Xəbər lenti

 
“Pandemiya elan olunan virusun Muxtar Respublikada yayılmasının qarşısı alınıb”.
 
Ovqat.com xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Zeynəb Mustafayeva dünən koronavirusla mübarizəyə həsr olunmuş bir tədbirdə deyib.
 
Z.Mustafayevanın bildirdiyinə görə, Muxtar Respublikada indiyədək ümumilikdə 7450 nəfər karantinə alınıb.
 
Ötən dövrdə 7033 nəfərin karantin müddəti bitib Hazırda 417 nəfər karantində saxlanılır. Virusun laborator təyini üçün muxtar respublikada Polimer Zəncirvari Reaksiya laboratoriyası yaradılıb, ötən dövrdə 2506 müayinə aparılıb, 106 nəfərdə virus aşkarlanıb, onlardan 2-si vəfat edib, 99-u müsbət reaksiyalı tam sağalma ilə evə yazılıb”,-nazir müavini  açıqlamasında belə deyib.


 
Naxçıvanın Səhiyyə naziri dura-dura, onun müavininin mətbuat qarşısına çıxması və rəsmi açıqlama verməsi böyük-kiçik yerinin ciddi əhəmiyyət daşıdığı Muxtar Respublikada analoqu olmayan hadisədir. Üstəlik, bu sözlərin səsləndirildiyi, koronavirusa qarşı önləyici tədbirlər məqsədilə alınan tibbi avadanlıqların nümayişi mərasimində nazir Niyazi Novruzov ümumiyyətlə iştirak etmirdi. Bu da Muxtar Respublikada “əcəba, Niyazi müəllimə nə olub?” sualının yaranmasına yol açmışdı. Bəzi Naxçıvan sakinləri hətta bu fakta əsas götürərək nazirin işdən uzaqlaşdırıldığını düşünmüşdülər. Niyazi Novruzovun yerinə onun müavininin rəsmi açıqlamayla çıxış etməsi də bu ehtimalı gücləndirir.


 
Zeynəb Mustafayevanın dünənki tədbirdə səsləndirdiyi fikirlər nazirin bir müddət əvvəl izhar etdiyi məlumatları da şübhə altına qoyurdu. Belə ki, cənab nazir Niyazi Novruzov cəmi ayyarım əvvəl mətbuat açıqlamasında bildirmişdi: “Naxçıvan yeganə yerdir ki, burada koronavirus qeydə alınmayıb... Mağazaların girişində insanların əli spirtlənir. Heç nəyə toxunmadan alış-veriş edirlər. Artıq Naxçıvanda bir neçə gündür ki, onlayn marketdə fəaliyyətə başlayıb. Və evlərə istənilən ərzaq və digər zəruri məhsullar rahatlıqla çatdırılır... 
 
Şükür ki, Naxçıvanda koronavirusa yoluxma faktı yoxdur. Lazımi profilaktik və dezinfeksiya tədbirləri müntəzəm olaraq davam etdirilir. Muxtar respublikaya xarici ölkələrdən giriş dayandırılıb.  Ahıl və xüsusi qayğıya ehtiyacı olanlara evlərində sosial xidmətlər göstərilir. Naxçıvanın xəstəxanaları da ən müasir səviyyədədir və lazımi imkanlara malikdir".
 
Üzərindən 6 gün keçməmiş Muxtar Respublika Səhiyyə Nazirliyi cənab nazirin bütün iddialarını alt-üst edən açıqlama vermişdi. Məlum olmuşdu ki, Naxçıvanda nəinki koronavirus yoxdur, bu xəstəlikdən hətta 1 nəfər ölmüş, bir nəfərin isə müalicəsi tamamlanaraq evə buraxılmışdı. Koronavirusun inkubasiya dövrünün 15 gün olduğunu nəzərə alsaq, belə çıxırdı ki, nazir Niyazi Novruzov Naxçıvanın vəsfində “barıtı bir az çox qoyubmuş”. 


 
Zeynəb Mustafayavanın bugünkü açıqlaması isə koronavirus epidemiyasının Muxtar Respublikada əməlli-başlı at oynatdığından xəbər verir. Zira əl boyda Muxtar Respublikada bir ay ərzində 106 nəfərdə koronavirusun aşkarlanması kiçimsənəcək hadisə deyil. Muxtar Respublika bu göstərici ilə Yəmən (85), Liviya (64), Monqolustan (61) və s. kimi ölkələri belə haqlayırmış. 
 
Naxçıvanı dərindən (sözün bütün məmnalarında) tanıyan həmsöhbətlərimizin bildirdiyinə görə, Zeynəb xanımın bu gün Səhiyyə Nazirliyinin əsas səlahiyyətli şəxsi kimi çıxış etməsi yaxın günlərdə gözlənilən yeni nazir təyinatı barədə də ipucları verir. Bəli, düz tutdunuz; söhbət potensial Səhiyyə nazirindən gedir. Təxminlərə inansaq, yaxın günlərdə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamını imzalayacağı şəxs Zeynəb xanım olacaq. Ehtimallara görə, onun dünənki açıqlaması da elə ilk təqdimatdan başqa bir şey deyil.
 
Biz əmrindən qabaq təqdimatı keçirilən yeni nazirimizi indidən təbrik edirik.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 610          Tarix: 15-05-2020, 18:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma