Azərbaycanlı tələbələrin indiyədək İstanbul hava limanında saxlanılmasının şok səbəbləri aydın olur.
Ovqat.com-a tələbə valideynlərindən birinin verdiyi məlumata görə, bu gün İstanbulda sərkərdan qalan vətəndaşlarımızın təxliyəsinə başlanılmasına baxmayaraq, onun və övladının İstanbuldakı Baş Konsulluğa açdığı telefon zənginə cavab verən tapılmır. Nəticədə onlar necə hərəkət edəcəklərini bilmirlər.
Valideynin bildirdiyinə görə, oğlu neçə gündür İstanbul hava limanında gözlədikdən sonra dünən təhsil aldığı şəhərə qayıdıb. Təhlükəsizlik səbəbilə oğlunun və təhsil aldığı şəhərin adını söyləməyən valideyn bildirir ki, oğlu geri qayıtmamışdan əvvəl İstanbuldakı Baş Konsulluğun bir əməkdaşı ilə danışıb. Razılığa gəliblər ki, tələbə vaxtaşırı Baş Konsulluqla əlaqə saxlayacaq və təyyarə hazır olan gün yenidən İstabula qayıdacaq. Bu gün isə mətbu orqanlardan tələbələrin təxliyəsindən xəbər tutublar. Tələbə xəbərin səhihliyini öyrənmək üçün Baş Konsulluğa və Konsulluğun əməkdaşının cib telefonuna nə qədər zəng etsə də, heç birindən cavab ala bilmir.
Valideynin dediyinə görə, oğlunun yaşadığı şəhərə qayıtmasının mühüm bir səbəbi də varmış. Sən demə, tələbə İstanbul hava limanında baş verən hadisələrdən təxribat qoxusu alıb və bu oyunda iştirak etməmək üçün təhsil aldığı şəhərə qayıdıb.
“Baş Konsulluğun əməkdaşları tələbələrə, o cümlədən mənim oğluma neçə gündür ki, təyyarənin olmayacağını təlqin etməyə çalışır, daha sonra isə bir qrup öyrədilmiş adamlar vasitəsilə onlar iş adamı Mübariz Mənsimovun məhkəməsi qarşısında mitinqdə çağırılırmışlar. Oğlum da bu iki hadisə arasında üzvi əlaqədən şübhələnir və geri qayıdır”,-deyən valideynin fikrincə, neçə gündür hava limanında baş verənlər məhz buna xidmət edirmiş.
Maraqlıdır ki, Türkiyədəki Azərbaycan nümayəndəliklərinin həqiqətən də belə bir oyunun içində olduğu barədə başqa dəlillər də var. Dəlillərdən biri Türkiyədəki bütün nümayəndəliklərimizin qeyri-qanuni tətilə çıxması ilə əlaqədardır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah bayram günləri də işləməyə qərar vermişdi. Qərarda XİN və xarici ölkələrdəki səfirlik və nümayəndəliklərin də adi iş günü qrafiki ilə işləyəcəyi xüsusi olaraq vurğulanırdı:
“Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq:
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
- Azərbaycan Respubikasının Nazirlər Kabineti
- Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)”
və s.
XİN sözşüsü Leyla Abdullayevanın mətbuata verdiyi açıqlamaya görə, nazirlik bu qərara uyğun olaraq diplomatik nümayəndəliklərə bayram günlərində də işləmək barədə xüsusi təlimat göndərib. Bütün xarici nümayəndəliklərimiz istisnasız olaraq bu təlimatı yerinə yetiriblər, təkcə Türkiyədəkilərdən başqa. Bunu Ankaradakı səfirliyin rəsmi saytında yayımlanan bir elan da təsdiqləyir. Elanda deyilir:
http://ankara.mfa.gov.az/news/4/3205
Azərbaycan Respublikasının Səfirliyinin və Səfirliyin Konsulluq şöbəsinin qəbulları müvəqqəti olaraq dayandırılmışdır
Çox təcili məsələlərlə bağlı Səfirliyin əlaqə vasitələri:
Telefon: +905372826740
Konsulluq məsələri ilə bağlı e-mail: [email protected]
Digər məsələlər ilə bağlı e-mail: [email protected]
Ankaradakı səfirliyimizin bu elanından sonra Türkiyədəki digər Baş konsulluqlar da eyni qərarı alıblar. Qarsdakı Baş Konsulluğun yayınladığı elanında deyilir:
İstanbul Baş Konsulluğunun çıxardığı bənzər qərarı əldə edə bilməsək də, tələbələrinin bildirdiyinə görə, onların nümayəndəliyə etdikləri zəngə cavab verilməyib. Bu da İstanbul Baş Konsulluğunun da fəaliyyətini dayandırdığına işarədir. Hətta o da bildirilir ki, İstanbul Baş Konsulluğu Mübariz Mənsimova yaxın iş adamlarının yardımı ilə tələbələrə ziyafət də verir və onlara təyyarə olmayacağını və avtobusla yola salınacaqlarını da deyirmişlər. Məqsəd isə yazının aşağıdakı bölümlərindən öyrənəcəyiniz kimi tamamilə başqa imiş.
Bildirilir ki, Ankaradakı səfirlik və digər nümayəndəliklər Azərbaycan hökumətinin bu qərarına əməl etməmələrini Türkiyə hökumətinin guya karantin qərarı ilə əsaslandırmağa çalışsa da, əslində bu mülahizələrin tutarlı əsası yoxdur. Çünki Azərbaycanın istənilən ölkədəki səfirliyi, o cümlədən də Türkiyədəki nümayəndəliklər rəsmi Bakının təlimatı ilə işləməlidirlər, Ankaranın yox. Üstəlik, Ankaradan da onlara belə bir təlimatın gəlməsi mümkün deyildi və gəlməmişdi.
Bəs, diplomatik nümayəndəliklərimiz o zaman niyə Operativ Qərargahın həm də fövqəladə xarakterli qərarını pozublar?
İddialara görə, onlar bu əmri Mübariz Mənsimovdan alıblar. Bildirilir ki, diplomatik nümayəndəliklərin bütün işçiləri, o cümlədən Səfir və Baş konsullar hər ay iş adamından kifayət qədər yüksək məbləğli maaşla təmin olunurlar. Mübariz Mənsimovun tutulması onların da “çörək ağacı”nın kəsilməsinə səbəb olacağından Azərbaycan diplomatları öz qida mənbələrini qurtarmağa çalışıblar. Bunun üçün isə tələbələri məhkəmə önünə aparıb etiraz aksiyası təşkil etmək istəyiblər. Bu da alınmayınca tətilə çıxıb və onların dərdlərini ünvanına çatdırmaq istəməyiblər. Hətta iş adamlarının ziyafətləri ilə tələbələri mitinqə aparmağa xidmət edirmiş.
Məsələ bir sıra mətbu orqanda, xüsusilə də Ovqat.com-da işıqlandırılandan sonra isə bu plan pozulur və diplomatik nümayəndəliklərin “B” planı işə düşür: Tətilə çıxaraq tələbələrin təxliyəsinin qarşını almaq və ictimai rəyi Azərbaycan hakimiyyətinin əleyhinə qızışdırmaq. “B” planına yaxşı bəhanə də tapıblar: “Türkiyə prezidenti cənab R.T.Ərdoğan təlimat verdiyi üçün biz tətilə çıxırıq”.
Məlumata görə, Türkiyədəki diplomatların yarımçıq qalan təxribatları nəticəsində artıq bəzi tələbələrin koronavirusa yoluxma ehtimalı da istisna edilmir. Valideynlərdən birinin məlumatına görə, ən azı bir tələbədə qızdırma halları müşahidə olunub və təxliyə təyyarəsinin Lənkərana uçmasının səbəbi də bununla bağlıdır. Zira həmin tələbələr eyni ortamda və yaxın təmas halında olublar və əgər qızdırması olan uşaqda bu virus təsdiqlənərsə, hamısına keçmə ehtimalı var. Bu səbəbdən də tələbələr Lənkəranda 14 gün karantin altında tutulacaqlar.
O da iddia olunur ki, XİN-dən diplomatik nümayəndəlikləri bu əməllərinə görə bərk danlasalar da, onlar dünənədək “Türkiyə şərtlərini” nəzərə almağa üstünlük veriblər. XİN dünən məcbur qalıb öz sözçüsü Leyla Abdullayevanın diliylə Azərbaycandakı saytlardan birinə açıqlama verərək dolayısıyla “asi” diplomatlara gücləndirilmiş iş rejimdə olduqlarını xatırladaraq deyib:
“Bu gün qlobal müstəvidə koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın həm Xarici İşlər Nazirliyi, həm də Azərbaycan hökuməti tərəfindən çox ciddi təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu müstəvidə xarici ölkələrdəki diplomatik nümayəndəliklərimiz xüsusi gücləndirilmiş rejimdə fəaliyyət göstərir”.
Diplomatlara bu da təsir etməyib. Sonunda tələbələrin təzyiqi və Ovqat.com-un onların etirazını işıqlandırması nəticəsində ölkənin ən yüksək dairələri vəziyyətdən hali olub və hadisəyə müdaxilə ediblər. Yalnız bundan sonra “tətilə çıxmış” diplomatik nümayəndəliklərimiz öz işlərini bərpa ediblər və tələbələrin təxliyəsinə start verilib.
İddialara görə, diplomatlarımızın bütün təxtibatı əslində gözlənilməz deyilmiş. Diplomatik nümayəndəliklərimizin, demək olar ki, bütün hamısının Mübariz Mənsimovun nəzarəti altında olması çoxdan bilinirdi və zaman-zaman bu barədə məlumatlar dövrü mətbuatda dərc olunurdu. Amma nədənsə Azərbaycan hakimiyyəti bu barədə vaxtında ölçü götürməyə tələsməyib. Görünür, Mübariz Mənsimovun xeyriyyəçiliyi ilə baş tutan bir sıra tədbirlərin keçirilməsi Bakıda hansısa dairələrin də marağına uyğun imiş. Azərbaycanın İstanbuldakı keçmiş konsulu (2010-2015) Həsən Zeynalovun “Diplomatın həyat yolu” adlı kitabında nəql etdiyi bəzi fikirlər də bu ehtimalı qüvvətləndirir. Sabiq səfir yazır:
““Camaata” yaxınlığı ilə bilinən və 1998-ci ildə Türkiyədə qurulmuş “Palmali” şirkətinə rəhbərlik edən Mübariz Mənsimov geniş imkanları sayəsində 2010-cu ilədək İstanbuldakı Baş Konsulluğu öz təsirində altında tutaraq, qanunsuz məqsədlərini həyata keçirirdi. Belə ki, şəxsi mənafeləri üçün Baş Konsulluqda istədiyi sənədləri saxtalaşdırır, eləcə də maliyyə fırıldaqlarını ört-basdır etmək üçün Baş Konsulluğun imkan və imtiyazlarından qanunsuz istifadə edirdi. Hətta həmin dövrlərdə rəsmiləşdirilmiş saxta sənədlər 2013-2016-cı illər Azərbaycanda və Türkiyədə məhkəmə mübahisələrinin obyektinə çevrilir (aşkar olunduğu 2014-2015-ci illərdə bu hallar barədə Prezident Administrasiyasına, XİN-ə və hüquq-mühafizə orqanlarına məlumat verilib)”.
Həsən Zeynalovun fikrincə, “qənaətbəxş” xidmətlərinə görə Baş Konsulluğun o dövrkü və keçmiş əməkdaşları daşınar və daşınmaz əmlakla, şirkətdə yüksək vəzifələrlə mükafatlandırılırdı. 2010-cu ilin sonlarından etibarən Baş Konsulluğa təsir imkanlarının keçərli olmadığını görən Mübariz Mənsimov 2011-ci ildə təsis olunan “SOCAR Türkey” şirkəti ilə əməkdaşlığı gücləndirir. Bunun üçün isə kifayət qədər münbit şərait olur.
“Belə ki, “SOCAR Türkey”in idarəediciləri o zamanlar Türkiyə hökumətində mühüm vəzifələr tutmuş FETÖ-çülərin səyləri ilə əsasən Türkiyə və Azərbaycanda fəaliyyət göstərən “Camaat”dan formalaşdırılır. Belə ki, şirkətin başına Türkiyədən Kenan Yavuz, 1-ci müavin vəzifəsinə Azərbaycandan Samir Kərimov, eləcə də bir çox aparıcı vəzifələrə digər əqidədaşları gətirilir. 2016-cı ildə ifşa olunan bu şəbəkənin üzvləri ARDNŞ rəhbərliyi tərəfindən ““SOCAR Türkey”dən uzaqlaşdırılır»-Həsən Zeynalov kitabında yazır.
Keçmiş konsulun bildirdiyinə görə, “Ərəb baharı”nın Yaxın Şərqə qədər gəlib çıxdığı 2011-ci ildə Elnur Aslanov və Fərhad Məmmədov “Palmali” şirkətinin maddi dəstəyi və Azərbaycanın Ankaradakı səfirliyinin iştirakı ilə“Caucasus İnternational” adlı jurnalın Türkiyədə nəşrini həyata keçirirlər. Jurnalın fəaliyyətinə nəzarət edən əsas fiqur isə Elnur Aslanov idi”.
Qeyd edək ki, yuxarıda gətirdiyimiz sitat “Yeni Müsavat” qəzetinin 2-02-2018 buraxılışında dərc olunmuşdu. “SABİQ KONSUL MƏNSİMOV – GÜLƏN ƏLAQƏLƏRİNİ AÇDI! – “Elnur Aslanova da…”” sərlövhəli yazıya o zaman ciddi reaksiya verilməməsi, belə görünür ki, bu gün Türkiyədə təhsil alan tələbələrimizin başında çatlayıb. Məqsəd isə, sözsüz ki, tələbələrə səbəbsiz yerə işgəncə vermək deyildi. Bəlkə də əsl məqsəd iki qardaş ölkə arasına konflikt salmaq və bundan hansısa siyasi dividentlər əldə etməkdi. Buna isə hüquqi terminologiyada “təxribat” deyirlər. Nə yazıq ki, bu təxribatın törədilməsində Azərbaycanın Türkiyədəki bütün diplomatik nümayəndəlikləri baş rolda çıxış ediblər. Azərbaycanın müvafiq orqanları yenə də bu rəzaləti gözardı edəcəkmi? Bunu yaxın günlərdə görəcəyik.
Paylaş: