Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında qoyulmuş Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsi vandalizmə məruz qalıb.
Ovqat.com xəbər verir ki, naməlum şəxslər tərəfindən üzərinə boya atılan heykəlin postamentə də zərər vurulub.
Vandalizmin erməni millətçiləri tərəfindən həyata keçirildiyi bildirilir.
Yeri gəlmişkən, erməni lobbisinin güclü olduğu ölkələrdən biri də Belçikadadır. 2015-cı ildə qondarma soyqırımının 100 illiyi ərəfəsində bu ölkənin parlamenti məlum erməni yalanını rəsmən tanıyıb, hazırda ölkənin dərs kitablarında uşaqlara “türk vəhşiliyindən” bəhs edən materiallar oxudulur.
Natəvanın heykəlinə gəlincə, Azərbaycanın bu görkəmli şairəsinin heykəli təkcə ölkəmizin hansısa bir söz adamının belçikalılara tanıdılması məqsədi güdmür. Bu heykəl həm də Azərbaycan adlı islam ölkəsində bir qadının sosial həyatda nə qədər aktiv olduğunun, müasir elmlərə yiyələndiyinin göstəricisidir. Həmin dövrlərdə bir çox Avropa ölkələrində təsadüf olunmayan bu qadın azadlığının ölkəmizdə mövcudluğunun simvolu kimi önəm qazanan Xurşidbani Natəvanın xatirəsinin Avropanın göbəyində ədəbiləşməsi, sözsüz ki, ölkəmiz barədə xoş təəssüratlar yaradır.
Üstəlik, Natəvan Qarabağ hökmdarı Mehdiqulu xan Cavanşirin qızıdır və bu fakt da erməni işğalı altında inildəyən həmin torpaqların kimə məxsus olduğunu təsdiqləyir. Heykəlin postamentində yazılan sətirlər də rəsmi Bakının məhz bu məqsədlə həmin abidəni ucaltdıqlarını göstərir: “Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan”.
Heykəlin əvvəlki halı
Göründüyü kimi, özündə Qarabağla bağlı qeydi əks etdirən abidənin Belçikada ucaldılması Azərbaycan həqiqətlərinin yaşadılması və dünyada tanıdılması istiqamətində aparılan işlərə bir töhfədir. Nə yazıq ki, Azərbaycanın Belçikadakı diapora təşkilatları bu heykəlin üzərində öz təbliğati işlərini qura biləcəkləri halda, onu qorumağı da bacarmayıblar.
Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanan heykəlin insanlara təlqin etdiyi milli ideyalara görə vandalizmə məruz qaldığı şübhəsizdir.
Paylaş: