Xəbər lenti


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev və Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov respublikanın yeni təyin olunmuş Baş prokuroru Kamran Əliyevi prokurorluğun kollektivinə təqdim edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təqdimat zamanı çıxış edən Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına xüsusi diqqət və qayğısı, Kamran Əliyevin prokurorluq orqanlarındakı peşə fəaliyyəti barədə danışıb, Zakir Qaralovun prokurorluq orqanlarına rəhbərlik etdiyi dövrdə görülmüş işləri yüksək qiymətləndirib.
Çıxışda prokurorluq orqanlarının ölkənin hüquq sistemində mühüm yeri qeyd edilməklə dövlət başçısı tərəfindən prokurorluq orqanlarının qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı məsləhət və tövsiyələr kollektivin diqqətinə çatdırılıb.
Tədbirdə Fuad Ələsgərov çıxış edərək bildirib ki, təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilən daxili və xarici siyasət sayəsində ölkəmiz günbəgün inkişaf edir və daha da qüdrətlənir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində respublikanın hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının qorunmasında xüsusi yeri və rolu olan prokurorluq orqanları yüksək standartlara və müasir tələblərə uyğun sivil təsisat kimi formalaşıb.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev göstərilən etimada görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirərək qeyd edib ki, ölkə başçısının müdrik rəhbərliyi ilə doğma kollektivlə çiyin-çiyinə yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, respublikanın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyin, qanunçuluğun və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını təmin etməklə ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcək.
Kamran Əliyev əminliyini bildirib ki, vətənpərvərlik və peşəkarlıq irsi prokurorluq əməkdaşları tərəfindən daim uca tutulacaq, xalqa və dövlətə sədaqətlə xidmətin əsas prinsiplərini təşkil edəcəkdir.
Tədbirdə iştirak edən Zakir Qaralov ümummilli lider Heydər Əliyevin dövlətçilik prinsiplərinin prokurorluq orqanlarında daim rəhbər tutulduğunu xüsusi qeyd edərək fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Çalışdığı müddət ərzində prokurorluq orqanlarına daim verilən yüksək qiyməti, göstərilmiş etimadı doğrultmağa, bu peşəni şərəflə daşımağa çalışdığını vurğulayan Zakir Qaralov son illər ərzində ölkənin məhkəmə-hüquq sistemində aparılan ciddi islahatların hüquq sistemində prokurorluğun rolunu artırmaqla qarşısına yeni vəzifələr qoyduğunu qeyd edib. O, Kamran Əliyevə xidməti fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər arzulayıb.



Ana səhifəyə qayıt        Baxış: 2 071          Tarix: 1-05-2020, 19:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma