Cəlilabad rayon Mərkəzi Xəstəxanasında yeni kadr təyinatı olub.
Ovqat.com-un məlumatında görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.
Əmrə əsasən, İlhаm Əliyev Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş direktoru vəzifəsindən azad edilib. Onun yerinə isə Azadxanov Elnur Ramazan oğlu təyinat alıb.
Xatırladaq ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası koronavirus şübhəli xəstələrin yerləşdirildiyi karantin bölgə kimi istifadə olunan səhiyyə müəssisələrindən biridir. Bu xəstəxanaya ötən ayın ortalarında İranın əl-Mustafa Universitetinin azərbaycanlı tələbələri yerləşdirilmiş və onlar saytımız vasitəsilə xəstəxanadakı bərbad vəziyyətlə bağlı şikayətlərini dilə gətirmişdilər. Hətta üsyana qalxan tələbələrin bu haqlı tələblərini nəzərə alan TƏBİB hələ ötən ay baş direktor İlham Əliyevlə vidalaşmağa qərar vermişdi. Bunun üçün isə ilk əvvəl E.Azadxanov ötən ay “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunmuş və təhvil-təslim prosesi indiyədək davam etmişdi. Görünən budur ki, nəhayət, bu gün son qərar verilib və bir aydır gözlənilən kadr dəyişikliyi həyata keçirilib.
Qeyd edək ki, xəstəxananın sabiq Baş direktoru ölkə başçısının köməkçisi, Əmlak məsələləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Kərəm Həsənovun yaxın qohumu idi və haqqında dəfələrlə korrupsiya ittihamları irəli sürülürdü. İddialara görə, bu zamanadək öz himayədarları sayəsində yarıtmaz əməllərini ölkə başçısının gözündən yayındırmağı bacaran İlham həkimin fəaliyyəti koronavirus gerçəyi ilə üzə çıxmış və xüsusilə tələbə üsyanından sonra bunu ört-basdır etmək mümkün olmamışdır.
Cəlilabadın baş həkiminə ittiham: işə qəbul 3000, şəkər dərmanı pullu...
Xəstəxananın keçmiş Baş direktoru işdən uzaqlaşdırılsa da, onun əsl cəzasının hələ almadığı vurğulanır. Ehtimallara görə, dövlətin müvafiq qurumları xəstəxandakı korrupsiya faktlarını hələ də araşdırır və İlham həkimin taleyi məhz bu araşdırmaların nəticəsində bəlli olacaq. İttihamlar öz təsdiqini taparsa, onun cinayət məsuliyyətinə cəlb olunması istisna edilmir.
Paylaş: