Xəbər lenti


Azərbaycanla Türkiyə arasında cəmi 11 km sərhəd var. Dünyanın bəlkə də iki ölkə arasında ən qısa dövlət sərhəddi olan bu məkana 1990-cı illərin əvvəllərində təkcə Naxçıvan camaatı deyil, həm də bütün Türk dünyası böyük ümid bağlamışdı. Həmin ərazidə Araz çayı üzərində tikilən körpü də məhz bu səbəbdən “Ümid körpüsü” adlandırılmışdı. 

Ümid edilirdi ki, Sovetlər İttifaqı dağıldıqda sonra Türkiyə məhz bu körpü vasitəsilə Azərbaycana daxil olacaq, bizdən Orta Asiyaya açılacaq, tarixi türk dövlətlərinin bərpası və möhkəmlənməsi  prosesində mühüm rol oynayacaqdı.



Üzərindən bir neçə il keçdikdən sonra bütün bu ümidlər yerini xırda gözləntilərə buraxdı. Ümid körpüsü də yavaş-yavaş adını dəyişdirib Həsrət körpüsü oldu. Onun üzərindən hər gün maşınlarla yanaşı xeyli insan Türkiyəyə çörək dalınca yollandı. Xüsusilə Naxçıvan əhalisinin mühüm hissəsi həmin körpünü keçərək İstanbulda və Türkiyənin fərqli yerlərində məskunlaşdı, qul bazarlarında hər gün yeni ağasını axtaran günəmuzd kölələrə çevrildi. 
 


Beləcə Ümid körpüsü əslində Naxçıvan kölələşdirmə koloniyasının dünyaya açılan əsas qapısı halına gəldi.
 
Bu gün isə koronavirus pandemiyası səbəbindən fəaliyyətini dayandıran Ümid körpüsü yeni bir dramın səhnəsinə çevrilib. Türkiyəyə çörək pulu dalınca gedən ailələr qardaş ölkədə iş yerləri bağlanınca yenidən doğma diyara qayıtmaq məcburiyyətində qalıblar. Dünyanın düz vaxtı onların yurd-yuvalarını tərk etməsinə münbit şərait yaradan Ümid körpüsü bu dəfə tərs üzünü göstərməyə başlayıb. Onlarla ailə Türkiyənin Diliucu keçid məntəqəsinə gedən yolda Iğdırın Jandarma postu qarşısında çarəsiz vəziyyətdə qalıblar. Türk jandarması ailələrin uşaq və qadın üzvlərinə zastavalarına sığınmaq şəraiti yaratsa da, Naxçıvan MR başbilənləri gömrük qapısını açıb öz vətəndaşlarını yurd-yuvalarına buraxmaq istəmirlər.



Ümid körpüsündə ümidləri tükənən insanların vəziyyətini əks etdirən video-görüntünü paylaşırıq. Buyurun, o insanların vəziyyətini öz dillərindən eşidin.
 



Ana səhifəyə qayıt        Baxış: 5 768          Tarix: 15-04-2020, 08:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma