstəlik, bu bəyanatların dünən səsləndirilməsi vəziyyətin artıq dözülməz hala gəlib çıxmasının işarəsidir.
Dünən İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvinin mətbuata verdiyi açıqlamalardan belə anlaşılır ki, İsveçrə bi ölkəyə koronavirusla effektli mübarizə aparmaq üçün tibbi yardım vermək istəyib. Son anda isə buna ABŞ imkan verməyib.
"ABŞ həqiqətən yaxşı niyyətdədirsə, tibbi yardım məsələsini mediaya daşımamalı və ona qarşı təbliğat aparmamalı idi. O isə ilk gündən İsveçrənin hazırladığı humanitar yardım mexanizminin fəaliyyətinə əngəllər yaratdı", - Abbas Musəvi belə deyib.
Bilindiyi kimi, ötən ayın 28-də İsveçrə İrana koronavirusla mübarizə üçün yardım sisteminə start vermişdi. Bu sistem İrana hümanitar yardımları asanlaşdırmaq məqsədi güdürdü. İsveçrə İqtisadiyyat Nazirliyinin bu barədə yayılan bəyanatında bildirilirdi ki, sözügedən sistem qida, tibb və əczaçılıq sektorlarında çalışan İsveçrə şirkətləri üçün hazırlanıb və yardımların İrana göndərilməsinə imkan yaradır.
Məsələ burasındadır ki, ABŞ-ın İrana qarşı sanksiyaları bankların bu ölkəyə pul transferinə imkan vermir. İsveçrə İqtisadiyyat Nazirliyi isə insani yardımların İrana qarşı sansiyaların əhatə dairəsinə girmədiyini əsas gətirib ABŞ-la danışaraq bu işi asanlaşdırmaq mexanizmi yaratmağa çalışmışdı. Nazirliyin mövzuyla əlaqədar yaydığı bəynatda deyilirdi: “Heç bir bank İranla əlaqədar istənilən finans əməliyyatları həyata keçirə bilmir. Yaratdığımız yeni ödəmə sistemi Yeni ödəmə sistemi ABŞ və İran hakimiyyəti, habelə İsveçrədəki bir sıra şirkət və banklarla əməkdaşlıq şəraitində hazırlanmışdır. Əldə edilən razılaşma sayəsində ABŞ Xəzinədarlıqğı ABŞ qanunlarına uyğun olaraq əməliyyatlar aparmaq üçün lazımi icazələr verəcəkdir.”
Həmin razılaşmaya əsasən, İrana yardım etmək istəyən banklar və şirkətlər finans əməliyyatları ilə yanaşı, sözügedən ölkədəki ticari fəaliyyətləri və tərəfdaşları haqqında da İsveçrəyə ətraflı məlumat verməli idilər. Sonra bu məlumatlar ABŞ Xəzinədarlıq İdarəsinə ötürülməliydi və ondan razılıq aldıqdan sonra humanitar yardımı edə bilərdi.
İran rəsmilərinin açıqlamasından belə çıxır ki, İsveçrənin bu təşəbbüsü ABŞ maneəsinə ilişib və həyata keçməyib.
Qeyd edək ki, son rəqəmlərə görə, dünyanın 90-dan çox ölkəsinə yayılan koronavirus daşıyan xəstələrin sayı 101 mini və bu virusdan ölənlərin sayı isə 3500-ü keçib. Virusdan ən çox əziyyət çəkən isə iki ölkədir – İran və Çin. Bu iki ölkə arasındakı ticari əlaqələri, ABŞ-ın əsasən həmin ölkələri hədəfə alan siyasətlərini və koronavirusun onlara vurduğu iqtisadi zərərlərı nəzərə alsaq, bu amillər məlum epidemiyanın bioloji silah olması barədə ilk gündən bəri irəli sürülən versiyaları gücləndirir. Prinsip etibarilə, İran rəsmilərinin son açıqlamaları da bu yöndədir.
Ovqat.com
Paylaş: