Xəbər lenti

 
Ötən həftə dünya neft bazarında yaşanan böyük çöküşdən sonra qismən toparlanan qiymətlər bu gün yenidən ucuzlaşmağa başlayıb.
 
Ovqat.com-un məlumatında görə, bu gün London İCE birjasında bir barrel “Brent” markalı neftin fyuçers qiyməti 3%-dən çox enərək 19.66 ABŞ dollarına qədər enib.
 
Nyu York əmtəə birjasında (NYMEX) çöküş isə daha böyük olub – 12%-dən çox. Bu gün bir barrel WTI markalı neftin fyuçers qiyməti 10.66 ABŞ dollarına qədər ucuzlaşıb.
 
Mütəxəssislərin fikrincə, ucuzlaşma neft bazarlarında təklifin tələbi üstələməsi nəticəsində anbarların dolması əndişəsindən qaynaqlanır. Məlumata görə, ABŞ-ın ən böyük neft paylama mərkəzi olan “Cushing”də anbarlar maksimum səviyyədə dolub və artıq neçə gündür ki, Kaliforniya sahillərində onlarla neft tankeri dayanıb yükünü boşaltmağa yer axtarır.
 
ABŞ xam neft ehtiyatları da ən maksimum səviyyələrdə artır ki, nəticə etibarilə yeni ucuzlaşmalara səbəb ola bilər. Bildirilir ki, bu ehtiyatlar quruda 518,6 milyon barrelə çatıb. Dənizlərdə tankerılərdə saxlanılan xam neft isə bütün zamanların ən yüksək səviyyəsinə 160 milyon barrelə yüksəlib. 
 
Mütəxəssislər ehtimal edirlər ki, artım indiki templə davam etsə, “Cushing ”-dakı bütün anbarlar dörd həftə ərzində tamamilə dola bilər. “Bloomberg”-in məlumatına görə, Cənubi Koreyanın anbarlarında artıq boş yer qalmayıb. Bu isə onu göstərir ki, OPEC+ ölkələrinin bütün səylərinə baxmayaraq, qiymət çöküşlərinin səbəbini aradan qaldırmaq mümkün olmayıb və prosesin bu cür davamı önümüzdəki bir ay ərzində qiymətlərin yenidən sıfırın altına düşməsiylə nəticələnə bilər.
 
Qeyd edək ki, OPEC+ ölkələri aprelin 10-da keçirdikləri videokonfransda ucuzlaşmanın qarşısını almaq üçün hasilat kəsintilərinə getməyə qərar veriblər. Əldə olunan razılığa görə, kəsintilər 3 mərhələdə həyata keçiriləcək. 1 may - 30 iyun tarixlərini əhatə edəcək ilk mərhələdə gündəlik hasilatın həcmi 23% -  təxminən 10 milyon barrel azaldılacaq. 
 
İkinci mərhələ 1 iyul - 31 dekabr arasında arasında baş tutacaq. Bu mərhələdə gündəlik  hasılatın 8 milyon barrel endirilməsi nəzərdə tutulur. 
 
1 Yanvar 2021 - 30 Aprel 2022 tarixini əhatə edən son mərhələdə isə gündəlik 6 milyon barrel kəsintiyə gediləcək.
 
10 aprel razılaşmasında nəzərdə tutulan birinci mərhələnin başlamağına bir neçə qalmasına baxmayaraq, bəzi OPEC ölkələri bu tarixi gözləmədən hasilatı azaldıblar. Təşkilatın dördüncü ən böyük istehsalçısı olan Küveyt bunlardan biridir. Ölkənin neft naziri Xalid əl-Fadhel ötən cümə axşamı "bazar tələblərinə reaksiya vermə həssaslığı" nümayiş etdirərək kəsintilərə başladıqlarını bəyan etdi. Dünyanın ən böyük neft hasilatçısı olan Səudiyyə Ərəbistanının da 10 gün əvvəl eyni addımı atdığına dair xəbərlər var. 
 
Hasilatçı dövlətlərin bu erkənçi addımlarının qiymət artımı ilə nəticələnməməsi bir neçə gündən sonra başlayacaq böyük kəsintinin də bazara ciddi təsir göstərəcəyinə şübhə yaradır.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 3 394          Tarix: 28-04-2020, 10:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma