Xəbər lenti
 

“Azərbaycan musiqisini çıxarıb yerinə erməni musiqisini əlavə edənə nə ad vermək olar, belələrinə azərbaycanlı demək olarmı?”
 
Ovqat.com xəbər verir ki, bu sözləri keçmiş səfir olan Daşqın Şikarov bu gün paylaşdığı facebook statusunda yazıb.
 
Diplomatın vətənpərvərlik damarını qabardan isə Elmar Məmmədyarovun toylardan birində oynadığı rəqsinin musiqisini silib, yerinə erməni melodiyasının əlavə edilməsi olub. Sözügedən statusunda sabiq səfirin özü bunu etiraf edərək yazır: 


 
“Son zamanlar xarici işlər naziri Elmar Məmmədyarov barəsində sosial şəbəkələrdə qərəzli və həqiqətəuyğun olmayan video rolik paylaşılıb. Məqsədli şəkildə hazırlanan və paylaşılan video rolikdə guya nazir E.Məmmədyarovun erməni musiqisi sədaları altında rəqs etməsi göstərilir. Bu gün dünyada “COVİD-19” pandemiyasına qarşı mübarizə aparılan bir dövrdə bəzilərinin vaxt tapıb hörmətli nazirin “Azəri torpağı” adlı musiqinin sədaları altında rəqs etməsini montaj edərək çirkin niyyətlərini gerçəkləşdirməyə çalışmışlar. Bu addımın kimlər tərəfindən atıldığı məlum olmasa da, onun azərbaycanlı olduğuna şübhə yaranır. Müqəddəs Ramazan bayramı ərəfəsində saxtakarlığı özünə peşə seçənləri şər-böhtan atmaqdan çəkinməyə və vicdanlı olmağa dəvət edirəm. Ən azından müsəlman olduğumuzu və müqəddəs Qurani Kərimdə şər-böhtan atmağın böyük günah olduğunu unutmayaq! Həmin videonun orjinal variantını təqdim edirəm, baxın və özünüz qiymət verin: Azərbaycan musiqisini çixarıb ora erməni musiqisini əlavə edənə nə ad vermək olar, belələrinə azərbaycanlı demək olarmı?”
 

 
Keçmiş diplomatın qarşı çıxdığı həmin videonun montaj olduğuna biz də inanırıq. Hər halda Elmar Məmmədyarov erməni melodiyasının sədaları altında rəqs edəcək qədər sağlam düşüncəsini itirməyib. Baxmayaraq ki, onun rəqsinə montaj edilmiş melodiya da ayaq və əl hərəkətlərinə tam oturur.
 

 
Bizə maraqlı gələn isə həmin montajdan çox, onu ifşa edənin kimliyidir. Dindən, imandan danışa-danışa Xarici İşlər nazirinə qahmar çıxan Daşqın Şikarov kim olsa yaxşıdır? – Kürü oğrusu. Bəli, bəli, səhv oxumadınız, məhz kürü oğrusu.
 
Bunu da biz yox, Virtualaz.org iddia edir. Ölkənin ən ciddi saytlarından biri kimi tanınan “Virtualaz”-ın ötən 19 mart buraxılışında dərc olunmuş “İlham Əliyev hökmdarın 10 banka kürüsünü oğurlayan səfiri geri çağırıb” sərlövhəli xəbəri məhz bu oğurluq hadisəsindən bəhs edirdi.
 
Xəbəri diqqətinizə çatdırırıq.


 
Prezidenti İlham Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovun geri çağırılması haqda fevralın 25-də sərəncam imzalayıb. Bu barədə virtualaz.org-a hökumət mənbələrindən məlum olub.

Martın 7-də isə xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirinin müavini Leyla Süleymanovanı bu ölkədəki müvəqqəti işlər vəkili təyin etmək barədə əmr imzalayıb. L.Süleymanova yeni səfirin təyinatına qədər müvəqqəti işlər vəkili vəzifəsini icra edəcək.

Bununla belə Azərbaycan XİN-in rəsmi saytında Daşqın Şikarov hələ də Birləşmiş Ərəb Əmirliklərindəki səfir kimi göstərilir.

Xəbər verdiyimiz kimi səfir D.Şikarovun adı biabırçı oğurluq qalmaqalına qarışıb. Məlum olub ki,  diplomat Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlif ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş kürü hədiyyəsini mənimsəyib. Söhbət 10 banka kürüdən gedir. Habelə səfirlikdə 500 min dollara yaxın vəsaitin mənimsənildiyi üzə çıxıb və hazırda bununla bağlı araşdırma aparılır.



Daşqın Şikarov 2016-cı ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərində səfir olub. Ondan əvvəl isə Azərbaycanın Pakistandakı səfiri vəzifəsini tutub.
 
Əmirin kürüsünə tamah salmış Daşqın Şikarovun nazir Elmar Məmmədyarova qahmar çıxması bəlkə də səbəbsiz deyil. Mümkündür ki, ötən ildən bəri işsiz qalan Daşqın müəllim yenidən kürü eşqinə düşsün. Bax, əsl “kürü diplomatiyası” buna deyərlər.


Ana səhifəyə qayıt        Baxış: 6 946          Tarix: 25-05-2020, 23:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma