Xəbər lenti
 
 
 
Son zamanlar ölkə ictimaiyyətinin ən çox müzakirə etdiyi mövzu 2016-cı ildə İranla Azərbaycan arasında bağlanan “Xudafərin” sazişidir. Müxalif qruplar bu sazişə qarşı çıxdıqları halda, iqtidaryönülmülər onu diplomatik uğur adlandırırlar. Bəs biz bu iki yanaşmadan hansına daha çox inanmalıyıq?
 
Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevin qapısını da məhz bu suallara aydınlıq gətirmək üçün döydük. Xatırladaq ki, “Xudafərin” sazişinin müzakirəyə çıxarıldığı ilk gün “MM niyə bu sazişə imza atıb” sualıyla BAXCP sədrinə müraciət etmişdik, o isə belə bir sənədin parlamentdə ratifikasiya olunduğunu xatırlamadığını demişdi. Sonradan isə sazişin MM-də ratiikasiya olunduğu, hətta müzakirələrdə Qüdrət bəyin də iştirak etdiyi ortaya çıxmışdı. Deputatla söhbətə də elə bu “yer”dən başladıq. 
BAXCP sədri Qüdrət Həsənquliyevin Ovqat.com-a müsahibəsini təqdim edirik:
-Qüdrət bəy, “Xudafərin” sazişinin müzakirələrində iştirak etdiyiniz məlum olub. Mövzuyla bağlı çıxışınızda sazişi  müdafiə   etmisiniz. O müzakirələri  xatırlamamağınız nə ilə bağlı idi? 
 
- Əvvəla, siz o sualı verəndə İrandan işğal olunmuş ərazilərimizə  çəkilən körpülər barədə rəsmi Bakı ilə Tehran arasına bağlanan sazişdən bəhs etmişdiniz. Mən də elə bir sazişin MM-də müzakirəyə çıxarıldığını xatırlamadığımı, araşdırılmasına ehtiyac olduğunu demişdim. Sazişi diqqətlə oxusanız, orda hər hansı körpü tikintisindən söhbət getmədiyini görə bilərsiniz. Bu sənəddə Araz çayı üzərində tikilən iki hidroqovşağın inşasının davam etdirilməsindən söhbət gedir. 
 
 İkincisi, müzakirələrin üzərindən 4 il keçir. O vaxtdan indiyədək paramentdə yüzlərlə müqavilə təsdiq  etmişik. Sözsüz ki, müzakirə olunan bütün məsələləri yadda saxlamaq mümkün deyil və mən xarici səfərlərdə olduğum zaman da hansısa sənəd təsdiq oluna bilər. İnsan ən çox ciddi polemikaların yaşandığı müzakirələri yadda saxlayır. O dövrdə sazişə münasibət birmənalı olduğundan nə  deputatlar arasında, nə də cəmiyyətdə   ciddi mübahisələr  olmayıb.   
O dövrün KİV-nə baxsanız, saziş barədə məlumatların, hətta mənim Sazişin MM-də müzakirəsi  zamanı etdiyim çıxışın mətninin media qurumlarında dərc olunduğunu görə bilərsiniz. Bu sazişi hazırda ciddi tənqid etməyə başlamış şəxslər  də o zaman bunu normal qarşılayıblar. İndi sazişdə nəzərdə tutulmayan 4 körpü məsələsi ortaya çıxdığından ciddi müzakirələr başlayıb. 
 
-Aydındır. Yəni deyirsiniz ki, üzərindən 4 il keçəndən sonra müqavilədə nəzərdə tutulmayan bəzi nüanslar ortaya çıxdığından saziş yenidən gündəmə gəlib.
 
-Bəli. Son dövrlərdəki müzakirələr o zaman qızışdı ki, mətbuatda, sosial şəbəkələrdə İranın Dağlıq Qarabağa yanacaq satdığı ortaya çıxdı. Xankəndindən çəkilən bir videoda çox sayda İran maşınlarının Dağlıq Qarabağa yanacaqla yanaşı, koronavirus daşıdığını sərt tənqid edən bir erməninin sözləri Azərbaycanda ciddi gərginliyin yaşanmasına səbəb oldu. Çünki ortaya çıxan faktlar İranın Azərbaycanın ərazi bütövlüyünə, suveren hüquqlarına hörmət etmədiyini ortaya qoyurdu. Bu da haqlı olaraq, bizim cəmiyyətdə xeyli qəzəb doğurdu və İran səfirliyi bununla bağlı açıqlama verdi ki, “yox, bu, yanlışdır, bizim münasibətləri korlamaq istəyirlər”. Halbuki kadrlarda hər şey aydın görsənirdi. 
Bundan başqa, Dağlıq Qarabağa səfər edən xarici jurnalistlər, blogerlər də bu faktı təsdiq edən məlumatlar yayırlar. Onlar da Dağlıq Qarabağda ən çox İranın yük maşınları ilə qarşılaşdıqlarını yazırlar. Daha sonra, Cənubdan gələn məlumatlarda da təsdiq olunurdu ki, İran doğrudan Dağlıq Qarabağdakı separatçı rejimə ciddi şəkildə dəstək verir, onlarla ticari əlaqələr qurub. Bunun ardınca körpü məsələsinin ortaya çıxması istər-istəməz rezonansa səbəb olmalıydı və oldu. 
 
-Yəqin ki, 4 ildən sonra yenidən gündəmə gətirilən bu sazişlə bir daha tanış ola bildiniz. İndi bu sazişə münasibətiniz necədir? 
 
-Müzakirələr yenidən qızışanda mən sazişi bir daha oxudum və bir daha əmin oldum  ki, müqavilə Azərbaycan dövlətinin maraqlarına cavab verir. Sual verə bilərsiniz ki, biz əgər o hidroelektrik stansiyadan özümüz istifadə edə bilməyəcəyiksə, onda tikilməsinə niyə razılıq veririk? Deyə bilərsiniz ki, torpaqlar azad olunandan sonra bunu tikmək olardı. Mən şəxsən bu sazişə onunla haqq qazandırıram ki, Arazın o tərəfində bizim soydaşlarımız  və müsəlmanlar  yaşayır. Biz bilirik ki, onlar doğrudan da susuzluqdan əziyyət çəkirlər. Hətta xatırlayırsınızsa, Urmiya gölünün  quruması ilə bağlı biz də ciddi  narahatçılıq keçirirdik. Ora azərbaycanlıların vətənidir, torpağıdır. O gölün quruması böyük bir ərazidə ekoloji fəlakət yaradacaqdı. Bu baxımdan cənublu soydaşlarımızın Arazın suyundan istifadə etməsinə görə biz ancaq sevinə bilərik. Biz başqalarını müsəlman həmrəyliyinə çağırdığımız halda başqa cür davrana bilmərik.   Cənubdakı soydaşlarımızın   rifahını düşünmək də bizim borcumuzdur.  Dövlət maraqları baxımından  İran həmin sazişdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib. Sazişdə üçüncü dövlətin o su ehtiyatlarından istifadəsi birmənalı şəkildə qadağan olunur. Sözsüz ki, o tipli su bəndlərinin, hidroelektrik stansiyalarının üzərində  texniki xidmət üçün  körpü olmalıdır. Ona görə ki, hidroelektrik stansiyalar vahid tikinti kompleksidir.   Bununla belə, əgər hidroelektrik stansiyanın başa çatmasından sonra Dağlıq Qarabağın içərilərinə doğru erməniər yol çəklibsə və bu yoldan İran istifadə edirsə, bu, əlbəttə, müqavilənin şərtlərinin pozulmasıdır və Azərbaycan buna görə İranı Beynəlxalq məhkəməyə verə bilər. Azərbaycan hökuməti bu faktlar varsa onu aşkar edib tutarlı sübutlar toplamalı,  (bilirsiniz ki, inid bizim sputniklərimiz var və onlar vasitəsilə bunu yoxlamaq mümkündür)   İrana rəsmi nota verməli, etiraz etməli və təcili olaraq sepparatçı rejimlə əlaqələrin dayandırılmasını tələb edilməlidir.
Kəndlərin su altında qalması məsələsi də cəmiyyətdə çox müzakirə olunan məsələdir. Bilirsiniz, o kəndlərdə nəinki evlərin qapı, pəncərələri, dam örtükləri, hətta daşları sökülüb satılıb. Yəni  o kəndlərdə heç nə qalmayıb, ancaq  ərazi qalıb. Mən şəxsən bilmirəm ki, neçə kənd su altında qalıb. Kim verib o məlumatı ki 3 kənd su altında qalıb? Görünür, bunu sputniklə müəyyənləşdiriblər. Amma yenə də düşünürəm ki, bu su elektrik stansiyasından gələcəkdə Azərbaycan da istifadə edəcək və Arazın suyundan faydalanacaq. 
 
 -Açığı, mən də kəndlərin su altında qalması barədə irəli sürülən arqumentlərlə razılaşmadım. Söhbət erməni işğalı altında qalan və darmadağın edilmiş kəndlərdən gedir. Doğrusu, erməniyə qalmağındansa, su altında qalması mənə daha faydalı göründü.
 
-Bəli, o da var. Bir də açıq söyləmək lazımdır, İranla müqayisədə Azərbaycan kiçik dövlətdir. Qonşu dövlət təkidlə bunu istəyirsə ki, mənim suya ehtiyacım var,  dövlətlər biri-birinin marağını nəzərə almalıdır və biri-birinə güzəştə getməlidir. Yəni siyasətdə, xüsusilə də beynəlxalq münasibətlərdə konstruktiv olmaq   çox  önəmli məsələdir. İndi bəzi adamlar hay-həşir, çığır-bağır salıblar, amma yenə də deyirəm, dövlətlərarası münasibətlərdə gərək, qonşu dövlətin də marağını nəzərə alasan. Xüsusilə də  bundan faydalanan sənin öz soydaşlarındırsa. 
 
 -Bayaq özünüz də dediniz ki, hökumətin əlində 3 sputnik var. O qədər xərc çəkib kosmos ölkəsi olmuşuq. Kosmosdan hər şeyi aydın görmək olar ki, yol çəkilib, çəkilməyib, yaxud oradan keçən maşınlar hara gedir? Niyə hökumət bu məlumatı əldə edib İranın qarşısına qoymur?
 
-Bu barədə Xələf Xələfovun açıqlaması var. Dünən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynov da açıqlama verdi. Düzdür, orada bütün detallar açıqlanmır. O yolla bağlı açıqlama yoxdur. Amma o açıqlamalardan mən belə başa düşdüm ki, hələ o işlər davam edir, başa çatmayıb. Yəqin ki, bununla bağlı növbəti açıqlamalar olacaq. Amma mən o hay-həşir salan adamlara da demək istəyirəm ki,  torpaqlarımızın 20%-nin 30 ildən artıq bir müddətdə  işğal altında qalması hər kəsi narahat edir. Amma bu  məlumat 2016-cı ildə  gedibsə və o zaman geniş rezonanas doğurmayıbsa, deməli,  hamı bu layihə ilə tanış olub və görüblər ki, bu, Azərbaycanın maraqlarına uyğun bir layihədir və ona görə də səslərini çıxarmayıblar. Amma indi Milli Şura adlanan qrup  xüsusi tapşırıqla hücuma keçib, Sazişə qarşı böyük kampaniya başladıblar. 
 
-Amma gəlin, razılaşaq ki, nəzarət edə bilmədiyimiz coğrafiya barədə bağlanan müqavilənin bu cür mübahisələrə yol açması da gözləniləndir. Rəsmi Bakı İranla bağladığı bu sazişin şərtlərinə nə dərəcədə əməl olunub-olunmadığına necə nəzarət edə bilər? 
 
-Mən  düşünürəm ki, hazırda Azərbaycan çəkinmədən,  açıq şəkildə Qarabağın azad olunması üçün İrandan dəstək istəməlidir. Deməlidir ki, sən bizə  torpaqların işğaldan azad olunması üçün kömək et. Bununla da bütün söhbətlərə də son qoyulsun.  İran da   Azərbaycanla səmimi dostluq münasibətləri qurmaq istəyirsə, Qarabağın azad olunması üçün Azərbaycana ciddi dəstək verməlidir. Yəni bəhanələr axtarmamalıdır. Bəhanə axtarmağa qalsa, hər kəs özünün müəyyən hərəkətinə haqq qazandırmaq üçün istədiyi qədər bəhanə tapa bilər. Mən hesab edirəm ki, bununla əlaqədar olaraq biz İranla daha sıx işləməliyik. Necə ki, hazırda Rusiya ilə əməkdaşlıq edirik. İranla da əməkdaşlığımız təkcə iqtisadi sahədə olmamalı, siyasi-mədəni əlaqələrlər də yaxşılaşdırılmalıdır.  Mədəniyyət Nazirliyi İranla sıx əlaqələr qurmalıdır. İranın elə bir kəndi, yaşayış məntəqəsi olmamalıdır ki, bizim incəsənət xadimlərinin camaatla görüşü olmasın, konsertlər təşkil etməsin. Xalq mədəni səviyyədə, dil baxımından birləşməlidir. Coğrafi sərhədlər məsələsi önəmli deyil.   Mən bir təkliflə də çıxış etmişdim ki, Azərbaycan torpaqlarını işğaldan azad etsə  Avrasiya İttifaqına bizimlə bərabər Türkiyə və İran da  qoşula bilər. İran da oranın üzvü olsa, həmin Avrasiya İttifaqının Avropa İttifaqı modelində vahid vətəndaşlığı olsa (necə ki Avropa İttifaqının vahid vətəndaşlığı var), bu  bizə və cənublu soydaşlarımıza eyni ittifaqda birləşmək imkanı qazandırar. Ona görə də bu məsələlərə daha geniş yanaşmaq lazımdır. Amma yenə deyirəm, İranın Ermənistanla qardaşlaşma siyasətinə  biz etirazımızı bildirməliyik  və    müsəlmançılığa, haqqa-ədalətə söykənməyən bu siyasəti kəskin tənqid etməliyik. İran tənqiddən nəticə çıxarmalı, öz siyasətinə yenidən baxmalıdır.
 
-Yəni təndiq dostlar və ya dostluqları möhkəmləndirmək üçündür, deyirsiniz?
 
-Bəli.
 
-Son zamanlar Paşinyan hakimiyyətinin İsraillə münasibətlərini yaxınlaşdırması, Təl-əvivdə səfirlik açması İranda ciddi qıcıq yaradır. Sizcə, bu, İranın bizimlə bağlı siyasətinə nə dərəcədə təsir edə bilər?
 
-Mən həmişə demişəm, Rusiya və İran Ermənistandakı siyasi hakimiyyətdən narazı qala və oradakı hakimiyyəti dəyişmək istəyə bilərlər, amma onlar hakimiyyətdən narazı olduqlarına görə özlərinin regional siyasətlərini dəyişməzlər. İranın regional siyasəti odur ki, müstəqil və güclü Azərbaycan dövlətinin yaranmasının qarşısını alsın  və hesab edir ki, bu konflikt qaldıqca  belə də olacaq, Azərbaycan ondan asılı vəziyyətdə qalacaq. Rusiya da eyni mövqedədir. Yəni onların dövlət siyasəti belədir. Amma onlar başa düşmürlər ki, xalqımız bunu görür və zamanında cavabı ola bilər. Bizimlə səmimi dost olmaq lazımdır. Nə qədər ki gec deyil, onlar yalnış mövqelərindən geri çəkilməlidirlər. Mən hərdən mətbuatda görürəm;  bizimkilər sevinirlər ki, Ermənistanda hökumətlər dəyişdi, Sarkisyan getdi, Paşinyan gəldi, Köçəryan getdi, Sərkisyan gəldi. Amma bu, heç nəyi dəyişmir. Səhər lap Yerevanın küçələrində ermənilər bir-birini qirsalar da , bu, heç nəyi dəyişməyəcək.
 
-Sözsüz. Amma məsələ burasındadır ki, son zamanlar dünyada baş verən hadisələr, xüsusilə neft qiymətlərinin aşağı düşməsi hən İranı, həm Rusiyanı zəiflədir. Artıq onların regional proseslərə nəzarət imkanları da tükənir. Üstəlik, ABŞ və müttəfiqlərinin hər iki dövlətə basqıları da artır. Hər iki ölkəyə tətbiq olunan sanksiyalarla yanaşı Qara dəniz və Barents dənizində hərbi təlimlərin keçirildiyini görünürük. Sanki Rusiyanı küncə sıxışdırma siyasəti yürüdülür. Eyni şəkildə İran da Yaxın Şərqdən sıxışırılaraq çıxarılır. Bu proseslər həmin ölkələrin Azərbaycana təzyiqlərini də azalda bilərmi?
 
 -Təbii ki, iqtisadi cəhətdən güclənmə demokratiyası zəif olan, yaxud olmayan böyük dövlətlərin imperialist maraqlarını artırır. Bunu biz Rusiyanın və İranın təcrübəsində daha yaxşı görə bilərik. Necə ki, son 10 ildə neftin qiyməti əvvəllər heç olmayan səviyyəyə qalxdı, hətta bəzi hallarda 149 dollara çatdı, Rusiya və İran da dünyanın əsas neft ixrac edən ölkələri kimi çox böyük gəlirlər əldə etdilər. Dərhal da onların imperialist iddiaları artdı, dünya da bunu gördü. Ona görə də indi Rusiyanın və İranın zəiflədilməsi siyasəti aparılır. O tipli təlimlər Rusiyanı qıcıqlandırıb, məcbur edəcək ki, hərbi xərclərini artırsın. Rusiya hərbi xərclərini artıracağı təqdirdə iqtisadiyyatı daha da zəifləyəcək. Bilirsiniz ki, Rusiyanın qeyri-neft sektoru güclü deyil. O, bu sektorda qazandıqları ilə azalan neft gəlirlərini kompensasiya edə bilməyəcək.  Rusiyanın iqtisadiyyatına pandemiya da bir tərəfdən ziyan vurur. Amma nə qədər zəifləsələr də, rus xalqı yerində qalır.  Ac xalqın əlində nüvə silahı özü də bir təhlükədir. Ona görə də burada balansı tapmaq lazımdır: necə edək ki, Rusiya dünya üçün bir təhlükəyə çevrilməsin. Bütün hallarda bu istiqamətdə iş gedir. Amma bu mülahizələrə güvənib xarici siyasət qurmaq olmaz. Bir vaxtlar rəhmətlik Vəfa Quluzadə də tez-tez deyirdi ki, Rusiya dağılır. Yəni bu gözlənti ciddi siyasətçinin işi deyil. Onlar zəifləyəcək və buna görə Azərbaycan güclənəcək kimi fikirləri mən qəbul etmirəm.  Azərbaycanın güclənməsi üçün ölkədə mütləq ciddi sosial- iqtisadi, məhkəmə-hüquq islahatları həyata  keçirilməlidir. Bu islahatlar aparılmasa, biz güclü iqtisadiyyat qura bilməyəcəyik.   Güclü iqtisadiyyat, hərbi potensial olmasa, sən necə güclü dövlət ola bilərsən? 
 
-Amma siz də bu sözlərinizlə istisna etmirsiniz ki, bizimlə problemi olan dövlətlərin zəiflədiyi bir şəraitdə ciddi islahatlar aparmaqla Azərbaycan güclənə bilər. Hər halda Sinqapur təcrübəsi göstərir ki, güclü olmaq üçün ərazi böyüklüyü, əhali sayının çoxluğu ikinci dərəcəli məsələdir. Bir dövlət ağıllı iqtisadi siyasətilə də dünyada sözü eşidilən gücə çevrilə bilər. 
 
-Əlbəttə. İsrailin də ərazisi bizdən xeyli kiçik, əhalisinin sayı bizim qədərdir - 10 milyon. Amma İsrail 80 milyonluq İrana, 240 milyonluq Ərəb dünyasına meydan oxuyur. Niyə? Çünki güclü iqtisadiyyatı, hərbi qüdrəti var. Yeri gələndə 80 milyonluq Türkiyəyə, 80 milyonluq İrana da meydan oxuyur.   Özünü nüvə dövləti elan etməsə də, hamı bilir ki, İsrailin nüvə silahı var və arxasında da Amerika Birləşmiş Ştatları kimi  nəhəng dövlət durur.  Ona görə də   əgər güclü iqtisadiyyatın və hərbi potensialın, buna paralel olaraq güclü hərbi-siyasi müttəfiqin varsa, sən güclüsən. Əks halda, qonşular zəiflədi, mən güclənəcəm, bu, mənim üçün qəbul olunmazdır.
 
-Sizcə, son zamanlar Azərbaycanda aparılan islahatlar bu məqsədə xidmət edirmi? Xüsusilə DTX-nın apardığı əməliyyatlar insanlarda bu ümidin yaranmasına səbəb olub. Prezident İlham Əliyevin Baş Prokuroru dəyişməsi və yeni Baş Prokuror qarşısında qoyduğu bəzi tələblər də bu ümidi artırdı. Sizcə, bu ümidlər özünü doğruldacaqmı?
 
 -Son vaxtlar çox ciddi şəkildə sual olunur ki, niyə Dövlət Təhlükəsizlik Xidməti korrupsiya iə mübarizə aparmalıdır?  Respublika Prokurorluğunda Korrupsiyaya qarşı Mübarizə  Baş İdarəsi var, onun da əməliyyat idarəsi bu tədbirləri hazırlayıb, həyata keçirə bilər. Söhbət gizli çəkilişlərdən gedir.  Mən bunu 1-2 dəfə demişəm,  bundan siyasi manipulyasiya etmək istəyirlər. Artıq korrupsiya Azərbaycanda dövlət təhlükəsizliyi üçün ciddi  təhdidə çevrilmişdi. İş o yerə gəlib çatıb ki, pandemiya dövründə Heydər Əliyev Fondunun kasıb insanlara göndərdiyi sovqatı da, işsizləri ictimai işə cəlb etmək üçün ayrılan vəsaiti də mənimsəyirlər. Bəzi icra hakimiyyətləri artıq bütün əndazəni aşıblar, tamahkarlıqlarının heç bir sərhədi yoxdur. Mədəniyət Nazirliyində baş verən rüsvayçılıq haqqında isə danışmağa dəyməz.Pul qarşılığında mədəniyyət nümunələrini, tarixi abidiləri satan mənfur elementlər dövlət idarəetməsinə doluşub bu millətin keçmişini silib gələcəyinə böyük zərbə vurmaqdadırlar. Bu, artıq bizim dövlətçiliyimiz üçün böyük bir təhlükəyə çevrilib. Ona görə də Prezident DTX -nı bu missiya ilə görəvləndirib. Amma mən bir hüquqşünas, krminologiya elmini öyrənmiş bir adam kimi deyirəm ki, cinayətkarlığa qarşı mübarizədə  ilk dövrdə sərt cəza tədbirləri həmin o cinayətkarlığın səngiməsinə səbəb olur, amma o cinayətkarlığı doğuran səbəb və şərait ardan qalxmırsa, insanlar tez br müddətdə sərt dövrün tələblərinə uyğunlaşırlar və proses yeni vüsət alır. Vəziyyət bir az da pisləşir. Niyə? Çünki məmurlar daha çox rüşvət almağa başlayır və bunu belə əsaslandırır ki, mənim ifşa olunmaq təhlükəm var.  İnstitusional islahatlar həyata keçirilməsə,iqtisadi,sosial, məhkəmə-hüquq islahatları aparılmasa, vəziyyət bir azdan daha da pisləşəcək. Mən iqtidar mətbuatından oxudum, Biləsuvarda 150-yə qədər kiçik fermerin torpaqlarını məhkəmə qaydasında tutub əlindən alıblar. Əgər məhkəmə bu cinayətin iştirakçısına çevrilirsə və məhkəmələr müstəqil deyilsə, (Azərbaycanda mülkiyyətin təminatçısı rolunda məhkəmələr çıxış etməlidir) o zaman hansı xarici investor Azərbaycana pul qoyar? Hətta daxildə oğurluq yolu ilə pul toplayan insanlar belə, o pulları bura qoymurlar. Niyə? Onu məhkəmə qaydasına qoruya biləcəklərinə güvənmirlər. Ona görə, deyirəm ki, iqtisadi və məhkəmə islahatları həyata keçirilməlidir…
 
(ardı var)
Söhbətləşdi: Heydər Oğuz
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 7 870          Tarix: 11-05-2020, 14:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma