Xəbər lenti
Dünən, 19:25

 
COVİD-19 pandemiyası zamanın sürətini tezləşdirdi və gələcəyi gözləniləndən daha tez gətirdi.
 Ovqat.com xəbər verir ki, bu fikirləri Çinin Zhenhua Universitetinin Jurnalistika İnstitutunun professoru Zhen Yang irəli sürüb.
Professor “Huanqiu Shibao” qəzeti üçün yazdığı məqaləsində COVİD-19 pandemiyasının bir çox ənənəvi peşələrə, o cümlədən kino və turizm sahəsinə böyük zərbə vurduğunu, bunun əvəzinə süni zəka texnologiyası vasitəsilə təmassız iqtisadi münasibətlərin inkişafına yol açdığını bildirib. Onun fikrincə, əslində bu proses 10 ildən sonra təbii yolla baş verəcəkdi, koronavirusun dünyada geniş yayılması isə bunu tezləşdirdi.



Bundan sonra insanlar arasında əsas ünsiyyət vasitəsinin virtual olacağını, internet texnologiyasının daha da inkişaf edəcəyini, dünyanın tamamilə elektronlaşacağını bildirən professor fikirlərini karantin altındakı insanların internetdən daha çox istifadə etməsiylə əsaslandırdı. Belə ki, pandemiya ortaya çıxmamışdan əvvəl insanlar 4 saatını internetə ayırırdılarsa, koronavirusun yayılmasından sonra bu zaman 8 saata yüksəlib. Koronavirusun hələ uzun müddət dünyanı öz təsiri altında saxlayacağından, professorun fikrincə, bəzi məşğulluq sahələri də buna uyğunlaşmağa məhkumdurlar. Məsələn, dərslər və toplantılar tele-konfranslar vasitəsilə keçiriləcək, ticarət və satışlar birbaşa deyil, virtual sifarişlər əsasında yürüdüləcək. Kim dövrün bu tələbinə uyğunlaşacaqsa yaşamaq haqqı qazanacaq, kim ki adaptasiya ola bilməyəcəksə məhv olacaq.



Professorun fikrincə, virtuallaşma və robot texnologiyası böyük işsizlərin sayını artıracaq və proseslərin təbii yolla deyil, birdən-birə yaşanması bəzi sosial gərginliklərə yol açacaq. Halbuki, insanlığın 10 ildən sonra tədricən yeni münasibətlər sisteminə keçəcəyi gözlənilirdi və bu zaman müddətində adaptasiya prosesi də rahat həyata keçəcəkdi.
Çinli alim açıq şəkildə deməsə də, qələmə aldığı bu fikirlər koronavirus pandemiyasının bəzi transmilli şirkətlər arasında yaşanan rəqabətin nəticəsində ortaya çıxan bioloji savaş olması barədə mülahizələri gücləndirir. Belə görünür ki, dünyanın ənənəvi idarəçilik sistemindən elektron idarəetməyə keçiş prosesinə şokeffektli tədbirlərlə qədəm qoymaq üçün koronavirus pandemiyasına ehtiyac duyulub. Əsas səbəb isə ənənəvi münasibətlər sisteminə ilişib qalanların yeniləşmə zərurətilə razılaşmamasıdır.



Professorun sözlərindən belə çıxır ki, dünyanın  ictimai-siyasi və iqtisadi simasını koronavirusla dəyişdirmək cəhdi, bir növ, əsrin əvvəllərində yeni əlifba sisteminə keçid problemi yaşayan Azərbaycanın o zamankı halına bənzəyir. Xatırlayırsınızsa, sovet hökuməti dağıldıqdan sonra əlifbasını rəsmən dəyişən Azərbaycan uzun zaman krill qrafikasından imtina problem yaşayır, qəzet və kitab nəşrləri köhnə qaydada dərc olunurdu. Halbuki 1991-ci ilin dekabrın 25-də Azərbaycan parlamentinin müvafiq qərarı ilə ölkəmiz latın qrafikasına keçmişdi. Üzərindən 10 il ötməsinə baxmayaraq, Azərbaycanda hələ də bir çox elm xadimləri belə təzə əlifbada yazıb oxuya bilmirdilər. Məktəblərdə isə uşaqlar latın qrafikasında təhsil alır, bu da nəsillər arasında yazılı ünsiyyətdə ciddi qopuqluqlar yaradırdı. 



Bu qopuqluğun aradan qaldırılması üçün o dövrün siyasi hakimiyyəti radikal qərarlar qəbul etmək məcburiyyətində qaldı və mərhum Heydər Əliyev  2001-ci il 18 iyun tarixli məşhur fərmanını imzaladı. Fərmanda 2001-ci ilin 1 avqustundan etibarən bütün nəşrlərin yeni qrafikada çıxması tələb olunur, dolayısıyla 10 il özünü yeniləyə bilməyən sovet Azərbaycanı alimlərinə yeni əlifbanı öyrənmək üçün 1 ay 2 həftə möhlət verilirdi. O zaman sözsüz ki, həmin alimlər bu qərarı xoş qarşılamamışdılar, amma sonunda ahıl yaşlarında əlifba öyrənməyə məcbur olmuşdular. Əks halda onların elmi titullarının heç bir mənası qalmayacaqdı və özləri isə savadsızlar ordusunun sıralarını genişləndirəcəkdilər. Əslində onların bilgilərinin də yeni sistem üçün heç bir önəmi yox idi və vaxtında çəkilib getsəydilər, Azərbaycan indi daha çox inkişaf edər, neftdən asılı iqtisadiyyata göz dikməyəcəkdi. Onlar isə sovet sisteminə uyğunlaşmış ağıllarıyla dirənib postlarında qaldılar və hələ də elmilikdən çox məddahlığa söykənənən “savadlarını” böyük matah hesab edib mövqelərini əldən buraxmaq istəmirlər. 



2001-ci ildə Azərbaycan hökumətinin 10 il gecikdikdən sonra aldığı bu qərar kimi dünyanın süni zəka istehsalçıları da deyəsən koronavirus pandemiyasını kəşf edərək, köhnə qafalı insanlara qarşı şokeffektli savaş açıblar. Koronavirusun əsasən yaşlı nəsli hədəfə alması da bu mənada səbəbsiz deyil. Dünyanın idarəçilik sistemində, xüsusilə bizim kimi inkişaf etməkdə olan ölkələrin hakim postlarında yer alan və toplumun inkişafında əngələ çevrilən “köhnə kişilər” kənara çəkilməli və evdə qalmalıdırlar ki, bəşəriyyət yeni sistemə uyğunlaşa bilsin. Azərbaycan hakimiyyətinin 2001-ci ildəki əlifba islahatlarından fərqli olaraq, dünyanın sahiblərinin yeniləşmə mexanizmi köhnə sistem tərəfdarlarına əlifbanı yenidən öyrənmək fürsəti də vermir. Süni zəka texnologiyasının onlara təqdim etdiyi ən optimal seçənək evdən bayıra çıxmamaqdır. Bunu müasir ictimai-siyasi münasibətlər sisteminin əlifba islahatı da adlandırmaq olar. Professor Zhen Yang haqqında danışdığımız məqaləsində “əsrin vəbası”nın “köhnə kişilərə” yeni dövrün əlifbasının öyrətdiyini bu cümlələrlə ifadə edir: “Koronavirus səbəbindən insanlar tez bir zamanda virtual reallığa keçdilər və hətta yaşlılar da internetdən fəal şəkildə istifadə etməyə başladılar”.


Ana səhifəyə qayıt        Baxış: 4 269          Tarix: 4-04-2020, 12:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma