Xəbər lenti

 
Ötən il adı qalmaqallarda hallanan tanınmış diplomat Daşqın Şikarovun kürü oğruluğunda ittiham olunduğunu yazmağımız bəzi şəxslərin qıcığına səbəb olub.
 
Ovqat.com-un paylaşımlarına rəy yazanlar bizi Allahdan qorxmağa və iddiaları araşdırmadan xəbər yazmamağa dəvət ediblər. 
 
Biz də səhifələrində hər düşüncəyə yer verməyi özünün prinsipinə çevirmiş mətbu orqan olaraq həmin etiraz rəylərini də olduğu kimi dərc edirik.
 
Hasan Hasan adlı facebook istifadəçisi yazır:


 
“Allahin qezebinden qorxun. Bilib bilmeden kimise sherlemek boyuk gunahdir. Pakistanda Xocali soyqrimi haqqinda qetnamenin qebul edilmesinde xidmetleri olan diplomat haqqinda bele sifarishli yazi yazanlara ve yazdiranlara en azi ayib olsun”.
 
Digər facebook istifadəçisi Polad Aliyev:



“Şər-böhtan kompaniyasının icraçısı olmayın. Ermənilərin dəyirmanına su tökmək lazım deyil. Allah qarşısında böyük, çox böyük günah qazanmış olarsınız. Mən əminəm ki, Siz Daşqın Şikarovu şəxsən tanısanız yazdığınız fikirlərdən daşınarsınız. Ümumiyyətlə Şikarovlar ailəsi hər zaman Vətənə, Dövlətə sədaqətlə xidmət ediblər və edəcəklər. Balaca bir araşdırma aparsanız qeyd etdiklərimin şahidi olacaqsınız. Allah düz yolda olmayan bütün soydaşlarımızı islah eləsin. Amin!”
 
Ramiz Mustafayev:


 
“Doğurdanda çox təssüf edici bir halla üzləşirik bəzi bizim jurnalistlər araşdırma aparmadan yazılar yazır özlərini bir qəhraman kimi göstərməyə çalışırlar. Mən bir söz demirəm xalqımızın hər bir nümayəndəsi qəhrəman olmağa layiqdir amma belə yox. Çox çətin bir dövrdə yaşayırıq hər tərəfdən düşmən gözü dikilib Dövlətimizə millətimizə, elə bu zamanda daxildə ixtilaf yaratmaq vətənə millətə layiqli insanlara iftira atmaq heç də layiqli bir iş görmək deyil.
Hörmətli jurnalist bir mövzuya toxunarkən birincisi şəxsiyyəti təhqir etməyə çalışma, sən bir layiqli Azərbaycan ailəsinin nümayəndəsindən bəhs edirsən araşdırma apar obyektiv ol, şər böhtan yazmaq etik normalardan çıxmaq sənə yaraşmaz”.
 
Oktay Babayev:


 
“Shikarovlar ailasini taniyan vatandashlar hech vaxt bela bir uydurmaya inanmazlar! Bu aila Vatana, olka bashchisina sadiqdir! Tasuflar olsun ki, ozunu " jurnalist" adlandiran adamlar sifarishli magaleler darc edirlar va bununla da olkamizin dushmanlara xidmat edirlar. Aminam ki, zaman har sheyi oz yerina goyar. Dashkin Shikarovun vatan namina gorduyu ishlari arashdirsinlar hamin vicdansizlar!”


 
Biz də əziz oxucularımızın bu iradlarını nəzərə alıb Daşqın Şikarov barədə irəli sürülən ittihamı araşdırmağa qərar verdik.
 
Kiçik araşdırmağımız nəticəsində məlum oldu ki, Daşqın Şikarov barədə həmin ittiham ötən ilin 18 mart tarixində Virtualaz.org saytında dərc olunub və bütün media qurumları tərəfindən yayımlanıb.   “Azərbaycan səfiri 10 banka kürü oğurladı və... – ŞOK sərlövhəli məlumatda deyilir:
 
“Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlfi ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş hədiyyəsini mənimsəyib.
 
Məlumatlı mənbələrdən virtualaz.org-a məlum olub ki, söhbət 10 banka kürüdən gedir.
 
Bundan başqa, hazırda Azərbaycanın Əbu-Dabidəki səfirliyində xüsusi komissiya işləyir, hansı ki, yarım milyon dolların yox olması faktını araşdırır. Şübhələr var ki, bu pul mənimsənilib.
 
Qeyd edək ki, Daşqın Şikarov kifayət qədər təcrübəli diplomatdır. Daha əvvəl o, Azərbaycanın Pakistanda və Əfqanıstandakı diplomatik missiyalarına başçılıq edib. O, Azərbaycanın BƏƏ-də səfiri vəzifəsinə 2016-cı ilin yanvarında təyin edilib”.


 
Bir gün sonra səfir Modern.az saytına açıqlama verərək, ona böhtan atıldığını bildirib və böhtançını Allaha tapşırıb.
 
Elə həmin gün prezident onu işində yol verdiyi nöqsanlara görə geri çağırıb. 
 
Nəzərə alsaq ki Daşqın Şikarov 2016-cı ilin yanvar ayının 12-də BƏƏ-yə səfir göndərilib, bu geri çağırışın rutin olmadığı ortaya çıxır. Zira səfirlərin səlahiyyət müddəti 5 ildir. “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin 7. 14-cü bəndində bu barədə deyilir:
 
“Səfir təyin olunmuş şəxsin qəbul edən dövlətdə fasiləsiz iş müddəti, bir qayda olaraq, beş ildir... Bu müddətlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən uzadıla bilər”. 


 
Əsasnamədən də göründüyü kimi, 5 illiyinə təyin olunan səfirlərin səlahiyyət müddəti azaldılmır, uzadılır. Daşqın Şikarovun BƏƏ-də səfirliyi isə cəmi 3 il 3 ay çəkib. Belə çıxır ki, o, həqiqətən də fəaliyyətində ciddi nöqsan aşkarlanaraq, səlahiyyət müddəti başa çatmamış geri çağırılıb. Bu, kürü oğurluğu da ola da bilər, başqa məsələ də. Amma hər halda Prezidentin əlində nəsə ciddi bir fakt olub ki, bu addımı atıb. Əks təqdirdə hansısa saytın dezinformasiyasına görə bu qərarın imzalanması qətiyyən inandırıcı görünmür.
 
İndi sual olunur: Daşqın Şikarovun müdafiəçiləri kimi qərəzlilikdə ittiham edirlər – Başqa saytlarda yazılanlara istinad edən Ovqat.com-u, həmin ittihamı ilk dəfə səhifələrinə gətirən Virtualaz.org-u, yoxsa səfiri vaxtından əvvəl geri çağıran ölkə başçısını?
 
Ümidvarıq ki, ittiham sahibləri və onların arxasında dayanan şəxslər bu suala da aydınlıq gətirərlər.


Ana səhifəyə qayıt        Baxış: 4 663          Tarix: 27-05-2020, 04:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma