Məlum olduğu kimi martın ortalarında Ermənistan İsraildə səfirlik açmaq qərarı vermiş və qərara ən ciddi reaksiya İrandan gəlmişdi.
Ovqat.com-un məlumatında görə, İran parlamenti sədrinin beynəlxalq məsələlər üzrə müşaviri və Fələstin İntifadasına Dəstək komitəsinin sədri olan Əmir Abdullahyan mətbuata verdiyi açıqlanasında İrəvanın bu qərarını heyrətlə qarşıladığını bildirmiş və erməni hökumətini qərara yenidən baxmağı məsləhət bilmişdi.
Bənzər bəyanatlar digər İran rəsmilərinin də dilindən səslənmişdi.
İndisə məlum olur ki, Paşinyan hökuməti bu addımını rəsmi Tehranla razılaşdıraraq atıb.
İddianı irəli sürən Ermənistanın məşhur beynəlxalq münasibətlər üzrə eksperti Armen İsrailyandır.
Ölkəsinin hakim dairələrinə yaxınlığı ilə seçilən Armen İsrailyan Ermənistan İctimai Radiosuna verdiyi açıqlamada adını çəkmədən Əmir Abdullahyanın və digər İran rəsmilərinin cavabını verib. Ekspert bildirib ki, bəzi İran rəsmilərinin, analitiklərinin və ziyalılarının Ermənistanın İsraildə səfirlik açması qərarı ilə bağlı narahatlığının əsası yoxdur: “İran və İsrail arasındakı düşmən münasibətlərini nəzərə alan bəzi iranlı ekspertlər bizə sərt reaksiya verirlər. Halbuki, Ermənistan hökumətinin İsraildə səfirlik açması qərarı ölkəmizin Yaxın Şərq siyasətinin prioritetlərindən biridir və İranla münasibətlərdən asılı deyil. Ermənistan bu qərarı verməmişdən əvvəl İranın siyasi rəhbərliyi ilə məsləhətləşmələr aparıb və aydındır ki, bu qərarın verməsinin səbəbləri Tehran hakimiyyəti tərəfindən də başa düşülüb”.
Erməni ekspertin fikrincə, bu cür mövqe sərgiləyən İran ziyalıları və rəsmiləri Ermənistanla İran arasındakı münasibətlərin xüsusiyyətləri barədə dəqiq təsəvvürə malik deyillər: "İrəvan ən kritik vəziyyətlərdə İranın maraqlarını gözləyib. Ermənistan-İsrail münasibətlərini Azərbaycan-İsrail münasibətləriylə müqayisə etmək düzgün deyil. Məhz buna görədir ki, İran rəsmiləri də Ermənistan-İsrail münasibətləri ilə bağlı narahatlıq keçirmirlər. Son 30 ildə İranla əlaqələrin genişləndirilməsi Ermənistanın xarici siyasət prioritetlərindən biri olduğu sübuta yetirilib. Cənuba yeni avtomobil yolu layihəsinin inşası da Ermənistanın İranla iqtisadi və tranzit münasibətləri genişləndirməkdə maraqlı olduğunu təsdiqləyir”.
Ekspert İranın Ermənistandan asılı olduğu barədə fikirləri daha əvvəl erməni mətbuatına verdiyi müsahibələrində də bəyan edib.
Sonda İsrailyan bu əsassız tənqidlərin İranla Ermənistan arasındakı münasibətlərə mənfi təsir göstərəcəyini və iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı bütün planların icrasına təhlükə yaradacağını vurğulayıb.
Doğrusu, erməni ekspertin son fikirləri İrana sevgi nümayişindən daha çox təhdid ismarışına bənzəyir. Belə çıxır ki, İranın indiki çətin durumuna eyham vuran erməni ekspert Tehrana Ermənistanın bir nəfəslik olduğunu xatırladıb və İrəvanın işinə çox qarışmamağı məsləhət bilib. Görünür, hər fürsətdən yararlanmağı yaxşı bacaran erməni diplomatiyası beynəlxalq yəhudi siyasi gücünə arxalanaraq, Tehrana öz böyüklüyünü qəbul etdirmək niyyətindədir.
Məsələyə bu aspektdən yanaşanda İranın hansı səbəbdən İrəvan-Təl-əviv arasında diplomatik əlaqələrin qurulmasını anlayışla qarşıladığı aydın deyil. Hər halda erməni eksperti bu qədər yalanı İran rəsmilərinin üzünə danışa bilməz. Qeyd edək ki, ekspertin bu sözləri İran XİN-nin asanlıqla oxuya biləcəkləri Ermənistan İctimai Radiosunun farsca bülletenində də dərc olunub.
Üstəlik, Ermənistanın İsraildə səfirlik açmaq planı bu günün də hadisəsi deyil. İki dövlət arasında diplomatik münasibətlər 1992-ci ildən başlayıb. Ermənistan prezidenti Armen Sarkisyanın 31 mart 2018-ci il tarixli sərəncamı ilə Armen Smbatyan artıq iki ildir bu ölkənin İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Amma Ermənistanın İsraildə səfirlik iqamətgahı olmadığından diplomatik nümayəndələr İrəvanda otururdular. Bu mənada İranın birdən-birə özünün razılıq verdiyi bir addıma sərt reaksiya göstərməsi həqiqətən də başadüşülən deyil.
Paylaş: