Xəbər lenti

 

İstəsək də, istəməsək də, Azərbaycan koronavirusla imtahana çəkilən dövlətlərdəndir. Bu virusla mübarizə məqsədilə yaradılmış Operativ Qərargahın son zamanlar qəbul etdiyi məhdudlaşdırıcı tədbirlər ölkəmizdə də virusun təhlükə həddinə yaxınlaşdığından xəbər verir. Bəs, bu zamanadək atılan addımları qənaətbəxş hesab etmək olarmı?

AMİP Siyasi Şurasının üzvü Rəşad Bayramovla (Aydın) söhbətimiz də məhz bu mövzu ətrafında oldu.

Rəşad bəyin Ovqat.com-a müsahibəsini təqdim edirik:

 

-Rəşad bəy, AMİP koronovirusla əlaqədar atılmalı olan addımlarla bağlı ilk olaraq hökümət qarşısında təkliflərlə çıxış edən siyasi partiyalardandır. Bu gün vəziyyət necədir, atılan addımlar sizi qane edirmi? Təklifləriniz nəzərə alınırmı?

-Çox təəssüf ki, 2020-ci il bütün bəşəriyyətə karona adlı virusla gəldi və artıq bütün dünya bu gözəgörünməz düşmənlə mübarizə aparır. Azərbaycanda da bu istiqamətdə bir qism lazımi addımlar atılıb. Sərhədlərin bağlanılması, kütləvi tədbirlərin ləğv olunması, tədrisin dayandırılması, idman yarışlarının təxirə salınması, toy və yas yerlərinə qoyulan məhdudiyyətlər, ictimai-iaşə obyektləri ilə bağlı tədbirlər, 65 yaşdan yuxarı insanlara tətbiq edilən küçəyə çıxma qadağası, risk qrupuna daxil olan həkim və tibb personalının əmək haqqlarının qaldırılması və s. Bütün bunlar yaxşıdır və AMİP-in təklifləri içərisində bütün sadaladıqlarım da öz əksini tapmışdı. Amma bütün bunlar kifayət edirmi? Atılan addımlar yetərlidirmi?

-Sizcə, yetərli deyil? Daha hansı addımların atılmasını gözləyirsiz?

-İlk olaraq bu gün vətəndaşımızın ən ağrılı yeri olan qoruyucu vasitələrin çatışmazlığı ilə bağlı problemlər aradan qaldırılmalıdır. Apteklərdə zəruri dərmanların, eləcə də spirt, əlcək, maska və digər qoruyucu vasitələrin təchizatı lazımi qaydada həyata keçirilməli və satışına ciddi nəzarət olunmalıdır. Bu məsələdə monopoliya yaradan və qiymət artımına yol verən fiziki və hüquqi şəxslər dərhal cəzalandırılmalıdır. İkinci vacib məsələ yaşlı insanlarımızla bağlıdır. Rəsmi statistikaya görə ölkədə, 720 min nəfər 65 yaşdan yuxarı insan var. Bu insanlardan neçəsinin tək yaşadığı haqqında məlumat bazası mövcuddurmu?  Mövcuddursa, qərarda da göstərildiyi kimi bu insanların sosial təminatı necə həyata keçiriləcək? Bu insanlar ən azından gündəlik tələbat mallarını almaq üçün istəsələr də istəməsələr də küçəyə çıxmaq məcburiyyətindədirlər. Çıxacaqlarsa, qadağanı tətbiq etməyin nə mənası vardı, çıxmayacaqlarsa onların qida problemləri necə həyata keçiriləcək?

-Amma Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bununla bağlı Qaynar Xətt yaradıb və ehtiyacı olanlar lazım olan tələbat mallarını almaq üçün həmin Qaynar Xəttə müraciət edə bilərlər.

-Haqlısınız, Qaynar Xətt yaradılıb. Amma yenə deyirəm, bir nazirliyin bu qədər insana xidmət göstərməsi qeyri-mümkündür. Elə bu səbəbdəndir ki, Qaynar Xəttə müraciət edənlərdən ilk növbədə övladlarının olub-olmadığı soruşulur. Yəni ilk növbədə heç kimi olmayan yaşlı vətəndaşlarımıza sosial xidmət göstərilir. Bəs övladı varsa, amma bu və ya digər səbəbdən uzaqda yaşayırsa, bu insanların vəziyyəti necə olacaq? Ona görə də təklif edirəm ki, bu məsələnin yoluna qoyulması üçün kompleks fəaliyyət həyata keçirilməlidir. Mənzil İstismar Sahələri, İcra hakimiyyətlərinin ərazi inzibati nümayəndəlikləri, kooperativ binaların komendatları və s. bu kimi qurumlar sosial təminat prosessinə qoşulmalıdır ki, qarşıya qoyulmuş vəzifənin öhdəsindən gəlinə bilsin. Bu məsələ ilə bağlı bütün yükü bir nazirliyin üzərinə qoymaqla nəyəsə nail olmaq mümkün olmayacaq. Problemin ikinci tərəfi də var. Bu da onunla bağlıdır ki, bütün gününü evdə keçirmək məcburiyyətində olan insanlarımızın maddi problemləri də həll olunmalıdır. Bu xəstəliyin daha çox xəstə və immuniteti zəif olan yaşlı insanlara mənfi təsirini nəzərə alaraq onların yaxşı qidalanmasını təmin etmək üçün ən azı 3 ay müddətinə pensiyaların qaldırılması haqqında da qərarlar qəbul olunmalıdır.

-Maddi problemlərdən söz düşmüşkən bu gün virusun yaratdığı fəsadlarla bağlı çoxlu sayda insanımız işsiz vəziyyətdədir. Bu isə onların maddi problemlərlə üzləşməsinə gətirib çıxarır. Sizcə bu istiqamətdə hansı zəruri tədbirlərin həyata keçirilməsinə ehtiyac var?

-Tamamilə haqlısınız, bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, virusun yaratdığı problemlərdən irəli gələn səbəblərə görə çətinliklərlə üzləşməsin. Bu isə sahibkarlıq subyektlərinin fəaliyyətini dayandırması nəticəsində insanlarımızın kütləvi şəkildə işsiz qalması ilə nəticələnib. Dövlətin üzərinə düşən vəzifə iqtisadi məqsədlərdən irəli gələn çeşidli addımlar atmaqdan ibarət olmalıdır.  Hələ ki, bu kimi addımları yalnız inkişaf etmiş ölkələrin timsalında görürük. Həmin dövlətlər vətəndaşlarına sahib çıxırlar.  Məsələn, ABŞ hər adam başına 1000 dollar, hər uşağa isə 500 dollar ödənilməsi ilə bağlı qərar verib. Hökumət bununla kifayətlənməyərək, virusun təsir müddəti may ayına qədər aradan qaldırılmasa, həmin dəstək işlərinin davam etdiriləcəyini də bildirib. Bununla yanaşı, ABŞ hökuməti kiçik biznesə yardım məqsədilə 300 milyard dollar, digər biznes subyektləri üçün isə əlavə olaraq 200 milyard dollar ayrılıb. Fransa vətəndaşların əlavə maddi yükləri yaranmasın deyə ölkədə kommunal xərclərin – qaz, işıq, su pulu, eləcə də mənzil haqlarının alınmasını dayandırıb. Almaniya 5 işçisi olan müəssisələrə dövlət yardımı olaraq 9 min avro, 10 işçisi olana 15 min avro, 50 işçisi olana isə 25 min avro pul verilməsi ilə bağlı qərar qəbul edib. Və ya qonşularımızı götürək. Rusiya hökuməti biznesə 6 aylıq vergi tətili elan edərək, eyni zamanda dövlət şirkətlərinin 6 ay müddətinədək dividend ödəməsinin təxirə salınmasına dair qərar qəbul edib. Gürcüstan banklarda krediti olan vətəndaşlar üçün 3 aylıq moratorium qoyub. Türkiyə hökuməti ahıl yaşda olanlarla bağlı xüsusi qayğını nəzərə alıb pensiyaları artırdı. Minimum pensiya məbləğini 1500 lirəyə yüksəldib, eləcə də bir sıra sektorlarda gündəlik istehlakdan başlamış ağır sənayeyədək nəzərdə tutulan sahələr üçün vergilərin alınmasından 6 ay imtina edilib. Kredit borcları aprel, may və iyun ayları üçün təxirə salınıb. Bizdə də bu istiqamətdə konkret addımlar atılmalıdır. Təkliflərimiz ondan ibarətdir:

  1. Tətbiq olunmuş karantin müddətində fəaliyyətinə məhdudiyyətlər qoyulmuş bütün sahibkarlıq subyektlərinin vergidən və sosial ödənişlərdən tam azad olunsun;
  2. Fəaliyyəti məcburən dayandırılan müəssisələrə kömək məqsədilə həmin müəssisələrdə çalışan işçilərin əmək haqlarının ödənilməsi üçün müvafiq maliyyə vəsaiti ayrılsın;
  3. Sahibkarlara kömək məqsədilə ölkəyə gətirilən mallara tətbiq edilən gömrük rusumları mümkün həddə qədər azaldılsın;
  4. Banklara, Bank Olmayan Kredit Təşkilatlarına və Lizinq Şirkətlərinə borcu olan vətəndaşların bütün növ kredit və lizinq ödənişlərinin ən azı 3 ay müddətinə dondurulması və bu məqsədlə həmin təşkilatlara Azərbaycan Milli Bankı tərəfindən güzəştlərin tətbiq edilməsi həyata keçirilsin;
  5. Virusun daha çox yaşlı insanlara təsirini nəzərə alaraq, 65 yaşdan yuxarı yaşlı vətəndaşlarımızın təqaüdlərinə ən azı 3 ay müddətinə əlavə ödənişlər edilsin;
  6. Günəmuzd fəaliyyətlə ailəsini dolandıran və yaranmış vəziyyətdə əmək fəaliyyəti göstərmək imkanlarından məhrum olmuş şəxslərin dairəsinin qısa müddətdə müəyyənləşdirilməsi yolu ilə onlara müvafiq maddi yardım göstərilsin;
  7. Karantin müddətində komunal xidmətlərin, ilk növbədə qaz, su və işığın qiymətlərinin aşağı salınsın, eyni zamanda qaza və işıqa olan limit ləğv edilsin;
  8. Koronavirusla mübarizədə bilavasitə ön cəbhədə fəaliyyət göstərən tibbi personalı ilə yanaşı, polis, gömrük, sərhəd xidməti və ümumiyyətlə xüsusi risk qrupuna daxil olan bütün şəxslərin əmək haqqlarına əhəmiyyətli dərəcədə əlavələrin edilməsi ilə bağlı qərarlar qəbul edilsin.

 

-Sadaladıqlarınız kifayət qədər maliyyə vəsaiti tələb edir. Azərbaycanın buna imkanları yetərlidirmi?

-İlk olaraq ondan başlayaq ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən karonavirusla mübarizə məqsədilə əvvəl 10, daha sonra 20 milyon manat vəsait ayrıldı. Daha sonra isə bu virusun törətdiyi fəsadların qarşısını almaq üçün dövlət büdcəsindən 1 milyard manat vəsaitin ayrılması ilə bağlı sərəncam verildi. Ayrılan vəsaitin azlığı bir tərəfə qalsın, bu vəsaitin dövlət büdcəsindən ayrılması başa düşülən deyil. Belə ki, dövlət büdcəmizin 52%-i birbaşa neftdən gələn gəlirlər hesabına formalaşır ki, hal-hazırda dünya bazarında neftin Azərbaycan Dövlət Büdcəsində nəzərdə tutulduğundan 2 dəfədən az qiymətə satılması büdcəyə daxil olacaq vəsaitin də kəskin sürətdə azalması deməkdir. Buraya restoran, kafe və ümumilikdə ictimai-iaşə obyektlərindən, ticarət fəaliyyətindən gələn vergilərin kəsilməsini, turizm sektorundan daxil olacaq vəsaitlərin olmayacağını, təyyarə və qatarlar da daxil olmaqla sərnişindaşımadan büdcəyə daxil olmalı olan maliyyənin də yox səviyyəsində minimuma enəcəyi, eləcə də ticarət mərkəzləri və ümumilikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin ölkəyə mal idxalı etməmələri səbəbindən gömrük yığımlarında da geriləmənin olacağını nəzərə alsaq dövlət büdcəsi onsuz da ən yaxşı halda 60%-70% ə yaxın kəsirlə üzləşəcək ki, buradan da əlavə 1 milyard vəsaitin çıxarılması heç cür məqbul hesab ediə bilməz. Həmin vəsaitin ehtiyat fondundan ayrılması və daha yüksək məbləğdə ayrılmasına ehtiyac var. Dövlətimizin valyuta ehtiyatlarının təqribən 55 milyard olduğunu nəzərə alsaq, bu vəsaitin 5 milyard dollarını koronavirusla bağlı fəsadların aradan qaldırılması üçün ayrılması daha məqsədəuyğun olardı. 1 milyard manat vəsaitlə təbii ki, sadalanan işləri görmək qeyri-mümkündür. Mən Azərbaycanı ABŞ-la və ya büdcəsinin 3-də birini bu məqsədlə ayıran Almaniyayla müqayisə etmirəm, amma post sovet məkanından çıxmış Litva belə koronovirusun fəsadlarını aradan qaldırmaq məqsədilə 2,7 milyard dollarlıq yardım paketi ayırıb. Bizim də lazım olan miqdarda maliyyə vəsaiti ayırmağımız şərtdir. Əks halda vətəndaşlarımız virusun özündən çox onun törətdiyi fəsadlardan əziyyət çəkəcək. Evdə qalmaq virusun yayılması sürətini aşağı salmaq üçün vacibdir. Amma vətəndaş üçün heç nə etmədən onu evdə qalmağa məcbur etmək də mümkün deyil.

-Dİgər narahatlıq doğuran məqamlardan biri də xaricdə olan vətəndaşlarımızın Azərbaycana gətirilməsi ilə bağlı meydana çıxan problemlərdir.

-Tamamilə doğrudur. Zəruri olan digər məsələ xaricdə olan vətəndaşlarımızın Azərbaycana gətirilməsinin təmin edilməsi ilə bağlıdır ki, bu sahədə fəaliyyət hec bir halda qənaətbəxş hesab edilə bilməz. İlk növbədə tələbələrin vətənə qayıtmasını təmin etmək üçün bütün zəruri tədbirlər həyata keçirilməlidir. Operativ Qərərgahın qeyd etdiyi kimi “imkanlarımız məhduddur və geri qayıdacaq insanların hamısını karantinə yerləşdirmək imkanında deyilik” bəhanəsi heç bir halda qəbul edilə bilməz. Bu gənclər bu və ya digər ölkəyə turist səfərlərinə və ya biznes fəaliyyəti üçün deyil, təhsil almaq üçün gediblər və onların vətəna qayıdışını təmin etmək dövlətin birbaşa vəzifəsi olmalıdır. Təəssüf ki, nə AZAL, nə də Xarici İşlər Nazirliyi bu məsələdə üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmirlər. Mən fürsətdən istifadə edərək mətbuat orqanlarını bir məsələni də xüsusi diqqətdə saxlamağa çağırıram. Məlum olduğu kimi metronun iş qrafikində tətbiq olunan məhdudiyyətlərdən sonra bir sıra problemlər ortaya çıxıb. Ənənəvi marşrut xətləri üzrə hərəkət edən avtobusların sayının azalması bir yana, müvafiq sərəncamdan sonra yaradılan ekspress avtobuslar arasındakı interval da 10 dəqiqə olaraq müəyyənləşdirilib. Bu avtobuslarda sosial məsafə prinsipinin tətbiqi təqdirəlayiqdir və alqışlanmalıdır. Nəticədə ekspress avtobusların sərnişin daşıma tutumu 16-17 nəfərlə məhdudlaşdırılmışdır. Bu zaman isə bir sıra neqativ hallar ortaya çıxır. Təsəvvür edin ki, Həzi Aslanovdan hərəkət edən avtobusa elə həmin dayanacaqda müvafiq sayda sərnişin minir və düşən olmadıqca bu ekspress avtobuslar digər dayanacaqlarda saxlamırlar və saxlamamaqda da haqlıdırlar, çünki avtobusların içərisində sıxlıq xəstəliyin daha sürətli yayılmasına şərait yaratmış olar. Amma nəticədə digər metrostansiyaların dayanacaqlarındakı sərnişinlər 40 dəqiqədən artıq gözləmək məcburiyyətində qalırlar və insanların dayanacaqlarda sıxlığı meydana gəlir. Başqa sözlə, avtobuslardakı sıxlığın qarşısı alınsa da, dayanacalardakı sıxlıq yenə də insanlarımızı xəstəliyə yoluxma riski ilə üz-üzə qoyur. Odur ki, bu problemin də təcili olaraq aradan qaldırılması üçün müvafiq xətt üzrə hərəkət edən avtobusların sayının artırılmasına, bununla da intervalın maksimum 3-dəqiqəyə qədər endirilməsinə ehtiyac var.

-Rəşad bəy, ümumi götürdükdə Azərbaycanda bu virusa tutulanların sayı nə qədər aşağı olsa da, bütün qadağalara və qabaqlayıcı tədbirlərə baxmayaraq, yoluxma sayında günbəgün artım müşahidə olunmaqdadır. Siz bunu nə ilə izah edərdiz?

-Birincisi onu qeyd edim ki, COVİD-19 virusu digər koronovirus tiplərindən fərqli olaraq sürətli və kütləvi yayılması ilə seçilir. Bu virusdan yüzdə yüz qorunmaq demək olar ki, mümkünsüzdür. Amma yoluxmanın tempini azaltmaq üçün mütləq və mütləq hər bir vətəndaşın üzərinə də məsuliyyət düşür. Bunun üçün hər birimiz maksimum şəkildə ehtiyatlı olmalı, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə, şəxsi gigiyena qaydalarına riayət etməli, imkan daxilində özünütəcrid tədbirlərinə uyğun davranmalı, xüsusi karantin rejiminə ciddi əməl etməliyik. Çox təəssüf ki, bu gün daha 64 COVID-19 infeksiyasına yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən 3 nəfərin vəziyyəti ağırdır. Ümumilikdə, ölkəmizdə 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb ki, onlardan da indiyə qədər cəmi 26 nəfər müalicə olunaraq sağalıb. Başqa sözlə, sağalanların sayı yoluxanların sayını 10 dəfədən artıq üstələyir ki, bu da olduqca ciddi siqnal olmalıdır. Onu da nəzərə almaq lazımdır ki, bu qədər xəstə yalnız və yalnız ölkəmizdə aparılan 30.000 testin nəticəsində aşkar edilən saydır. Yəni, testin sayı artdıqca virusa yoluxanların sayında da artım olacağını ehtimal etmək olar. Misal üçün ABŞ-da 135.000 virusa yoluxma faktı 900.000 insanda aparılan testin nəticəsində ortaya çıxıb.

Söhbətləşdi: Aysu Həsənova

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 7 163          Tarix: 30-03-2020, 20:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma