Xəbər lenti
Dünən, 19:25

 

2020 –ci ilin dövlət və icmal büdcələrinin layihələrində 1 bareli üçün 55 ABŞ dollarından müəyyən edilmiş “Azeri Light” markalı neftin 09 mart tarixində gün ərzində 45 dollardan 30 dollara qədər enişi zəlzələ effekti yaratdı.

Sözsüz ki, Koronavirusla mübarizə məqsədli karantin tədbirləri dünyanın ən böyük neft istehlakçısı olan Çində ilkin mərhələdə istehlak həcminin 20 faiz azalmasına səbəb oldu. Tələb və təklif ziddiyyətlərinin kəskin marjalarda dəyişməsi belə, neft istehsalçıları və ixracatçıları tərəfindən bazar seqmentasiyası riskləri üzündən adekvat qərar qəbul edilməməsini şərtləndirdi.

 

 Davamiyyət isə sual doğuran məsələdir. Əlbəttə ki, burada xüsusi olaraq siyasi amillər də istisna deyil. Azərbaycanın qlobal gərgin bazar mühitinə davamlılığına gəlincə, etiraf etmək lazımdır ki, böyük çətinliklər və bu üzdən büdcə siyasətində (fiskal siyasət) əhəmiyyətli dəyişikliklər ola bilər. Xüsusilə də büdcənin xərclər hissəsinə yenidən baxılmalıdır. Sosial layihələr, dövlət əsaslı investisiyaların həcmi əhəmiyyətli dərəcədə azaldılmalıdır. İdxal siyasəti müvəqqəti olaraq təbliğatla paralel tənzimlənməlidir ki, izafi dərəcədə kənara valyuta axınının qarşısı alınsın. Amma bu işi təlatüm yaratmadan həyata keçirmək lazımdır ki, monetar həyəcan vəziyyəti yaranmasın və investisiya siyasətini risk altına almasın.

2020-ci il Azərbaycan Respublikasının Dövlət Büdcəsi Haqqında Qanununda büdcə daxilolmalarının 7,875 mlrd. manatı Vergi Xidmətinin , 4 milyard manatı isə Gömrük Komitəsinin üzərinə düşür. Ümumilikdə vergi şəklində daxilolmalar isə 10.925 mlrd. manat nəzərdə tutulur. Yəni 11.875 mlrd. manatın 950 mln manatı gömrük rüsumları, qalanı isə vergilərdir.

 

Əvvəlcə qeyd etmək lazımdır ki, neftin qiymətinin ortalama 35 ABŞ dolları səviyyəsinə düşməsi büdcə üçün proqnozlaşdırılmış 55 dollara münasibətdə Azərbaycanın gündəlik təxminən 11 mln. manat zərərinə səbəb olur. “SOCAR” tərəfindən hasil olunan 7 683 000 ton neftə görə vergi daxilolmalarına gəlincə, bu xüsusilə mədən vergisi mənfəətdə daha çox nəzərə çarpmalıdır. Neftin maya dəyəri SOCAR-ın rəsmi məlumatlarında 117.92 manat təşkil edir. Digər xərclər nəzərə alınmasa, proqnozlaşdırılmış bazar qiyməti  (ortalama 654.50 manat) ilə münasibətdə (35 dollardan 416.5 manat) manat ekvivalentində şirkətin mənfəətində təxminən 44.33 faiz azalma müşahidə oluna bilər. Vergilər şəklində daxilolmalara gəlincə, kəmiyyətcə ən yüksək daxilolmalar Əlavə Dəyər Vergisi (ƏDV) üçün proqnozlaşdırılmışdır.

ƏDV şəklində 4.735 mlrd manatın əsas hissəsi idxal əməliyatları çərçivəsində nəzərdə tutulan vergi məbləğidir. Bir az da aydın şəkildə ifadə etsək, gömrük rüsumları, yol vergisi, aksizlər birlikdə ƏDV məbləğinin idxalda payını üstələyə bilməz.

 

Amma bu da son demək deyil. İdxalda ƏDV məbləğinin tətbiqi heç də ümumi iqtisadiyyat üçün əlverişli sayılmır. Bu, həm də qiymət artımına səbəb olur. Valyutanın ölkə daxilində qalması, onun yerli istehsalda dövriyyə vəsaitinə çevrilməsinə şəraitin yaradılması daha düzgün iqtisadi islahat modeli kimi anlaşılmalıdır. Çalışmaq lazımdır ki, devalvasiya təhlükəsi inflyasiya üçün şərait yaratmasın. Yerli tələbi idxaldan asılı vəziyyətdən çıxarmaq, dempinq siyasətini sosial mühitə uyğun təkmilləşdirmək lazımdır.

 

Ən böyük təhlükə vergi yükünün artırılması halında baş verə bilər. Oxşar hadisə sabiq vergilər naziri Fazil Məmmədovun dövründə baş vermişdi. İqtisadi aktivlik azaldığı halda vergi yığımlarında güzəştlər deyil, əksinə sərtləşdirmələr həyata keçirilmişdir. Mən bu barədə 2017-ci ildə Bakıda keçirilən konfransda ADİU –da çıxışımda da vurğulamışdım. Beynəlxalq təcrübə nəzərə alınmadığı üçün sahibkarlar ordusunun ölkədən qaçmasına , eyni zamanda pul vəsaitlərinin ölkədən daşınmasına şərait yaranırdı. Bu gün də belə bir təhlükə yarana bilər. Əgər vergi siyasəti iqtisadi mühiti düzgün qiymətləndirməzsə, vergi yığımları birdəfəlik perspektivlik daşıyarsa onda sosial iqtisadi vəziyyət daha da ağırlaşa bilər.

Bu gün dövlətin sosial iqtisadi siyasətinin əsas hədəflərindən biri məşğulluq olmalıdır. İstənilən ağır şəraitdə məşğulluq siyasətinin düzgün həyata keçirilməsi sosial partlayışların qarşısını təbii şəkildə ala bilir. Gömrük orqanlarının əsas vəzifəsi isə iqtisadi tarazlığı idxal və ixrac üzərindən sosial tələblərə uyğun tənzimləməkdir. Plan dərdi olmamalıdır.

 

Qəbul etmək lazımdır ki, idxaldan büdcəyə ƏDV üzrə daxilolmalar kənara çıxarılan valyutanın idxal olunan əmtəə və xidmətlərdə yaratdığı əlavə dəyərə tətbiq olunur. Yaxşı olar ki, pul vəsaitləri ölkə daxilində əlavə dəyər və milli məhsul yaratsın, nəinki gömrük orqanları görüntü üçün yığım planı doldursun. Bunun üçün isə şərait yaradılmalıdır.

İnkişaf etmiş ölkələrdə sahibkarlıq fəaliyyətinə başlayan şəxslər bir neçə il vergilərdən azad edilir. Onlara güzəştli kreditlər təklif olunur. Dövlətin isə marağı sosial rifahın əsası olan məşğulluğu təmin eməkdir. Hesab edirəm ki, koronovirus təhlükəsindən asılı olmayaraq biz daha əvvəllərdən bu yolu seçməliydik.

Elçin Qurbanov

İqtisadçı ekspert




Ana səhifəyə qayıt        Baxış: 4 164          Tarix: 11-03-2020, 22:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma