Xəbər lenti

 

Hövsan qəsəbəsinin “Bağlar” adlanan səmtində məşkunlaşan vətəndaşlar illərdir su üzünə həsrətdirlər.

Ovqat.com-a bu barədə məlumatı sakinlərin özləri veriblər.

Onların dediyinə görə, məskunlaşdıqları ərazi qeyri-qanuni ələ keçirilmiş torpaq sahəsi də deyil. Prokurorluq işçiləri üçün ayrılan sahədə pul verib torpaq alıblar. Əllərində daşdan keçən sənədləri də var. Aldıqları torpaq sahəsində ev tikib məskunlaşıblar. Amma indiyədək bu ərazilər su ilə təchiz olunmur.

 

Halbuki, sakinlər suyu heç “Azərsu”-nun xeyratı hesabına da almaq istəmirlər. Əraziyə boru xəttiylə su çəkilməsinə sərf ediləcək vəsaiti ödəməyə hazırdırlar və bu barədə təkliflərini həm yerli su idarəsinə, həm də “Azərsu”-nun mərkəzi ofisinə bildiriblər. Di gəl ki, onların müraciətinə baxan yoxdur.

Sakinlərin ən çox anlamadıqları müəmma da məhz bununla bağlıdır. Axı evlərin suyla təchizatı sakinlər qədər “Azərsu”-nun da marağı daxilindədir və ya elə olmalıdır. Axı, sakinlər işlədəcəkləri su müqabilidə pul ödəyəcəklər. “Azərsu” da bu vəsaitlə öz işçilərinə maaş verəcək. Üstəlik, əraziyə suyun çəkilməsi üçün tələb olunan vəsaiti sakinlər ödəyəcəksə, onda “Azərsu”-nun qarnının ağrısı nədir? Niyə öz vəzifə borcunu yerinə yetirmək istəmir?

 

Şikayətçilərin bildirdiyinə görə, bu sualı əraziyə veriləcək suyun olmaması kimi arqumentlərlə əsaslandırmaq mümkün deyil. Çünki elə həmin ərazidə “Azərsu”-nun vitse-prezidentlərindən birinin bağ evi yerləşir. Hazırda oraya iri borularla su çəkilir. Boruların yoğunluğundan aydın olur ki, həmin iri məmur bağ evinə çəkilən kanaldan sadəcə içməli su üçün istifadə etməyəcək. Yəqin ki, bağını suvaracaq, həyətində tikdiyi hovuzunu dolduracaq, itini-pişiyini çimdirəcək və s. bu kimi məqsədlər üçün faydalanacaq. Halbuki, elə o məmura çəkilən boru ilə “Bağlar” səmtinin bütün sakinlərini suyla təchiz etmək olardı. O da maraqlıdır ki, şəkildə evini və həyətinə çəkilən boru xəttini gördüyünüz iri məmur “Bağlar”ın yeganə imtiyazlı şəxsi də deyil. Həmin ərazidə bir neçə mümtaz şəxsiyyətin də bağ evi var və bənzər boru xətlərindən onların evinə də çəkilib.

 

“Azərsu” üçün isə, görünür, iri bir məmurun itinin-pişiyinin dəyəri bütün Hövsan əhlindən qiymətlidir. Hər halda bu, əraziyə çəkilən boru xəttindən də görünür.




Ana səhifəyə qayıt        Baxış: 3 129          Tarix: 23-03-2020, 13:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma