Xəbər lenti

 

İranın ali rəhbər Ayətullah Seyyid Əli Xamenei Novruz bayramı və İranda yeni günəş ilinin başlanması münasibəti ilə xalqı təbrik edib.

Ovqat.com khamenei.ir-ə istinadən xəbər verir ki, Ayətullah Xamenei yeni günəş ilini “istehsalda sıçrayış” ili adlandırıb.

Ötən ilin sellə başlayıb koronavirusla sana çatdığını bildirən dini lider 1398-ci ili (hicri-şəmsi təqdimi) “ağır il” adlandırıb: “İl ərzində digər çoxlu hadisələr, o cümlədən  zəlzələ, sanksiyalar baş verdi.  Lakin  bu  hadisələrin zirvəsi  ABŞ-ın terror cinayəti və İran və İslamın sərdarı olan şəhid Süleymaninin  terror edilməsi və şəhadəti oldu. Ötən il ağır il idi və xalq bəzi problemlərlə üzləşdi”. 

 

Bütün bu çətinliklərə baxmayaraq, ötən ilin həm də misli görünməmiş  başıucalıqları ilə yadda qaldığını vurğulayan ayətullaha görə, bunlardan biri seldən əziyyət çəkən bölgələrə yardım üçün bütün ölkə vətəndaşlarının səfərbər olması, digəri isə Süleymaninin terrorundan sonra onun dəfn mərasimində xalqın milyonluq  və həyacanlı iştirakıdır: “Tehran, Qum, Əhvaz,  İsfahan, Məşhəd və Kirmanda təşkil olunan əzəmətli mərasimlər dünyada və ölkəmizin tarixində  misilsiz toplantılar kimi yadda qaldı.  Bu ölkənin imicinin,  xalqın başıucalığı və izzətinin  göstəricisi oldu. Ötən ilin parlaq nümunələrindən biri də xalqın  koronavirus məsələsində  bəyənilən və gözəgəlimli fədakarlıq göstərməsi idi.  Tibbi personal  yəni həkimlər,  tibb bacıları,  xidmətçilər,  xəstəxana işçiləri və rəhbərliyi, könüllü qrupların üzvləri o cümlədən dini hövzə və universitet tələbələri,  bəsic qüvvələri və digər şəxslərin  gördüyü işlər  qürurverici idi.”

 

Ayətullah Xameneinin fikrincə, İran xalqı bu ağır günlərdə  öz üstünlüyü və gözəlliyi ilə Allahın lütfünü qazanıb və mükafatını mütləq alacaq: “Mən səmimi qəlbdən  bütün bu fəaliyyətlərə görə insanlara təşəkkür edirəm və bu işlərinə görə Allahın mükafatını alacaqları müjdəsini verirəm”.

Ayətullah Xamenei Allahdan gələn ildə İran xalqı üçün  böyük qələbələr diləyib və bildirib: “Xalq necə ki,  uzun illər qorxmazcasına  və ruh yüksəkliyi ilə  hadisələrlə üzləşib, bundan sonra da hər hansı bir hadisə baş verdikdə öz  ruh yüksəkliyi və ümidlərini qoruyub saxlasınlar.  Əmin olsunlar ki,  bu acılar sona çatacaq və  İran xalqı üçün asanlıq baş verəcək.  “Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!” (İnşirah surəsi, 6-cı ayə).”

  

Ayətullah Xamenei  təbrik mesajında İran istehsalının çiçəklənməsindən də bəhs edərək bildirib ki, ötən il bağlanmış bəzi zavodlar yenidən açıldı,  bəzi sahələrdə istehsal artdı,  özünü təminetmə şirkətlərinin gəlirləri yüksəldi,  istehsal sahəsində təhqiqat və araşdırmalar sahəsində ciddi  addımlar atıldı: “Rəsmi statistika  göstərir ki,  ötən il  istehsalın çiçəklənməsi sahəsində ciddi işlər görülüb və istehsal prosesi az da olsa qaydaya düşüb, lakin bu hələ xalqın yaşayışında hiss olunmur.  Bu işlər o qədər  artırılmalıdır ki,  istehsal o qədər çoxalmalıdır ki, xalqın güzəranına təsir göstərsin.  Ölkənin iqtisadi  problemləri müxtəlifdir o cümlədən  bank islahatları,  gömrük və vergi  islahatları,  iş mühitinin yaxşılaşdırılması  lakin istehsalın rolu iqtisadiyyatda misilsizdir.  İstehsal yoluna düşərsə, ölkə daxilində 80 milyonluq  satış bazarı xarici sərmayəni cəlb edər və  digər ölkələrə ixracat da artar,  iqtisadi problemlər həll edilər və sanksiyaların təsirini  ölkənin xeyrinə  dəyişər”. 

 

Sanksiyaların indiyədək verdiyi ziyanla yanaşı  bəzi xeyirlərinin də olduğunu bildirirən fikrini belə əsaslandırıb:  “Bizi  yaşamaq üçün lazım olan şeylərin hazırlanmasına və ölkənin ehtiyaclarını ölkə daxilindən təmin etməyə sövq edib.  Bu çox dəyərli bir fürsətdir və  davam etdirilməlidir.”

Qarşdan gələn ili  “istehsalda sıçrayış ili” adlandıran Ayətullah Xamenei  xalqı bir daha Novruz bayramı münasibətilə təbrik edib.

Qeyd edək ki, Xameneinin bu çıxışı təkcə İranda deyil, dünyanın bir sıra ölkələri tərəfindən də böyük maraqla gözlənilirdi. Zira İranda minillərdir keçirilən Novruz bayramlarında ölkə liderlərinin xalq qarşısına çıxıb təbrik nitqi söyləməsi ənənə halını alıb. Bəlkə də tarixdə ilk dəfə idi ki, bu il həmin ənənəyə son qoyuldu. Koronavirusu əsas gətirən İran rəsmiləri bütün toplantılar kimi, dini liderin bayram nitqini də təxirə saldı. Ayətullah Xamenei bu nitqi adətən İmam Rza məscidində söyləyirdi, amma Məşhəd də karantinə alınan şəhərlər arasındadır. Görünür, dini lider də məhz bu qadağanı nəzərə alıb təbrikini yazılı surətdə xalqa təqdim edib.

 

Bir sıra ekspertlər isə bu təxirə salmanı dini liderin səhhətilə əlaqələndirirdilər. Hətta bəziləri onun dublyorunun koronavirusa yaxalanmasını belə dilə gətirirdilər. Xameneinin bayram çıxışını yazılı şəkildə etməsi bu şübhələri azaltmasa da, hər halda İran tarixində yeni bir ənənənin bərqərar olması anlamına gəlir.




Ana səhifəyə qayıt        Baxış: 2 967          Tarix: 20-03-2020, 12:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma