Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Fazil MUSTAFA,
BQP sədri, Milli Məclisin deputatı
Yaşadığım Zabrat qəsəbəsində Sovet dövründə, bəlkə də, ondan əvvəl tikilmiş əzəmətli bir Mədəniyyət Evi var. İllərdir bu köhnə, içərisi uçulub tökülmüş, pəncərələri dağılmış Mədəniyyət Evinin arxa bağçasında çürümüş taxtaların üzərinə bərkidilmiş brezent örtüklərlə piştaxtalarının üstü qapadılmış kiçik bir kənd təsərrüfatı məhsullarının satış bazarı, yandan sağ tərəfində isə binanın həyətinə girmiş ucuz yeməklərin və ayaqüstü spirtli içkilərin məkanı kimi tanınan kiçik bir yeməkxana yerləşir.
Hər dəfə buradan keçərkən, ürək ağrısı ilə düşünürəm: bu cür böyük bir qəsəbədə, necə ola bilər ki, belə bir Mədəniyyət Evi illərdir təmirsiz və istifadəsiz qalsın?
Həmin Mədəniyyət Evindən yüz metr aşağıda isə ikimərtəbəli köhnə, hər an uçmaq ehtimallı qəzalı vəziyyətdə olan binada musiqi məktəbi yerləşir. Məktəbə daxil olanda beynindən ancaq “Kəlmeyi-şəhadəti”ni oxuyub, sağ-salamat bu binadan dərhal aralanmaq istəyi keçir. Sonradan anlaşıldı ki, bu musiqi məktəbinin də əlacını tapıblar – tam heyəti ilə 15 kilometr uzaqda Maştağadakı Mədəniyyət Evinə köçürməyi planlaşdırıblar, lakin məktəbin müəllimlərinin və valideynlərinin etirazından sonra, müvəqqəti olaraq, məktəbi yerində saxlayıblar.
Adıçəkilən musiqi məktəbindən iki yüz metr aşağıda da bir kitabxana yerləşir. Ölkənin əksər kitabxanalarını gəzmiş, burada çalışan dəyərli peşə adamları ilə söhbətləşmiş bir kitab həvəskarı olaraq, bəlkə də, bu yüz ilin ixtiyarlamış binasına daxil olarkən, gözlərimə inana bilməmişdim: bu cür kitabxana saxlamaq necə mümkündür?! Döşəmənin taxtaları qopmuş, kitablar zala dolmuş çirkab suyunun içində, zavallı kitabxanaçılar da soyuq otaqda çiynlərinə paltolarını salıb, ümidsiz vəziyyətdə iş vaxtının bitməsini gözləyirdilər…
Ötən həftə bu barədə Milli Məclisdə ayrıca bir çıxış etmişdim, yüzlərlə kitabı ingiliscədən dilimizə tərcümə etmiş bir tərcüməçinin ağır yaşam durumu ilə maraqlanmayan Mədəniyyət nazirini ittiham edərək, yuxarıda sadaladığım həmin konkret məsələləri ictimailəşdirməyə çalışmışdım. Və söyləmişdim ki, əsasən yoxsul ailələrin məskunlaşdığı Balaxanı, Zabrat, Məhəmmədi, Savalan kimi qəsəbələrdə bir müasir musiqi məktəbin olmaya, o balaca uşaqları valideynləri ilə birlikdə iki marşurut avtobusu dəyişmək zorunda buraxaraq Maştağaya göndərəsən, bu anlayışla idarə olunan dövlət orqanının adı, hər nə olsa da, Mədəniyyət Nazirliyi ola bilməz.
Ölkədə əksər kitabxanalar, musiqi məktəbləri, mədəniyyət abidələrinin bir çoxu bu cür baxımsız vəziyyətdədir, bu cür anlayışsızlığın qurbanıdır.
Bu gün bir daha həmin qocaman Mədəniyyət Evinin qarşısında durub düşünərkən, maraqlı bir müqayisəni tutdum. Həmin xaraba qalmış Mədəniyyət Evi, əslində, Azərbaycan Mədəniyyət Nazirliyinin prototipidir, sanki… Xaraba qalmış, kiflənmiş, çardağı çökmüş, pəncərələrində şüşə qalmamış, bir tərəfi dəxli olan-olmayan, hər kəsin mal satdığı, mal aldığı bazar, digər tərəfi isə büdcə vəsaitinin talandığı yeməkxana. Əslində, illərdir Azərbaycan Mədəniyyət Nazirliyi alış-veriş bazarı ilə büdcə vəsaitlərinin mədəyə ötürüldüyü yeməkxananın simvolik sintezindən ibarətdir.
Bilindiyi kimi, son vaxtlar ölkə prezidentinin korrupsiyaya qarşı açdığı savaşın ilk artilleriya zərbəsi məlum icra başçılarına dəydi. Cəmiyyətdə talançılıqları ilə ad çıxarmış icra başçılarının bir-birinin ardınca “iş” başında yaxalanması insanlarımızda dövlətin dəyənəyinin bundan sonra fərq qoymadan bütün hədəflərə dəyəcəyinə ümid yaratdı. Hətta ölkə prezidenti söyləyəndə ki, bu, yalnız icra başçılarının törətdiyi əməllər deyil, həm də mərkəzi orqanlarda, nazirliklərdə bu cür özbaşınalıq, rüşvətxorluq hökm sürür, onlara da layiqli cəzaları veriləcək, çoxunun ağlı, gümanı yeyintiyə daha yatqın nazirliklərin üzərinə yönəldi. Dövlət Təhlükəsizlik Xidmətinin torbasından isə, ilk olaraq, məhz Mədəniyyət Nazirliyi, onun vəzifəli şəxsləri çıxdı.
Əslində, açıq şəkildə hələ söylənilməsə də, kimsəyə sirr deyil ki, bu rüşvət piramidası məhz 2006-cı ildən Qarayev cənablarının nazirlik məcarası başlayandan qurulub. Mədəniyyətimizin qalxınmasına xidmət edən hansısa ideyaya, hansısa təşəbbüsə dəstək vermək hələ bir yana dursun, o ideya və təşəbbüslərin boğulması üçün əlindən gələni etməyə çalışan bir nazir obrazı ilə repressiya qurbanı olmuş Azərbaycan şairi Mikayıl Müşfiqin sümükləri ilə bağlı məsələ ortaya çıxanda biganə davranışları zamanı daha yaxından tanış olduq.
Milli Məclisdə iki il öncə Bülbülün, Xan qızı Nətavanın, Üzeyir bəyin İncəsənət Muzeyinin arxa bağçasında gizlədilmiş erməni vandalizminin hədəfinə çevrilmiş heykəlləri üçün Dənizkənarı Bulvarda açıq səma muzeyi yaradaraq, təbliğat vasitəsi kimi istifadə etmək təşəbbüsü qaldırdım, bu günə qədər də o heykəllər biganəliyin qurbanı olaraq, yerində gözləyirlər.
Hələ 2016-cı ildə şəxsən Mədəniyyət naziri ilə görüşərək, Bakının işğalının 100 illiyi ilə bağlı film layihəsi təqdim etdim və bildirdim ki, 2018-ci ilə qədər bu film çəkilərsə, yubileyə və Türkiyə-Azərbaycan qadaşlığına böyük töfhə olacaq. Adam, deyəsən, Türkiyə-Azərbaycan qardaşlığının, Qafqaz-İslam ordusunun zəfər missiyasının mahiyyətini anlaya bilməmişdi. Elə oldu ki, Azərbaycan Prezidenti böyük bir tarixi addım ataraq, 2018-ci ilin 15 sentyabrında Türkiyə prezidentini Bakıya dəvət etdi və iki qardaş ölkənin Azadlıq Meydanında birgə hərbi paradı keçirildi. Bakının işğaldan azad edilməsi gününü qeyd etdiyimiz zaman Mədəniyyət Nazirliyi şərəfli tariximizin bu dövrünə aid nə bir bədii, nə də sanballı sənədli film ortaya qoya bildi. Bakının işğaldan azad olunmasına 2018-ci ildə nazir Əbülfəs Qarayevin baxışı ilə 1918-ci ildə bolşevik Əliheydər Qarayevin baxışı arasında hansısa fərqin olmadığını görmək yaxşı ki, bizə müyəssər oldu.
Yeni çağırış Milli Məclis formalaşanda, iş elə gətirdi ki, Mədəniyyət Komitəsinə sədr müavini seçildim. Və ilk gündən bu sahədə bütün olub-bitənlərlə tanış olmağa çalışdım. Öncədən də bilgilərim yetərli sayıla bilərdi. Görürdüm ki, Azərbaycanda film, kino sektoru çöküb, müstəqillik dövründə Sovet dövrünün ideoloji basqılarına rəğmən, min bir çətinliklə çəkilmiş filmlərin səviyyəsinə yetişəcək bircə film belə, ərsəyə gətirilməyib. Əksər peşəkarlar bu sahədən imkansızlığa və laqeydliyə görə uzaqlaşıb və ya uzaqlaşdırılıb. Dövlət sifarişlərini səmərəli istifadə edə bilməyiblər və ayrılan vəsaitləri mənimsəyiblər.
Araşdırılsa, müəyyənləşər ki, kino istehsalı zamanı, demək olar ki, ayrilan budcənin 50-60 faizi Kino idarəsinə çatdırılmadan mənimsənilib. 2006-2020-ci illər ərzində “Azərbaycanfilm”in maddi-texniki bazasi struktur kimi yenilənmək əvəzinə, dağıdıldı. Kinostudyanin binasında cari təmir başlasa da, hər şey alayarimçiq bir vəziyyətdə qaldı. Buzovna qəsəbəsində kinonun balansında olan “Ekran” uşaq istirahət düşərgəsi, dəyər-dəyməzinə, satildı. Kinostudyaya məxsus 4-5 hektar torpaq sahəsi də satıldı. Ərazidə kinoya xidmət edən köməkçi binalar da başqa qurumlara, özəl şirkətlərə icarəyə verildi. Qonşu Gürcüstanda bu sahədə görülən işlərlə müqayisə aparılsa, o zaman görünər ki, Mədəniyyət Nazirliyindəki cinayətkar şəbəkə uzun illər dirçələ bilməyəcək kino sektorunu necə darmadağın etmişlər.
Kitabxanaların durumu daha acınacaqlıdır. Sovet sistemindən miras qalmış kitabxanaların əksəriyyətinin yeri nazirliyin məsul şəxslərinin iştirakı ilə yaşayış binalarının tikintisi üçün satılmış, maddi texniki baza dağıdılmış, kitabxanaçılar ən aşağı maaş alan peşə sahiblərinə çevrilmişlər.
Ölkədə tərcümə sektorunu dirçəltmək üçün real addım atılmamış, ədəbiyyatın inkişafı üçün gənc yazarların dəstəklənməsinə yönəlik konsepsiya hazırlamağa ehtiyac belə duyulmamışdır.
Teatrlarımız da, aktyorların durumu göz qabağındadır.
Turizmə vurulan zərbəni isə sadalamaqla qurtaran deyil.
Bu ölkədə mədəniyyət adına hansısı sahədə irəliləyiş varsa, orada birbaşa ölkənin birinci-vitse prezidenti Mehriban xanımın dəsti-xətti var. Muğam sənətinin inkişafı, xalçaçılığın bir sənət və peşə olaraq stimullaşdırılması və istehsal infrastrukturunun yaradılmasında, mədəni irsin qorunmasında İçəri Şəhərdən tutmuş Şəki Xan sarayına qədər, Nizami irsindən tutmuş Üzeyir bəyin irsinin təbliğinə qədər, Bakıda mədəniyyət sferasına aid olan nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinə qədər, YUNESKO məkanında Azərbaycan mədəniyyətinin təmsilçiliyinə qədər bu dəst-xətti görmək, sezmək mümkündür.
İndi gəlin, yaradılanlara deyil, dağıdılanlara diqqət edək. Bütün dağıdılanların da arxasında, içində, böyründə-başında Əbülfəs Qarayevin dəsti-xəttini hökmən görə biləcəksiniz.
Böyük mütəfəkkirimiz Əhməd Ağaoğlu “Üç mədəniyyət” əsərində mədəniyyətə tərif verərkən, onu bir millətin “həyat tərzi” olaraq təqdim edirdi. “Bir millətin mədəniyyəti, onun maddi və mənəvi həyat tərzidir” deyirdi. On beş ilə yaxındır ki, bu dövlətin, bu millətin mədəniyyəti bir millətin deyil, milli dəyərlərdən tamamilə uzaq olan bir nazirin həyat tərzinin məhsuluna çevrilib. Əsl sənət adamlarının problemlərini dövlət başçısından gizlədərək, toy manıslarının, toppuş efir qaqaşlarının və ya madonnalarının hamisinə çevrilən bir nazir, səfalət içində ürəyi partlayan görkəmli rejissorumuz Rövşən Almuradlı kimi sənət fədaisinə göstərdiyi biganəliyə görə heç vaxt bağışlanmamalıdır.
İndi nazirlikdə aparılan yoxlamaların, rüşvətxor nazir müavinindən, idarə rəisindən başlayan həbslərin harada yekunlaşacağını bilmirəm. Ancaq bildiyim odur ki, Azərbaycan mədəniyyətini Qarayev zehniyyətinin həbsindən azad etməyincə, sənətin, ədəbiyyatın, rəssamlığın, teatrın, kinonun, kitabxananın, kitab satış sektorunun, xalça sənətinin inkişafına dəstək verməli olan bir dövlət orqanı, onları çökdürən bir mexanizm, buxov kimi, mədəniyyətimizin potensialına ağır zərbə vurmağa davam edəcəkdir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar