Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin dünənki iclasında qeyri-adi hadisə yaşanıb.
Ovqat.com-un əldə etdiyi məlumata görə, dünən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov parlament zalında öz yerini tapmaqda çəkinlik çəkib.
Məsələ burasındadır ki, ötən sessiyalardan fərqli olaraq, bu dəfə hər kreslonun üzərinə orda oturacaq adamın adı yazılıb. Vasif Talıbov isə Naxçıvan Ali Sovetinin sədri kimi adətən ön cərgədə otururmuş. Bu dəfə də adəti üzrə yerini ön cərgələrdə axtarıb və bütün kreslolarda başqa adların yazıldığını görüb, təəccüblənib.
Bildirilir ki, qarşılaşdığı bu durum qarşısında əməlli-başlı çaş-baş qalan hörmətli sədrin köməyinə Milli Məclisin texniki işçilərindən biri yetişib. Texniki işçi 96.74% səs toplamış “kristal deputat”a ayrılmış kreslonun arxalarda olduğunu izah edib və onu həmin yerə aparıb. Yer də harda olsa, yaxşıdır? – Milli Məclisin arxa bölümünün 5-ci cərgəsində və qapının ağzında. Ən maraqlısı isə odur ki, həmin qapı heç çıxış qapısı da deyilmiş, deputatların əl-üzünü yumaq üçün istifadə etdikləri “umıvalnik”ə açılırmış.
Vasif müəllimə bu ögey münasibətin səbəbsiz olmadığı bildirilir. Deyilənlərə görə, onun son zamanlar muxtariyyətlə müstəqilliyi qarışdırması, bir çox hallarda bunu nümayişkaranə şəkildə ortaya qoyması paytaxtda sərt təpkilərə yol açır. Xüsusilə son parlament seçkilərində özünə 96.74% səs yazdırması Bakıda “mən hətta Heydər Əliyevdən də, İlham Əliyevdən də daha nüfuzluyam” mesajı kimi alqılanıb. Bu cür alqılanma da əslində səbəbsiz deyil. Naxçıvan Muxtar Respublikaya aid internet səhifələrində özündənmüştəbehliyin son nümunəsi olan bu cür təbliğatlar vaxtaşırı paylaşılır və Bakıda qəsdən qıcıq yaradılır. Həmin qıcıq yaradan statuslardan biriylə aşağıdakı linkdə tanış ola bilərsiniz:
Bir statusun sirri: Vasif Talıbov özünü niyə Heydər Əliyevdən sonra ikinci şəxs sanırmış?
Yeri gəlmişkən, xatırladaq ki, MSK-nın məlumatına görə, İlham Əliyev 2003-cü ildə 75.38%, 2008-ci ildə 88.74%, 2013-cü ildə 84.54 %, 2018-ci ildə isə 86.02 % səs toplayaraq prezident seçilib. Mərhum Heydər Əliyevin Nehrəmdən deputat seçilərkən nə qədər səs topladığını indi heç kim xatırlamasa da, hər halda "nüfuz göstəricisi"ndə nəinki Vasif Talıbovdan, Naxçıvanın digər deputatlarından “geri qaldığına” da şübhə yoxdur. Bu cür yüksək səs göstəriciləri ilə Naxçıvan MR rəhbərliyinin kimə nəyi sübut etməyə çalışdığı isə bilinmir.
Naxçıvanla Bakı arasında ziddiyyətlərin sonuncu pik nöqtəsi isə koronavirus təhlükəsinə qarşı alınan tədbirlərdə ortaya çıxıb. Qeyd olunur ki, Azərbaycanda bütün məktəblər tətilə buraxıldığı halda, Naxçıvan MR buna ehtiyac görmədiyinə dair qərar qəbul etmişdi. Faktiki olaraq “mən Azərbaycanı tanımıram” mənasına gələn bu qərar Bakıda elə ciddi əks-səda doğurmuşdu ki, Naxçıvanın “muxtariyyət” oyunlarından boğaza yığılan mərkəzi hakimiyyətin ən ali şəxsinin Vasif Talıbova zəng edərək irad bildirdiyi qeyd olunur. İddialara görə, irad o qədər sərt olub ki, bu “muxtariyyətin” ömrü cəmi bir neçə saat çəkib. MR rəhbərliyi dərhal qərarını dəyişərək məktəbliləri tətilə buraxıb.
Naxçıvanın “muxtarlığı” bir gün çəkdi: Məktəblərdə tədris dayandırıldı
Zahid Oruc ön sırada
Bu da Vasif Talıbovun zindeyi-zəhləsi getdiyi Siyavuş Novruzovun yeri
Uzun zamandan bəri Naxçıvanla Bakı arasında əsən sərin küləklər parlamentin son iclaslarından da yan keçməyib. Bildirildiyinə görə, Bakıdan “küsən” Vasif Talıbov parlamentin ilk iclasına ümumiyyətlə qatılmayıb. Hansı ki, həmin iclasda İlham Əliyevin çıxış edəcəyi gözlənilirdi. Hətta buna görə yarırəsmi xəbər agentlikləri belə Vasif Talıbovla yanaşı, digər "küskün" deputat Oqtay Əsədovun da mandat ala bilmədiyi xəbərini paylaşıb. Bunu “mandatdan ola bilərsiniz” mesajı kimi başa düşən Vasif Talıbov ertəsi gün özünü parlamentin sessiyasına çatdırıb. MM-in çağırışına yubanan deputata arxa cərgələrdə yer verilməsinin əsas səbəblərindən birinin də bu olduğu vurğulanır.
Məlumata görə, ən incə işarələrdən anlayacaq qədər arif olan Vasif Talıbov ona verilmiş bu mesajdan çox pəjmürdə hala düşüb və iclasın sonuna qədər sifətindən çəkilməyən qızartı tribunanın yanından belə sezilirmiş.
O da bildirilir ki, Naxçıvan Ali Məclisinin “Cənab Sədri” bu cür münasibətlərdən əsla xoşlanmayan adamdır. Hətta YAP-ın qurultaylarında Siyavuş Novruzovun onunla eyni cərgədə oturmasına qeyzlənən Vasif müəllim dəfələrlə toplnatını nümayişkaranə şəkildə tərk edib. İndisə o, nəinki Siyavuş Novruzovdan, hətta Razi Nurullayevdən belə arxada oturmağa layiq görülüb.
Ovqat.com
Paylaş: