Xəbər lenti
Dünən, 19:25

  

Zaur Əmirov

KürdəmirAgro MMC-nin təsisçisi

Dövlətlərin meydana gəlməsi barədə müxtəlif nəzəriyyələr mövcuddur. Hegel kimi onu “Allahın yer üzərindəki yürüşü” (bizim təbirimizcə desək, kölgəsi) olaraq müqəddəsləşdirənlər də var, Karl Marks kimi hakim zümrənin zəiflər üzərində qurduğu “zor aparatı” olaraq görən də. Nitsşe kimi dövləti anarxist nöqteyi-nəzərdən qiymətləndirənlər də az deyil. Zənnimizcə, dövlətin ən dolğun və doğru tərifini isə 18-ci əsrin görkəmli fransız filosofu Jan-Jak Russo vermişdir. “Dövlət kollektiv iradənin məhsuludur”,-deyən Jan-Jak Russonun fikrincə, dövlət nə ilahi lütfə, nə də zənginlərin kasıblar üzərində hegemoniyasına söykənir, əksinə bu sistem vətəndaşların azad şəkildə birləşməsindən, ehtiyaclarını təmin etmək və fəaliyyətlərini daha rahat yürütmək üçün müəyyən iş bölgüsünə getmələrindən meydana gəlib. Bu birgə fəaliyyətin səbəbi isə insan oğlunun təbiət qarşısındakı zəifliyini ortadan qaldırmaq, təhlükəsizliyinin təmin etməkdir.

Məsələyə bu baxımdan yanaşanda dövlət elə təhlükəsizlik sistemi deməkdir. Vətəndaşlar bu sistemdə özlərini təhlükəsizlikdə hiss etdikcə dövlət əsl möhtəvasına qovuşur. Aldığımız təhsildən tutmuş, sağlamlığımıza, işgüzar münasibətlərimizə, sağlam və yetərli qida təmin etməyimizə, xarici hücumlardan müdafiə olunmağımıza qədər insanın ehtiyac duyduğu təhlükəsizlik amilləri var. Dövlətin təhlükəsizlik strategiyası da məhz bu amillərə əsaslanır. Bu amillərdən biri olmasa, biz də insan kimi rahat həyata sürə bilmərik.

Göründüyü kimi, bizi biz edən, təbiət üzərində qalib vəziyyətə gətirən, Qurani-Kərimin dediyi kimi əşrəfi-məxluqata (xəlq olunmuşların ən şərəflisinə) çevirən əsas dəyər təhlükəsizliyimizdir. Biz məhz bu dəyərləri bəxş etdiyi üçün dövlət qurmaq hədəfində azad iradəmizlə birləşmiş və milli dəyərlərimizi dünəndən bu günə, bu gündən sabaha daşıyırıq. Dövləti dövlət edən təhlükəsizlik sisteminin ölkəmizdə bir adı var – Dövlət Təhlükəsizlik Xidməti.

 Bu gün bizə millətlər içində seçilmək, insan kimi yaşamaq imkanı verən təhlükəsizlik orqanlarımızın yaranmasının 101 illiyidir. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncam ilə hər il mart ayının 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Xüsusilə son zamanlar bu qurumun fəaliyyətində ciddi irəliləyişlərin baş verdiyi də ortadadır. Çünki bu qurum bütün nüfuzlu təhlükəsizlik əməkdaşlarının da dediyi kimi əsl peşəkarın – general-leytenant Əli Nağıyevin nəzarətindədir. Məhz onun bu vəzifəyə təyin olunmasından sonra bütün iş adamlarının işgüzar fəaliyyətində ciddi dönüşlərin yarandı və hər bir sahibkar daha rahat fəaliyyət göstərmək imkanı qazandı. Məhz onun sayəsində iş dünyamızın qanını əmən bir sıra yerli icra orqanlarının korrupsioner əməllərinə son qoyuldu və insanların qurub-yaratmaq əzmi gücləndi. Ümidvaram ki, bu əzm bizi son zamanlar üzləşdiyimiz iqtisadi, sosial və tibbi təhlükələrdən də qoruyacaq. Çünki hər kəs artıq öz arxasında dövlət gücünü görür və həyata daha nikbin gözlə baxır. Sözsüz ki, cənab generalımızın əldə etdiyi bu uğurların əsl mənbəyi ölkəmizin Ali Baş Komandanından aldığı dəstəkdir. Prezident İlham Əliyevin iradəsi olmasaydı, dövlətimizin təhlükəsizlik sistemi də bu uğurlara imza atmazdı.

Mən təhlükəsizliyimizin əsl qaynağı olan cənab Prezidentimizlə yanaşı, bütün DTX əməkdaşlarını, o cümlədən general-leytenant Əli Nağıyevi peşə bayramı münasibətilə təbrik edirəm.

(Yazı iş adamının facebook səhifəsindən götürülmüşdür: https://www.facebook.com/photo/?fbid=2482618751955921&set=a.1737129476504856)




Ana səhifəyə qayıt        Baxış: 2 911          Tarix: 28-03-2020, 20:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma