Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
II Hissə
Son zamanlar İran-Azərbaycan münasibətlərində yaxınlaşmalar hiss olunur. İran dini liderinin nümayəndəsi Ayətullah Amilinin Dağlıq Qarabağla bağlı verdiyi bəyanatdan sonra ölkənin Azərbaycandakı Səfirliyi də ard-arda bizim milli maraqlarımıza cavab verən açıqlamalarla yadda qaldı. Bu yaxınlaşma nə dərəcədə səmimidir? Hansı zərurətdən ortaya çıxıb və nə perspektiv vəd edir?
Bu və bənzər sullara Yaxın Şərq barədə analitik yazılarıyla tanınan şair-publisist, Ədalət partiyasının sədr müavini Heydər Oğuzla söhbətləşərək cavab tapmağa çalışdıq.
Heydər Oğuzun “Hürriyyət” qəzetinə verdiyi müsahibəsini təqdim edirik.
(Əvvəli bu linkdə: “Prezidentin yerinə olsam, Elmar Məmmədyarovla Leyla xanımın yerlərini dəyişdirərdim” - Heydər Oğuz)
– İstərdim, mətləbdən çox uzaqlaşmadan yenidən İran-Azərbaycan münasibətlərinə qayıdaq. Bir çoxları fikirləşirlər ki, bu kimi məsələlərin gündəmə gətirilməsi əslində Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra yaxşılaşan Azərbaycan-İran münasibətlərini korlamağa xidmət edir…
– Onu deyənlər İranın siyasi ierarxiyasından xəbəri olmayan adamlardır. İran İslam Respublikasında ən yüksək siyasi iradə Prezident yox, dini liderdir. Kimlərsə öz arşınımızla İranı ölçdüyündən bu yanlış qənaətə gəlir və bizi ittiham etməyə çalışır. Halbuki, İranda hökumətin dəyişilməsinin yürüdülən xarici və daxili siyasətə az dəxli var. İranda hətta prezidentlərin, millət vəkillərinin kimliyini belə, teokratik hakimiyyət müəyyənləşdirir. Hökumətlər istəsələr belə, dini liderin müəyyənləşdirdiyi cizgidən kənara çıxa bilməzlər. Çünki orda son sözü deyən, məsələyə nöqtə qoyan yeganə şəxs Ayətullah Xamneyidir. Yəni İranın Ruhanidən əvvəlki və bu günün siyasət prezidentlərin iradəsindən asılı deyil. Ayətullah Xamneyi isə 1989-ci ildən İranın dini lideridir. Başqa sözlə desək, 2000-ci illərin əvvəlində də, indi də İranın xarici siyasətini o müəyyənləşdirir…
– Bəs o zaman Ruhanidən sonra İranın Azərbaycana qarşı siyasətindəki müsbət dəyişiklikləri nəylə izah edərdiniz?
– Hər bir dövlətin siyasətini üz-üzə qaldığı problemlər, dünyada gedən proseslər, yaxın qonşuluq münasibətləri, təhdid elementləri və s. müəyyənləşdirir. İranın Azərbaycanla siyasətinin formalaşmasında da bu amillər ön planda olub, olmaqdadır və olacaqdır. Əhmədinecatın zamanında Azərbaycanla İran arasındakı ziddiyyətlətin kökündə bir neçə mühüm səbəb vardı. Bunlardan biri Xəzərin bölünməsiylə bağlı anlaşmazlıqdı. 5 sahilyanı dövlət arasında bölgüdə göl statusu əsas götürüləndə ən az pay İrana düşürdü.
İran isə Xəzərin ya dəniz kimi, ya da 5 bərabər hissəyə bölünməsinin tərəfdarı idi. Ona düşəcək əsas payı isə Azərbaycandan və Türkməmnistandan istəyirdi. Azərbaycan və tərəfdaşlıq etdiyimiz enerji şirkətləri isə bu tələblə razılaşmırdılar.
Əslində Xəzərin 5 bərabər hissəyə bölünməsi belə götürəndə bizim də maraqlarımıza zidd deyildi. Çünki Azərbaycana indiki bölgüdə sadəcə 19.5% düşür. İranın təklif etdiyi variantda isə payımız 0.5% arta bilərdi. Di gəl ki, bu təkliflə Xəzərin dibinin 29%-nə nəzarət edən Qazaxıstan razılaşmırdı. Dəniz statusuyla bölünməsi isə Rusiyanın hərbi strateji maraqlarına cavab vermirdi. Çünki bu zaman Xəzərdə hərbi hegemonluğunu İranla paylaşmalı idi. İran danışıqlar masasında əldə edə bilmədiyinə zor gücünə nail olmaq istəyirdi. Hədəf seçdiyi ölkələr isə biz və Türkmənistan idi.
Digər önəmli məsələ – transmilli enerji şirkətlərinin maraqlarının qorunması bəhanəsilə NATO qüvvələrinin Xəzərdə yerləşməsi ehtimalı İranda ciddi narahatlıq yaradırdı. Həqiqətən də rəsmi Bakı o zaman NATO ilə tərəfdaşlıq arayışları içərisində idi. Xüsusilə NATO üzvü olan Türkiyə ilə yaxın münasibətləriniz Tehranda şübhə ilə qarşılanırdı. Fəqət NATO ilə əməkdaşlığımızda məqsəd Xəzəri onların ixtiyarına vermək deyildi və biz bunu istəsək də edə bilməzdik. Çünki Xəzər 5 sahilyanı dövlətin ortaq gölüdür və həmin vaxt onun hüquqi statusu da müəyyənləşməmişdi. Əslində heç indi də tam müəyyənləşməyib. Dolayısıyla Azərbaycan NATO ilə əməkdaşlıq etsə belə, Xəzərin qapılarını alyansın üzünə taybatay aça bilməzdi.
Rəsmi Bakı dəfələrlə bunu ən yüksək səviyyədə dilə gətirsə də, neft və qaz kəmərlərinin qorunmasını öz üzərinə götürdüyünü, 3-cü dövlətin Azərbaycan ərazisindən başqa dövlətə qarşı istifadə olunmayacağını bəyan etsə də, bu, İran tərəfindən səmimi qarşılanmırdı. Ölkəmiz 2011-ci ildə rəsmən Qoşulmama Hərəkatına üzv olduqdan sonra Tehranın bu şübhələrinə son qoyuldu. Üzərindən 2 il keçdi, Həsən Ruhani hakimiyyət gəldi. Onda artıq Xəzərdə xarici orduların lövbər salması təhlükəsi də oradan qalxmışdı.
Ən əsas məsələlərdən biri də “Xudafərin” müqaviləsi imzalanan ərəfədə Türkiyədən də artıq əvvəlki təhlükənin gözlənilməməsi idi. Türkiyədə dini həssasiyyəti yüksək olan Rəcəb Tayib Ərdoğan hakimiyyətinin ilk 10 ilində Yaxın Şərq məsələsində ABŞ-la həmrəylik nümayiş etdirsə də, tədricən ondan uzaqlaşır, regional əməkdaşlığa önəm verirdi. Xüsusilə “Xudafərin” sazişinin bağlandığı 2016-cı ildə ABŞ-Türkiyə münasibətləri tam qırılma nöqtəsinə gəlmişdi. Hətta ABŞ Ərdoğanı devirmək üçün həmin il FETÖ kartından istifadə etməyə çalışmış və baş tutmayan 15 iyun çevrilişini hazırlanmışdı. Türkiyənin ABŞ-la pozulan münasibətləri İranı da xeyli rahatlatmışdı. Artıq Türkiyə-Azərbaycan yaxınlığında NATO-nun bölgəyə yerləşməsi təhlükəsi hiss etməyən Tehran Bakı ilə münasibətləri yumşaltmağa başlamışdı. Saziş də məhz o zaman imzalanmışdı.
İsrail-Azərbaycan münasibətləri də İranın diqqətlə izlədiyi siyasətlərdəndir. Tehranda son zamanlaradək İsrail hərbi qüvvələrinin ölkəmizdə dislokasiya edilməsinə dair yanlış qənaətlər var. Halbuki, Azərbaycan dəfələrlə bu faktı inkar edir, İsraillə əlaqələrin sadəcə iqtisadi işgüzarlıq münasibətləri baxımından əhəmiyyət daşıdığını, ondan sadəcə silah aldığını, amma hər hansı hərbi əməkdaşlıqdan söhbət gedə bilməyəcəyini bildirmiş, bunu təsdiqləyən müxtəlif sənədlər imzalamış, ən yüksək səviyyədə zəmanətlər vermişdi. Təsəvvür edin ki, sırf İranın maraqlarını nəzərə alıb biz İsraildə öz səfirliyimizi açmamışıq. Buna baxmayaraq, Təl-əvivlə Bakı arasında yaxınlaşmalar olan kimi, Tehranda etirazlar ortaya çıxır.
Ən nəhayət, Cənubi Azərbaycan məsələsinə İranda ehtiyatla yanaşırlar. Cənub qonşumuzda milyonlarla soydaşımızın yaşaması və zaman-zaman vahid Azərbaycan kimi şüarların gündəmə gətirilməsi Tehranda təhdid kimi alqılanır, bu da istər-istəməz iki tərəfi qarşı-qarşıya gətirir.
Bir sözlə, İranla Azərbaycan münasibətlərində qarşılaşdığımız zik-zaklar hər iki ölkənin təhdid anlayışından doğur. Biz İranın ölkəmizə radikal dini cərəyanlar yaya biləcəyindən çəkindiyimiz kimi, İran da bizim Cənub kartından istifadə edəcəyimizdən ehtiyatlanır.
Bizim kimi mətbu orqanların bu cür problemləri dilə gətirməsi isə yaxınlaşmanın nəinki əleyhinə, əksinə tam xeyrinədir. Mən şəxsən iki tərəf arasında müəyyən şübhələrə yol açan problemlərin gizlədilməsinə yox, müzakirəsinə tərəfdaram. Müzakirələr zamanı hər iki tərəf öz səhvlərini görür və bunu düzəldir. Nəticədə gizli saxlamadığımız incikliklər nifrətə çevrilmədən, qarşılıqlı güzəştlərlə öz həllini tapır və iki qardaş dövlət arasındakı bağlar daha da möhkəmlənir. Şəxsən bu məsələlərə ən çox yer ayıran Ovqat.com-un Baş redaktoru kimi hər dəfə bənzər problemləri qaldıranda İranla münasibətlərin xeyli yaxşılaşdığını müşahidə edirəm. Xüsusilə son zamanlar “Xudafərin” sazişi zamanı ortaya çıxan müzakirələrin İranda Azərbaycan bağlı ritorikaları nə qədər dəyişdirdiyinin şahidi oluruq. Sevinirəm ki, qarşılıqlı yaxınlaşmalarda Ovqat.com olaraq bizim də zərrə qədər də olsa, payımız var.
-Bir tərəfdən deyirsiniz ki, mətbu orqanların beynəlxalq münasibətlərə təsiri olmur, digər tərəfdən isə deyirsiniz ki, münasibətlərin düzəlməsində “bizim də payımız var”…
-Mətbu orqanlarda yazılanlar proseslərə, əlbəttə ki, təsir edirlər. Amma mətbuat heç bir zaman əsas səbəb deyil, əksinə nəticədir, nəticənin inikasıdır. Biz, mətbuat adamları olaraq, nəyi yazırıq? Əlbəttə, baş verənləri. Demək ki, təsiredici yox, təsirlənən tərəf oluruq. Sadəcə nəticələri ortaya qoymaqla bu ziddiyyətlərin ortadan qaldırılmasına kömək edirik. Biz olmasaq, bu problemlər gizli qalar və narazılıqla öz həllini tapmaz. Bu ona bənzəyir ki, ayaq barmağında qanqrena meydana gəlir və sən onu corab geyinərək gizlədirsən, həkimə gedib lazımi müalicə almırsan. Nəticədə qanqrena dizinə qədər irəliyir və əvvəl barmağını kəsdirəcəyin halda, indi dizindən yuxarıya qədər qurban verməli olursan. Məncə, biz, mətbuat orqanı olaraq, cəmiyyətin sinir sistemləriyik. Ağrıyaraq bədənimizi idarə edən ruha – dövlətə təhlükə siqnalı ötürürük. Dövlət də hərəkətə keçib təhlükəni dəf etməyə çalışır. Təhlükə mərkəzi ilə təmasa keçib arada narazılığa səbəb olan problemi ortadan qaldırır. Bu isə ümumi işin xeyrinədir. Mərkəzi sinir sistemi ağrılı mesaj verir deyə, ağrıkəsici atmaq səni müvəqqəti olaraq ağrıdan xilas edə bilər, amma təhlükəni ört-basdır etdiyi üçün səni məhvə sürükləyər. Mətbuatı bütün problemlərin səbəbi kimi alqılamaq və onu susdurmaq nəticə etibarilə müalicəvi dərmanlar atmadan ağrıkəsici ilə kifayətlənmək deməkdir.
– Son zamanlar İran rəsmilərinin təkcə Azərbaycanla deyil, Türkiyə ilə bağlı da ritorika dəyişikliyinə getdiyi hiss olunur. İranın dini lideri Qüds barədə açıqlamasında Fələstinin Osmanlı torpağı olduğunu bildirməsini necə qiymətləndirirsiniz?
-Mən bun u təsadüfi saymıram. İran artıq regionda çox şeylərin dəyişildiyini görür və xarici siyasətini yeni situasiyaya uyğunlaşdırır. Fikrimcə, bu, normal hadisədir və diplomatiya çeviklik tələb edir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlər bu cür çevik manevrlərlə situasiya dəyişikliyindən yararlanırlar. Ümumiyyətlə, xarici, daxili bütün siyasətləri situasiyalar müəyyənləşdirir. Hər zaman eyni mövqedə dayanmaqla uğur əldə edilə bilməz. Dəyişilən şərtlərə uyğun strategiyalar formalaşdırmasan böyük oyunların qurbanı ola bilərsən. Bu, təkcə İran kimi regional dövlətlərə xas siyasət də deyil. Hətta super güclər belə tez-tez öz siyasətlərini dəyişirlər. Bunun ən bariz nümunəsini ABŞ timsalında görə bilərik. Xatırlayırsınızsa, istər Obama, istərsə də Tramp hakimiyyəti dövründə tez-tez Müdafiə nazirlərinin və digər güc struturlarının rəhbərlərinin dəyişildiyini görürdük. Hər nazirin isə özünəməxsus siyasi dəsti-xətti olurdu. İnkişaf etmiş ölkələrdə hakimiyyətlər 4 ildən bir, bəzən daha tez dəyişildiyindən bu prosesi rahat keçirlər. Bizdə isə 20 ildir eyni kresloda piylənən nazirlər var. Onlar dəyişilmədiyindən siyasətlər də olduğu kimi qalır, nəticədə ölkə köhnə prinsiplərlə idarə edilir. Bu isə cəmiyyətləri inkişafdan saxlayır.
İrandakı ritorika dəyişikliyi də regiondakı şərtlərin dəyişikliyindən qaynaqlanır. Bilirsiniz ki, İran həm İraqda, həm də Suriyada çətin vəziyyətə düşüb. Bu zamana qədərki müttəfiqləri artıq ondan üz döndərirlər. İstər İraqda, istərsə də Suriyada müttəfiqlərinin ondan üz döndərməsi İranı bölgədə yanlızlığa sürükləyir. Məlumatlardan aydın olur ki, Suriyada ən böyük müttəfiqi olan Rusiya İsraillə müəyyən anlaşmalara gedərək İrandan və Bəşər Əsəd rejimindən yaxa qurtara çalışır. İraqda da artıq işlər yolunda getmir. İndiyədək məzhəbi şüarlarla regionda təsir gücünü qorumaq istəsə də, şiə ərəblərin İrana hələ də “əcəm” kimi baxması, cahiliyyə dövrünün mənəm-mənəmliyindən qurtula bilməməsi təkcə Tehran üçün deyil, regionun digər ölkələri üçün də gözlənilməz sürprizlər ortaya çıxara bilər. Üstəlik, qarşı-qarşıya qaldığı ağır sanksiyalar və koronavirus problemləri də İran iqtisadiyyatını getdikcə çıxılmaz vəziyyətə salır. Belə çətin vəziyyətdən ən yaxşı çıxış yolu yeni müttəfiqlər tapmaqdır. Bu isə yeni siyasi dəsti-xətt tələb edir. Düşünürəm ki, İran Türk dünyası ilə yaxın münasibətlər qurmağa çalışacaq və onun bu sahədə çox ciddi potensialı var. İran o potensialını hərəkətə keçirərsə, daha böyük nailiyyətlərə imza ata bilər.
– İranın Türk cizgisinə meyllənməsi nə dərəcədə mümkündür?
-Böyük siyasətlərdə mümkün olmayan heç bir şey yoxdur. İran tarixən türk yurdu olub və Rusiyanın təsiri azaldıqca yenidən Türk əhatəsinə düşəcək. Mənim bir zamanlar yazdığım şeirlərdən birində dediyim
“Bəli, Böyük İran Arandan keçir.
İrəvandan keçir, Muğandan keçir.
Turana gedən yol İrandan keçir.
İransız qurulmaz bu ŞANLI OCAQ,
İran Türkün olub, Türkün olacaq”, – misraları da bu inancımdan irəli gəlir. Hesab edirəm ki, özünütəcrid siyasətilə bir yerə vara bilməyəcəyini anlayan İran əvvəl-axır bu açılımı etməlidir. Cari planda onun Azərbaycan və Türkiyə ilə regional iqtisadi əməkdaşlıqdan başqa seçənəyi yox kimidir. Bu 3-lü ittifaq sabah böyüyüb Orta Asiyaya qədər uzana bilər.
– Türk dünyası və İran. Fars şovinizminin hegemon olduğu bir dövlətdə bu perspektiv nədənsə heç inandırıcı görünmür?
– Bilirsinizmi, Elxanilərin ən güclü hökmdarı olan Qazan xan imperiyanın ən qüdrətli dövründə islamı qəbul etmişdi. Onu buna vadar edən, təbii ki, zəifliyi deyildi. Həmin dövrün şərtləri və Elxanilərin böyümə arzusu Qazan xanı buna vadar etmişdi. Demək istədiyim odur ki, tarixi şərait hətta ən qüdrətli hökmdarları da nəinki siyasətlərini, hətta dinlərini dəyişdirməyə həvəsləndirə bilər. İran da böyümək və ayaqda qalmaq istəyirsə, bəzi xoflarından sıyrılıb bu açılımı etməlidir. Əks halda, bundan təkcə onun özü yox, bütün region dövlətləri zərər görəcək.
Mən bunları deyərkən, bəzi ultra-millətçilər kimi Cənubi Azərbaycanın parçallanıb bizə birləşməsini nəzərdə tutmuram. Əksinə, bizim daha böyük birliklərə ehtiyacımız var. Çünki dünya böyük balıqların kiçik balıqları yeməsi üzərində bərqərar olub. İstər İran, istər Azərbaycan, istərsə də Türkiyə yemə çevrilməmək üçün böyüməlidir. Söhbət inzibati ərazi birliyindən getmir. Söhbət iqtisadi, hərbi, mədəni inteqrasiyadan gedir. Heç kimin ərazisinə toxunmadan əməkdaşlıqlar hər 3 dövlətin xeyrinədir və bu ittifaqda istər-istəməz ən qazanclı çıxan türklər olacaq. Amma digər millətlər də bundan qorxmamalıdır. Bizim tarixi keçmişimiz də bu qorxuları alt-üst edir. 1000 il İranda hakimiyyətdə olan türklər fars mədəniyyətinə böyük sayqı ilə yanaşıblar. Onu yenidən dirçəldib dünya mədəni irsinə ərmağan ediblər. Müasir terminlərlə desək, multikultural dəyərlərə həmişə tolerans yanaşan türklər yenə də eyni diqqətlə regional maraqları uca tutmağı bacaracaqdır. Düşünürəm ki, İranın minillik tarixi dediklərimi təqdiqləyir. Xüsusilə farsların bizdən qorxmaq üçün heç bir tarixi əsas yoxdur.
– Sonda bir-iki kəlmə də Naxçıvan barədə fikirlərinizi öyrənmək istərdim. Yazmışdınız ki, Naxçıvanda “xanlıq rejiminə” son qoyulacaq. Bunu Muxtar Respublikanın yeni Baş nazirinin təyin olunması ilə əsaslandırmışdınız. Doğrudanmı buna özünüz inanırsınızmı?
– Əlbəttə. İnanmadığın şeyi necə yaza bilərsən? Bir çoxları hələ də mənim irəli sürdüyüm bu versiyaya inanmırlar. Halbuki mənim bir gün əvvəl proqnozlaşdırdığım adam Baş nazir təyin olundu və təyinatı ilə bağlı məramı açıq şəkildə ortaya qoydu. Dedi ki, bu zamana qədər Naxçıvan Nazirlər Kabinetinin fəaliyyətində ətalət və durğunluq hakim idi. Bundan sonra isə Nazirlər Kabineti öz fəaliyyətini gücləndirəcək. Bilirsinizmi, bu nə deməkdir? Bu o deməkdir ki, Naxçıvanın “boz kardinalı” da dəyişdi. İndiyə qədər Naxçıvan Ali Məclis sədrinin müavini Azər Zeynalov tərəfindən idarə edilirdi. Bundan sonra isə həlledici adam Baş nazir olacaq. Nəzərə alsaq ki cənab Vasif Talıbovun qardaşı Məhərrəm Talıbova yaxın dairələr bu təyinatdan əvvəl hakimiyyətdəki mühüm postlardan uzaqlaşdırılmışdı, yeni Baş nazirin idarə edəcəyi çevrə də böyüyür. Üstəlik, Vasif müəllimin özünün də artıq “fəxri istirahətə” ehtiyacı var. 25 il eyni vəzifədə əyləşmək monoton həyat anlamına gəlir və insanı sıxır. Bir də cənab sədrin səhhəti də əvvəlki templə işləməyə yol vermir. Məhz bu səbəbdən Ali Məclis apatının rəhbəri Azər Zeynalov vəziyyətə nəzarət edirdi. İndisə Muxtar Respublikanın səlahiyyətləri və nəzarət sahələri genişləndirilmiş yeni Baş naziri var. Sizcə, bu, faktiki olaraq hakimiyyət yetkilərinin bölüşdürülməsi deyilmi? Eşitdiyimə görə, Naxçıvanda konstitusiya dəyişikliklərinə gediləcək və Azərbaycan qanunvericiliyinə uyğun sistem yaradılacaq. Yəni Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Azərbaycan üçün kimdirsə, Ali Məslisin sədri də Naxçıvan üçün eyni səlahiyyətli şəxs olacaq. Dediklərimin nə qədər real olub-olmadığı yaxın zamanlarda ortaya çıxacaq. Darıxmayın, bunu siz də görəcəksiniz.
Şamo EMİN, Hurriyyet.org
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar