Xəbər lenti

  

“Təcili komendant saatı tətbiq olunmalıdır”

 

“Azərbaycan tələbələrinin Türkiyənin küçələrində sərkərdan vəziyyətdə qalması təkcə humanitar problem deyil, həm də dövlətimiz adımıza böyük bir eyibdir. Təbii sərvətlərlə zəngin ölkə olasan, Fransada və Vatikanda muzeyləri təmir etdirəsən, dünyanın ən mənasız tədbirlərinə hər il milyardlarla dollar ayırasan, hətta Gürcüstanda erməni kilsəsini müftə qazla təchiz etməyə pul tapasan, amma İstanbul hava limanında çarəsiz vəziyyətdə qalan tələbələrin təxliyəsi üçün bir neçə təyyarə ayırmayasan, bunun bir adı var - rəzalət”.

Ovqat.com xəbər verir ki, Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Türkiyədə təhsil alan tələbələrin çarəsiz vəziyyətdə qalmasını şərh edərkən belə deyib.

Onun sözlərinə görə, gənclər və təhsil siyasəti hər bir dövlətin ən ümdə strateji priorieti olmalıdır: “Dövlətlər elmə və gənc mütəxəssislərin yetişdirilməsinə yatırdığı investisiyalarla ağ günə çıxırlar. Bunun üçün öz istedadlı uşaqlarını seçib daha inkişaf etmiş ölkələrdə təhsil almağa göndərirlər. Həmin uşaqlar yeni təcrübi və elmi biliklərlə geri qayıdıb öyrəndiklərini öz ölkələrində tətbiq edirlər. Beləcə yerli idarəçilik və elmi baza ilə xaricdən aldığın mütərəqqi ideyalar birləşir, sinerjiyə çevrilir. Bəzən əldə olunan bu sinerji nəticəsində dövlətlər bir zamanlar geri qaldıqları və elmi potensialından faydalandıqları mədəniyyətləri belə keçirlər. Bu gün Qərb mədəniyyəti əldə etdiyi bütün uğurları Şərq aləmindən aldığı bu mütərəqqi ideya və kəşflərə borcludur. Yaxud Yaponiya, Almaniya kimi iki dəfə dünya müharibəsini uduzan və iqtisadiyyatı darmadağın olan ölkələr öz potensialları ilə xaricdən aldıqları elmi dəyərləri birləşdirərək dünyanın ən aparıcı gücünə çevrilmişlər. Bu misalları sonsuzadək uzada bilərəm. Amma məqsədim kiməsə elm və mədəniyyət tarixi öyrətmək deyil. Mən sadəcə Azərbaycan hakimiyyətinin xaricdə təhsil alan tələbələrə bu qədər biganə yanaşmasının nə dərəcədə yanlış olduğunu diqqətə çatdırmaq istəyirəm”.

Azərbaycan hakimiyyətinin bir zamanlar xaricdə pulsuz təhsil proqramı həyata keçirdiyini xatırladan İlyas İsmayılovun fikrincə, o zaman da ciddi səhvlərə yol verildi: “İstedadlı tələbələri seçib onların xaricdə oxumalarını maliyyələşdirmək əvəzinə, özlərinin ərköyün uşaqlarını nüfuzlu ali məktəblərə göndərdilər. Halbuki onların bu maliyyə dəstəyinə ehtiyacları yoxdu. Ataları, anaları ölkənin  var-dövlətini talaya-talaya dövlətdən daha varlı gücə çevrilmişdilər. Uşaqları da valideynlərinin “işgüzarlıq qabiliyyətlərinə” görüb yüksəlmənin yolunun elmdə deyil, yaxşı rüşvət almaq bacarığında olduğunu düşünür və özlərini əziyyətə salmaq istəmirdilər. Xaricdəki azad mühitin verdiyi rahatlıqdan istifadə edərək dövlət hesabına kef çəkib heç bir uğur əldə etmədən ya geri dönürdülər və əllərini ovuclaya-ovuclaya atalarının nə zamansa boşalacaq yerində oturub rüşvət almağı davam etdirməyi düşünürdülər, ya da başqa dövlətdə eyş-işrətə qurşanırdılar. Kasıb əhalinin istedadlı balaları isə sovetdən qalma, özünü yeniləyə bilməyən yerli ali təhsil məktəblərində rüşvət verməyə öyrəşdirilirdilər. Beləcə, böyük bir fürsətlər yelə verildi. Daha sonra isə xaricdə təhsil almağı maliyyələşdirməkdən ümumiyyətlə intina etdilər. İndi yoxsul əhali min bir əzab-əziyyətlə uşaqlarını öz hesablarına xaricdə təhsil almağa göndərir. Hava limanlarında sərkərdan vəziyyətdə qalan da elə həmin kasıb balalarıdır. Çünki varlı övladları ya ölkəyə qayıtmağın bir yolunu tapıblar, ya da xaricdəki evlərində daha rahat karatin altındadırlar. İmkansız ailələrin övladları isə hava limanlarında gecələyirlər. Koronavirusun təhdidi altındadırlar. AZAL-ın göndərdiyi təyyarə gələndə isə onların yox, evlərində dincələn varlı balalarının təxliyə olunacağı bəllidir”.

İlyas İsmayılov ölkəmizdəki pullu təhsil probleminə də toxunaraq bildirdi ki, Azərbaycanda ali məktəblərdə ödənişli sistem tamamilə ləğv olunmalıdır: “Çünki bu sistem rüşvət ala-ala harınlayan ali məktəb rektorlarının əlavə gəlir mənbəyinə çevrilir. Ali məktəblərdə ödənişlər o qədər yüksəkdir ki, hər il minlərlə kasıb balası tələbəlikdən imtina etməli olur. Bu sistemin bir neçə iri məmurun varlanmasından başqa heç bir faydası yoxdur”.

 Ədalət sədrinin fikrincə, Azərbaycan hökuməti nəyin bahasına olursa olsun, xarici ölkələrdə sərkərdan qalan gəncləri dərhal ölkəyə gətirilməli, dünyanın bir çox ölkələri kimi karantin tədbirlərini gücləndirməlidir: “Söhbət təkcə o uşaqların karantin altına alınmasından getmir. Bu gün dünyanın bir çox ölkələri koronavirusdan qorunmaq üçün fövqəladə vəziyyət elan edib insanların çölə-bayıra çıxmasının qarşısı alınır. Koronavirusun meydana çıxdığı Çin məhz bu cür tədbirlərin sayəsində bu bəlaya qalib gələ bildi. Hazırda Küveyt, Yunanıstan, İspaniya, Fransa, Almaniya və ümumiyyətlə əksər Avropa ölkələri komendant saatı tətbiqinə başlayıb. Azərbaycan onlardan daha inkişaf etmiş ölkə deyil. Bizimkilər isə, sizin saytınınız gözəl bir təsbiti var, “Allaha təvəkkül” məntiqilə hərəkət edirlər. Seyid cəddinə arxayın olan kimi, bunlar da deyəsən, öz bəxtlərinə inanırlar. Bir müddət əvvəl İtaliya da bu yolu seçmişdi. İndi həmin səhvin nəticəsində hər gün İtaliyada yüzlərlə adam həyatını itirir və günlük ölümlərin sayında böyük artım müşahidə olunur. Azərbaycan hakimiyyəti bu millətə eyni bədbəxtliyi yaşatmamaq üçün təcili tədbirlərə əl atmalıdır. İlk növbədə isə komendant saatı tətbiq olunmalıdır”.




Ana səhifəyə qayıt        Baxış: 6 946          Tarix: 23-03-2020, 08:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma