Xəbər lenti

 

Milli Məclisin deputatı, siyasi elmlər döktoru Elman Nəsirov Misirin “Şəbəb əl-Nil” nəşrinə müsahibə verib. Müsahibəsində Prezident İlham Əliyevin islahatlarından danışan deputat bu islahatları ictimai inqilab adlandırıb. Düzünü desək, bizi müsahibədəki iddialardan çox, başqa məqam maraqlandırır: Elman Nəsirin dünyanın bu dar macalında Misirə necə gedib çıxa bilib? Ən əsası isə ordan qayıtdıqdan sonra niyə karantinə alınmayıb?

Zira, hörmətli deputat həmin müsahibəni martın 25-də verib.  Həmin dövrdə isə ölkəmizə qayıdan bütün vətəndaşların karantinə alınması prosesi artıq başlamışdı.

Ümidvarıq ki, DSX və Elman Nəsirov bu müəmmaya aydınlıq gətirəcək. Hər halda o, sərhədi sürünə-sürünə keçməyib ki, sərhədçilərimizin gözündən yayına. 

İndisə deputatın xeyli uzun müsahibəsindən ən maraqlı fikirləri Ovqat.com oxucuları ilə bölüşürük:

 

- Cənab deputat, Azərbaycan prezidenti İlham Əliyevin başlatdığı islahatlar hansı sahələri əhatə edir?

- Azərbaycan yeni, genişmiqyaslı və hərtərəfli islahatlar mərhələsinə qədəm qoyub. Əslində, bu siyasətin əsası Azərbaycan xalqının ümumilli lideri, mərhum Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev isə islahatlar kursunu müasir dünyanın tələblərinə uyğun şəkildə davam etdirir. O, islahatları “təkmilləşmə, yeni dövrə uyğunlaşma, tərəqqi və çiçəklənmə” adlandırır. Bir sözlə, islahatlar siyasəti yeni mərhələyə daxil olub. Prezident İlham Əliyev bu islahatlara 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkisindəki qələbəsindən az sonra başlayıb. 2019-cu il Azərbaycan Respublikasında dərin islahatlar ili hesab olunur. Proses siyasi, iqtisadi, sosial, məhkəmə sahələrini əhatə edir. O, dövlət strukturlarında da aparılır...

- Bəs ən mühüm siyasi islahat kimi nəyi göstərə bilərsiniz?

- Azərbaycanda islahatlar bütün sahələri, o cümlədən parlament fəaliyyətini əhatə edir. Prezident Administrasiyası və Nazirlər Kabinetində struktur və idarəetmə islahatlarının aparılması ilə qanunverici hakimiyyətdə də islahatlara zərurət yaranmışdı. Məhz buna istinad edən prezident İlham Əliyev 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi elan etmişdi. Məqsəd ilk növbədə islahatların dərinləşdirilməsi, vaxt itirmədən yeni parlamentin işinin təşkili idi. Başqa sözlə, yeniləşən Azərbaycanın yeni parlamentə ehtiyacı var idi...

- Bəs Azərbaycanın enerji təhlükəsizliyi və nəqliyyat siyasətini necə xarakterizə edərdiniz?

- Enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementidir. Bu baxımdan nüfuzlu ekspertlərin “daha müasir dünyanın siyasi mənzərəsi hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olub-olmama bölgüsü ilə müəyyən ediləcək” fikri təsadüf sayılmamalıdır. Cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft və qaz marşrutlarının reallaşdırılmasına nail olub. Prezidentin də qeyd etdiyi kimi, neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan xəttinin tikintisi tarixi hadisədir. Təkcə ona görə yox ki, o, ilk dəfə olaraq Xəzər dənizi neftini Aralıq dənizi bölgəsinə çıxarıb. Həm də ona görə ki, bu kəmərlə yeni yol, yeni dəhliz açılıb.

Bu gün ilk növbədə “Cənub Qaz Dəhlizi” haqda danışa bilərik. Bu layihənin reallaşdırılması istiqamətində ilk addım olaraq, 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə Azərbaycanla Türkiyə arasında TANAP-ın tikintisinə dair tarixi saziş imzalanıb. Bu prosesdə əsas həlqələrdən biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapıb, “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edilib.

2016-cı ildə anoloji addım TAP layihəsi ilə bağlı atılıb. Nəhayət, 2018-ci il mayın 29-da “Cənub Qaz Dəhlizi”nin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimi olub. 2019-cu il noyabrın 30-da isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması üçün 40 milyard dollarlıq investisiyanın cəlbi istiqamətində həlledici addımlar atılıb. Bu, 21-ci əsrin ən nəhəng layihələrindəndir. “Şahdəniz” yatağından çıxarılan qaz bu layihə çərçivəsində ümumi uzunluğu 3500 kilometr olan 3 qaz kəməri vasitəsilə İtaliya limanlarına nəql ediləcək.

Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin uğurunu təmin edən səbəblərdən bəhs edərkən xüsusilə aşağıdakı amilləri ön plana çəkir: birincisi, bu layihə özündə enerji təhlükəsizliyi, enerji mənbələrinin şaxələndirilməsi və azad rəqabəti ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaradılıb. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerjidən siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, “Cənub Qaz Dəhlizi”lə bağlı saziş enerji məsələsinin siyasətdən ayrı olduqda uğur əldə etdiyinə nümunədir.

Enerji siyasətindən danışırıqsa, onu da yada salaq ki, 2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni tarixi səhifə yazdığına şahidlik edib. Həmin gün “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni saziş imzalanıb. O zaman prezident İlham Əliyev bağlanmış müqavilənin ölkəmiz üçün əhəmiyyətini vurğulayaraq, bir neçə başlıca meyarlara diqqət çəkmişdi:  “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi 2050-ci ilə qədər uzadılır, yeni müqavilə Azərbaycan üçün daha əlverişlidir (xarici investorlar ölkəmizə 3,6 milyard dollar əlavə ödəyəcək), AzACG şirkəti SOCAR tərəfindən müqavilədə üçüncü podratçı kimi iştirak edəcək və beləliklə, SOCAR-ın layihədəki payı 11,6%-dən 25%-ə qalxacaq, Azərbaycanın neft gəlirinin həcmi 75%-ə çatacaq və s.

- Azərbaycanın mədəniyyətlər və dinlərarasında dialoqa töhfələri haqda da eşitmək istərdik?

- Prezident İlham Əliyevin siyasəti sayəsində Azərbaycan son 16 ildə təkcə dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib etməyib, eyni zamanda dünyada ümumbəşəri dəyərlərin qorunması və təbliği istiqamətində yüksək nailiyyətlərə imza atıb. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşandığı, bunun fonunda konfliktlərin artması tendensiyasının müşayiət olunduğu, xüsusilə də islamafoboya kimi təhlükəli meyllərin bir sira dövlətin siyasətində özünə geniş yer etdiyi şəraitdə Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edir. Bu məsələdə Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.

Azərbaycanda dini etiqad azadlığı tam təmin olunub. Biz çoxkonfessiyalı və çoxmillətli cəmiyyətik. Əsrlər boyu müxtəlif dinlərin və xalqların nümayəndələri Azərbaycanda ləyaqətlə yaşayıb. Qısaca deyək, multikulturalizm Azərbaycanın xüsusiyyətlərindən biridir. Biz istəyirik ki, bütün millətlərin və dinlərin nümayəndələri həyat tərzindəki müxtəlifliyə baxmayaraq, sülh şəraitində, birgə yaşasın. Dini hisslərə əsaslanan gərginliklər bütün ölkələr, o cümlədən çoxmillətli cəmiyyətlər üçün olduqca təhlükəlidir.

Multikulturalizm bizim adət-ənənəmiz, dövlət siyasətimizdir. O, ictimai sifariş, bizim həyat tərzimizdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtı iki müxtəlif mədəniyyətin daşıyıcılıarının böyük idman bayramlarına ev sahibliyi edib. 2015-ci ildə tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunları, 2017-cildə isə IV İslam Həmrəyliyi Oyunları Bakıda təşkil edilib. Başqa sözlə, Azərbaycan idman vasitəsilə sivilizasiyalararası barışıq və dialoqa böyük tohfə verib. Eyni məntiqdən çıxış edən prezident İlham Əliyev 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etmişdi. Cənab İlham Əliyevin islam həmrəyliyinə xidmət edən bu və digər təşəbbüsləri müsəlman dünyasında geniş rəğbətlə qarşılanıb və böyük siyasi rezonans doğurub.

2019-cu ildə Azərbaycan Dünya dini liderlərinin II Bakı Sammitinə də ev sahibliyi edib. Sammitə 70 dövlətdən nümayəndələr qatılmışdı. Bütün dünya bir daha bu qənaətə gəlib ki, Azərbaycan dünyaya təkcə neft-qaz deyil, həm də harmoniya mədəniyyəti, multikulturalizm və tolerantlıq ixrac edir.

- Onu da bilirik ki, bu gün Azərbaycanın torpaqlarının bir hissəsi işğal altındadır. Ölkənizin bununla bağlı yürütdüyü siyasət haqda nə deyə bilərsiniz?

- Bu, bir həqiqətdir ki, Ermənistanın Azərbaycana təcavüzü, etnik təmizləmə siyasəti olmasaydı, prezident İlham Əliyevin rəhbərliyi altında son 16 ildə həm daxili, həm də xarici siyasətdə qazandığımız uğurların miqyası daha böyük olardı. Münaqişənin hələ də həllini tapmamasına baxmayaraq, Azərbaycan son 16 ildə problemin həlli prosesində siyasi, diplomatik və hərbi üstünlüyünü təmin edib. Ermənistanın çoxsaylı cəhdlərinə baxmayaraq, heç bir beynəlxlaq subyekt, o cümlədən Yerevanın özü separatçı rejimin müstəqilliyini tanimayıb. Bu, Azərbaycanın mühüm siyasi üstünlüyüdür.

İkincisi, Ermənistanın “DQR”də keçirdiyi “referendum”un nəticələri də heç bir beynəlxalq güc və təşkilat tərəfindən qəbul olunmayıb. Bu, əslində beynəlxalq birliyin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etdiyinin təsdiqi, eyni zamanda, Azərbaycanın diplomatik üstünlüyü deməkdir.

Nəhayət, 2016-cı ilin “aprel döyüşləri” Ermənistan ordusunun məğlubedilməzliyi haqqında mifin Azərbaycanın ordusunun əks həmləsilə bir neçə gün ərzində darmadağın edilməsilə nəticələnib. Bu qələbə Azərbaycan ordusunun hərbi texniki təchizatı və döyüş ruhunun ən yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirib. Demək, Azərbaycanın hərbi üstünlüyü də təmin edilib. Bu, bir həqiqətdir ki, Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sirasındadır.

Ötən illər ərzində ölkəmizdə 20 hərbi zavod tikilib istifadəyə verilib. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Üstəlik, onlar dünyanın müxtəlif ölkələrinə ixrac edilir, o cümlədən Azərbaycanda keçirilən müdafiə sənayesi sərgilərində təqdim olunur və müsbət reaksiyalar doğurur.

Ali Baş Komandan İlham Əliyevin təcavüzkar Ermənistan dövlətinə qarşı son 16 ildə tətbiq etdiyi iqtisadi və nəqliyyat blokadası siyasəti də öz müsbət nəticələrini verir. Ən mühüm nəticələrdən biri və bəlkə də birincisi Ermənistandakı inqilab olub. Prezident İlham Əliyev bütün beynəlxalq tribunalardan hər zaman bildirirdi ki, Ermənistanda qana susamış korrupsioner diktatura rejimi qurulub, onun rəhbəri Serj Sarqsyanın əli isə Azərbaycan xalqının qanına batıb. Sarqsyan və silahdaşları Xocalıda insanlığa qarşı cinayət törətmiş şəxslərdir. Başqa sözlə, onlar hərbi cinayətkarlardır. Prezident daim vurğulayırdı ki, bu rejimdən ən çox ziyan çəkən erməni xalqının özüdür.

Bununla yanaşı, təəssüf ki, Nikol Paşinyanın münaqişə ilə bağlı davranışları da onun yaxın tarixi keçmişdən nəticə çıxarmadığını göstərir. Paşinyan da öz sələfləri kimi, məsuliyyətsiz, ziddiyyətli bəyanatlar verir. Onun 2019-cu ildə “Valday” Beynəlxalq Diskusiya Klubunun plenar sessiyasında, MDB Dövlət Başçıları Şurasının Aşqabaddakı iclasında və son olaraq, Münxen Təhlükəsizlik Konfransındakı məsulliyyətsiz və ziddiyyətli bəyanatları buna misaldır. O, Dağlıq Qarabağı gah müstəqil qurum kimi təqdim edir, gah da Ermənistan adlandırır.

Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə əməl olunmur. Bu, beynəlxalq siyasətdə ikili standartların olduğuna bariz nümunədir. Nəticədə torpaqlarımızın 20%-i hələ də işğal altındadır, bir milyondan çox qaçqınımız və məcburi köçkünümüz var. Dünya bu zülmə birmənalı yanaşmır.




Ana səhifəyə qayıt        Baxış: 7 127          Tarix: 29-03-2020, 21:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma