Koronavirus bəlası hələ yeni-yeni Azərbaycana qədəm qoymaqdadır. Rəsmilərin etiraflarına görə, COVİD-19 yoluxmasında artıq xarici yayılmadan daxili yayılma mərhələsinə keçən ölkəmizi yaxın günlərdə xeyli çətin sınaqlar gözləyir. Azərbaycanın isə koronavirus imtahanına hazır olmadığını, hətta sinifdə qaldığını indidən demək olar.
Əslində epidemiyanın ən çətin mərhələyə - daxili yayılma həddinə gəlməsi də bu hazırlıqsızlığımızın birbaşa nəticəsidir. Halbuki, İrandan, Çindən, İtaliyadan fərqli olaraq, koronavirus bizə “gəlirəm” mesajını əvvəlcədən vermişdi.
Şəxsən Ovqat.com olaraq biz yanvar ayından etibarən bu təhlükənin qapımızı döydüyünü, bəzi xarici vətəndaşların koronavirus şübhəsilə Azərbaycandan müxtəlif ölkələrə gedib tibbi klinikalara müraciər etdiyini yazır, hökuməti xəbərdar etməyə çalışırdıq. Bizim harayımız isə qulaqardına vurulur, sözlərimizə əhəmiyyət verilmirdi. Çünki dövlət qurumu deyildik, heç bir geniş informasiya kanalımız yoxdu və bu səbəbdən də iddialarımız ciddi təsir bağışlamırdı. Hökuməti vaxtında xəbərdar edəcək qurumlar isə ya yatır, ya da “Allaha təvəkkül” anlayışı içində başımıza gələcək fəlakətlərin insafına bel bağlayırdılar.
Bu sözləri deyərkən biz təkcə adı nazir, özü yüksək məvacibli təqaüdçü olan Oqtay Şirəliyevin rəhbərlik etdiyi səhiyyə sistemini də nəzərdə tutmuruq. Fikrimizcə, Səhiyyə Nazirliyi qədər, hətta ondan daha çox XİN koronavirus imtahanından keçə bilmədi. Heç uzağa getməyək, Azərbaycanla bağlı ilk koronavirus hadisəsi ölkəmizdən Təbriz və Tblisi xəstəxanalarına gedən çinli tələbələrdə qeydə alınmışdı. Biz o məlumatı xarici mətbu orqanlarından əldə edib yayımlamışdıq. Azərbaycanın müvafiq orqanları isə onda qəflət yuxusundan ayılmamışdı.
Daha sonra koronavirus dünyada yayıldıqca xarici ölkələrdə yaşayan vətəndaşlarımız öz ölkələrinə qayıtmağa başladılar. Azərbaycan hakimiyyətinin, ələlxüsus da Türkiyədəki diplomatik korpusumuzun da əsl qabiliyyətsizliyi və uzun illər gizlədə bildikləri kirli camaşirləri də məhz o zaman üzə çıxdı. Tələbələrin İstanbul hava limanında təyyarə gözləməsi zamanı məlum oldu ki, bu ölkədəki diplomatlarımız ümumiyyətlə rəsmi Bakını hesaba qoymurlar. Azərbaycan Nazirlər Kabinetinin yanında yaradılan Operativ Qərargahın çıxardığı imperativ qərarlar belə onlar üçün əhəmiyyətli deyil. Çünki tələbələrin Bakıya uçuş tələbləri onların gündəlik iş rejimlərini pozur, ənənəvi qazanclarına heç bir əlavə gəlir gətirmirdi. Əksinə, üzərlərinə əlavə məsuliyyət yükləyirdi. Onlar da bu cavabdehlikdən yayınmaq üçün öz aləmlərində Türkiyə prezidenti R.T.Ərdoğanın arxasında gizlənirdilər. Azərbaycan dövlətinin təmsilçilərinin vəzifə borclarından bu cür yayınmalarının doğurduğu siyasi və hüquqi məsuliyyət barədə yaxın günlərdə araşdırmalarımızı davam etdirəcəyik. Araşdırmalarımızda Ankara, İstanbul, Qars nümayəndəliklərimizin qurduqları iqtisadi xanədanlıqlar üzərində də dayancağıq, onların molla kəbini kəsməyə bənzər əməllərlə necə pul qazandıqlarını, hətta bəzən Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” əsərindəki axund səviyyəsinə endiklərini və bu əməllərilə hansı mərtəbələrə yüksəldiklərini bütün çılpaqlığı ilə ortaya qoyacağıq.
Yeri gəlmişkən, Türkiyədəki diplomatik korpusumuzda qarşılaşdığımız bu yarıtmaz fəaliyyətlər təkcə onlara da xas deyil. Diplomatlara yaraşmayan, Azərbaycanın adına kölgə salan fəaliyyətlər Varşava, Kiyev, Tblisi, Təbriz, Batumi, Moskva, Roma, Pekin və s. şəhərlərdəki səfirlik və baş konsulluqlarımızda da təkrarlanır. Həmin şəhərlərdə oxuyan tələbələrdən saytımıza xeyli şikayətlər axır və biz də zaman tapdıqca onları işıqlandıracağıq.
Hələlik isə İstanbul hava limanında gözlərini səmaya dikib AZAL-ın “Simurq quşunu” gözləyən tələbələrimiz barədə BBC-nin yaydığı bir məlumatı diqqətinizə çatdırmaq istəyirik:
Türkiyənin İstanbul hava limanında hələ də Azərbaycana qayıtmağı gözləyən 80-ə yaxın adam var.
Onların çoxu tələbədir, gözləyənlər arasında uşaqlı ailələr də var.
Azərbaycan prezidenti İlham Əliyevə ölkəyə qaytarılmaları üçün video müraciət göndərənlər deyirlər ki, vəziyyətləri getdikcə çətinləşir.
Azərbaycanın Türkiyədəki səfirliyinin qaynar xəttindən BBC News Azərbaycancaya bildirilib ki, vəziyyətdən xəbərdardılar, ilk carter reysdə uşaqlı ailələri göndərməyə çalışacaqlar.
Dünyada koronavirus yayılandan sonra xarici ölkələrdə müvəqqəti yaşayan minlərlə azərbaycanlı vətənə qayıtmaq istəyib.
Azərbaycan Xarici İşlər Nazirliyi indiyədək 10 mindən çox azərbaycanlının ölkəyə gətirildiyini bəyan edib.
"Məsciddə yatırıq"
"Aramızda eləsi var ki, 1 həftədir gözləyir,"- İstanbul hava limanında 4 gündür təxliyyə gözləyən Zaur Sadıqzadə BBC News Azərbaycancaya deyib.
O, Azərbaycanın diplomatik korpuslarına, o cümlədən əlaqədər qurumlara müraciət etdiklərini, ancaq heç bir dəstək almadıqlarını bildirir.
"Yemək-içmək ehtiyacımızı İstanbulda azərbaycanlı iş adamları, türklər qarşılayırlar, sağ olsunlar. Gündəlik göndərirlər, amma maska-dezinfeksiyaedici kimi ləvazimatımız tükənir. Amma bunu da istəməyə daha üzümüz yoxdur".
Zaur Sadıqzadə deyir ki, hava limanının məscidində gecələyirlər: "Bircə bura həm istidir, həm də yerdə xalça var. Yuxusu gələn olanda orda yatmağa məcburdur".
"Məsələdən xəbərdarıq"
Azərbaycanın Türkiyədəki səfirliyinin qaynar xəttindən BBC News Azərbaycancaya bildirilib ki, ilk carter reysdə uşaqlı ailələri göndərməyə çalışacaqlar: "Ordakı tələbələrlə də səfirliyin təhsil şöbəsi məşğul olur. Növbəti carter reys olanda onları göndərməyə çalışacağıq".
Amma səfirlik növbəti çarter reysin nə vaxt olacağını bilmir.
Azərbaycanla Türkiyə arasında sərhədlər martın 15-dən bağlanıb. Bundan sonra Türkiyədə olan yüzlərlə azərbaycanlı geriyə qayıda bilməyib. Üstəlik, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr də qaldıqları yataqxanalardan çıxarıldığı üçün geri qayıtmağa çalışıblar. Onların bəziləri avtobuslarla, çarter reyslərlə Azərbaycana aparılsa da, hələ də yüzlərlə Azərbaycan vətəndaşı təxliyyə ediləcəyini gözləyir.
Azərbaycan Xarici İşlər Nazirliyi xarici ölkələrdə qalan Azərbaycan vətəndaşlarını təxliyyə edəcəyini, amma ona qədər olduqları yerdə qalmasını və səyahət etməməsini tövsiyyə edib.
Paylaş: