Xəbər lenti
 
 
 
Koronavirus ABŞ iqtisadiyyatını girov götürüb. Ölkə yetkililəri iqtisadiyyatı əvvəlki tempinə qaytarıb-qaytarmamaq barədə yekun qərar verə bilmirlər.
 
Ovqat.com xəbər verir ki, ölkənin ən nüfuzlu tibb tədqiqatları mərkəzi sayılan Vaşinqton Universitetinin Sağlamlıq Ölçmələri və Qiymətləndirmə İnstitutunun (IHME) son hesabatı hökuməti tərəddüdlərini daha da artırıb.
 
Hesabata görə, ölkədə iqtisadiyyat üzərindəki məhdudiyyətlər ortadan qaldırılsa və sosial məsafə qaydaları yumşaldılsa epidemiya yenidən yayılacaq.
 
İnstitut karantin tədbirlərinin tamamilə ləğvi durumunda ilik ilk yarısıyla əlaqədar proqnozunu da açıqlayıb: “Avqustun 4-nə qədər koronavirusdan ölənlərin sayı 134 min 475-ə çata bilər”.
 
Qurum koronavirus barədə indiyədək mövcud olan bir ümidi də alt-üst edib. Söhbət ondan gedir ki, bu zamana qədər havaların isinməsiylə koronavirus epidemiyasının da təsirinin azalacağı və qısa zaman ərzində tamamən yoxa çıxacağı güman olunurdu.  İndiyə qədərki bu təxminlər qrip xəstəliyinin xarakteristikasına əsasən müəyyənləşdirilmişdi. Zira qrip soyuq aylarda artdığı halda, isti mövsümlərdə yox olur. Koronavirus da qripin bir növü hesab olunduğundan əksər tibb mütəxəssisləri bu ümidə qapılmışdılar.
 
IHME təxminlərinə görə isə, qripdə müşahidə olunan bu halların koronavirusa heç bir dəxli yoxdur. Əksinə, havalar isindikcə, koronavirusa yoluxma halları da arta bilər. Çünki insanlar bu zaman daha aktiv həyata başlayacaq və sosial məsafəni qorumayacaqlar. Bu da koronavirus epidemiyasına dəvətnamə göndərmək kimi bir şeydir.
 
İnsanlar arasında ünsiyyətin artması virusun yayılmasını sürətləndirəcəkdir. Buna görə də həm yoluxma, həm də  ölüm hallarında artım müşahidə olunacaq",-hesabatda belə deyilir. 
 
Proqnozlarına zaman-zaman Ağ Evin də istinad etdiyi İHME-nin bundan əvvəlki hesabatında Covid-19 virusu nəticəsində cari ilin ilk yarısında ölkədə ölənlərin ümumi sayının 72 min 433-ə çıxacağı təxmin olunurdu. ABŞ-da isə qurbanların sayı indi belə bu rəqəmə yaxınlaşıb – 72 min 271 ölüm. Odur ki, ABŞ-ın avqustun 4-ə qədər 134 min 475-dən daha çox ölüm hadisəsi ilə qarşılaşması da mümkündür.
 
Ölkə mətbuatının yazdığına görə, Ağ ev də iqtisadiyyatın “açılıb-açılmaması” dilemması qarşısındadır. Ötən gün “New York Times”-da dərc olunan bir məqalədə Tramp administrasiyasının daxili yazışmalarında iqtisadiyyatın ənənəvi templə fəaliyyətə başlayacağı təqdirdə, gündəlik yoluxma sayının  yenidən 200 minə, gündəlik ölüm sayının isə 3 minə yüksələcəyindən ehtiyat edildiyi bildirilir və bunu təsdiqləyən sənəd ortaya qoyulmuşdu.
 
Ağ ev bu sənədin onlara aid olmadığı və Federal Fövqəladə İdarəetmə Agentliyində qeydiyyatdan keçmədiyini iddia etsə də, ölkədə koronavirusdan ölüm sayının 100 mini aşacağını gizlətmir. Keçən bazar günü Fox TV-yə verdiyi müsahibədə ABŞ Prezidenti Donald Tramp koronavirus ölümlərinin 100 minə çata biləcəyini dilə gətirmişdi. Bundan əvvəl isə o, karantin rejiminə keçilməsə, 2.2 milyon amerikalının koronavirusa qurban gedəcəyini deyərək bütün ölkəni lərzəyə gətirmişdi.


Ana səhifəyə qayıt        Baxış: 4 068          Tarix: 6-05-2020, 09:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma