Xəbər lenti
 
 
Neçə gündür Azərbaycan ictimaiyyətinin ciddi müzakirə etdiyi “Xüdafərin” sazişinə keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov da münasibət bildirib.
 
Ovqat.com-un məlumatına görə sabiq nazir sazişi Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirib.
 
Qeyd edək ki, adına şərti olaraq “körpü sazişi” dediyimiz bu sənədin məhrum prezident Heydər Əliyev tərəfindən rədd edildiyi bildirilirdi. Bu da istər-istəməz ağıllara bəzi suallar gətirir: Heydər Əliyevin rədd etdiyi müqavilə onun dəsti-xəttini tutduğunu elan edən bir hökumət tərəfindən niyə dəstəklənib? Ən əsası isə məhrum prezidentin xarici siyasətini həyata keçirən bir adam onun rədd etdiyi sazişi hansı əsasla diplomatik uğur adlandıra bilir?
 
Tofiq Zülfüqarov bu müəmmaya da aydınlıq gətirib. Sabiq nazirin etirafına görə, əvvəl həqiqətən də bu sazişi qəbul etməyən Heydər Əliyev daha sonra onunla bağlı müzakirələrə başlamağı məsləhət bilib. Şəxsən Tofiq Zülfüqarovun özü də bu müzakirələrdə iştirak edib.
 
Sabiq nazirin sazişə yeni yanaşma gətirən açıqlamasını Ovqat.com oxucularına  təqdim edirik.
 
O, “Ednews.net”ə özəl açıqlamasında deyib:
 
“Sovet vaxtından bu tipli layihələr tez-tez müzakirə edilirdi. Heydər Əliyev dövründə bu layihə ilə bağlı yenidən məsələ qaldırmışdı. Heydər Əliyev İranın Araz çayı üzərində birgə bənd və su elektrik stansiyalarının tikilməsi təklifinə əvvəlcə soyuq yanaşmışdı. Buna səbəb layihənin keçdiyi ərazinin faktiki olaraq erməni işğalı altında olması idi. Sonralar xatırlayıram ki,  Əliyevin bu məsələyə yanaşması dəyişdi. İki tərəf arasında aparılan müzakirələrə maraq göstərməyə başladı. Mən şəxsən İran tərəfi ilə həyata keçirilən danışıqlarda iştirak etmişəm. Orada tikiləcək bəndlərin bəzi əraziləri suyun altında qoyması riski, elektrik stansiyaları və su anbarları yaradıldıqdan sonra onlardan birgə istifadə məsələsi, istehsal olunan elektrik enerjisinin necə bölünəcəyi, layihənin maliyyələşməsi və icrası kimi bir çox məsələlər geniş müzakirə edildi”.
 
Tofiq Zülfüqarov 2016-cı ildə Azərbaycan və İran arasında imzalanmış “Xüdafərin” və “Qız qalası” hidroqovşaqları ilə bağlı sazişi diplomatik uğur kimi dəyərləndirib.
 
“Tam təfərrüatları ilə tanış olmasam da, bu layihəni kifayət qədər faydalı hesab edirəm. Layihə əsasında yaradılacaq su anbarlarının istifadəsi kənd təsərüffatının inkişafına zəmin yaradacaq. Həmçinin, elektrik stansiyaları regionun ucuz elektrik enerjisi ilə təmin edilməsinə səbəb olacaq. Eləcə də bu layihə əsasında saziş bağlanması və sazişdə İranın Azərbaycan ərazi bütövlüyünün təmin edilməsini dəstəkləməsi uğurlu bir diplomatik gedişdir. Saziş bağlanılması həm də Azərbaycanın ərazilərinin işğalı ilə barışmayacağının, qısa zamanda torpaqlarını azad edəcəyini sübuta yetirir. Hökumət bu müqaviləni imzalamaqla işğal sonrası Azərbaycan rayonlarının infranstruktunu gücləndirməyi hesablayıb. Müqaviləyə görə, nə layihədə erməni şirkətləri iştirak edə bilər, nə də istehsal olunan enerjidən qondarma rejim faydalana bilər. Sizin qeyd etdiyiniz yeni körpülərsə torpaqlarımız işğaldan azad edildikdən sonra Güney və Quzey arasında iqtisadi-humanitar əlaqələrin inkişafına töhvə verəcək”.


Ana səhifəyə qayıt        Baxış: 4 660          Tarix: 8-05-2020, 13:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma