Xəbər lenti
 
 
 
Son həftə arzində mətbuatın gündəmindən düşməyən bu iki xəbərlə bağlı fikirlərimi oxucularla bölüşmək istədim.
Əsas mövzuya keçməzdən əvvəl istərdim ki, sosial şəbəkələrdə ciddi şəkildə müzakirə olunan video görüntüyə, Elmar Məvvədyarovun guya ki, erməni musiqisinin sədaları altında rəqs etməsinə münasibət bildirim. Video tamamilə montajdır və bunu subut etmək üçün heç də uzağa getmək lazım deyil. Cənab nazirin oğlunun toyunda çəkilmiş və həmin ərəfədə mətbuatda getmiş videolara baxmaq kifayətdir ki, həmin videonun adi bir mantaj olduğunu, orjinaldakı Azərbaycan musiqisi yerinə erməni mahnısı əlavə edildiyini görək. Odur ki, bu məsələ ilə bağlı lincetmə kampaniyası heç cür qəbuledilən deyil və düşməni sevindirməkdən başqa bir işə yaramaz. Bu məsələ ilə bağlı nazirdən açıqlama tələb etmək də gülüncdür. Hər halda Elmar Məmmədyarov mətbuata çıxıb “yox mən erməni musiqisinin sədaları altında rəqs etməmişəm” deyən deyil və heç deməməlidir də. Amma indi haqqında danışmaq istədiyim məsələ ilə bağlı nazirin açıqlama verməsi şərtdir və artıq neçə müddtədir ki, ictimaiyyət də nazirdən müəyyən açıqlama gözləyir. Beləliklə keçək əsas məsələyə.
 
Əvvəla hörmətli Xarici İşlər Nazirimiz Elmar Məmmədyarovun ailəsinə məxsus, ABŞ-ın Nyu-York şəhərində, Riverside Boulevard 120 ünvanında yerləşən ümumi dəyəri 4 milyon 250 min ABŞ dolları olan iki mənzil haqqında danışaq. İlk olaraq qeyd edim ki, mən Azərbaycan vətəndaşlarının okeanın o tayında və ya hər hansı bir başqa yerdə, lap elə Avstraliya və ya Antarktida mülk sahibi olmasının əleyhinə deyiləm. Bir şərtlə ki, həmin mülklərin sahibləri xərclədikləri pulları öz halal zəhmətləri hesabına qazanmış olsunlar.
 
Doğrusu, bu xəbərin ictimailəşməsindən sonra dərhal münasibət bildirməməyimin səbəbi hörmətli Elmar müəllimin gedən xəbərlərlə bağlı açıqlama verməsini gözləməyimlə bağlı idi. Düşünürdüm ki, cənab nazir yayılan məlumatın həqiqəti əks etdirmədiyini və sübut üçün təqdim olunan müvafiq sənədlərin saxta olması ilə bağlı fikir bildirəcək. Lakin bu baş vermədi. “Susmaq razılıq əlamətidir” deyib mən də Elmar Məmmədyarov və ailəsinə məxsus biznes şirkətləri ilə bağlı araşdırma aparmaq qərarına gəldim. Çünki cəmi 2 mənzil üçün 4 milyon 250 min ABŞ dolları sayan ailənin mütləqdir ki, bu vəsaitin hardan gəldiyini sübut edən arqumentləri olsun. Lakin maraqlıdır ki, nə cənab nazirin, nə həyat yoldaşının, nə də oğlanları Riyad və Emin Məmmədyarovların bu və ya digər biznes fəaliyyəti ilə məşğul olmaları ilə bağlı hər hansı bir məlumat tapmaq mümkün olmadı. Demək ki, özü kimi stajlı nazirlərimizdən fərqli olaraq Elmar müəllim ailə üzvlərinin biznes fəaliyyəti ilə məşğul olmasına isti yanaşmırmış. Elə isə sual olunur: cənab nazir ABŞ-dakı həmin iki mənzili hansı vəsait hesabına alıb və nə üçün susur? Aydınlıq gətirilmədi ki, bu qədər vəsaitin arxasında Məmmədyarovun ictimaiyyətə bəlli olmayan hansısa gizli ailə biznesi dayanır, yoxsa XİN rəhbəri ölkənin xarici siyasətinə ayrılan büdcə vəsaitlərini ailəsinin lüks komfortuna yönəldir? 
 
Bax, bu suallara haqlı olaraq hər birimiz cavab gözləyirik. Cənab nazir başa düşməlidir ki, bu sualların cavabını ənənəvi olaraq onun adından çıxış edən Leyla xanım verməli deyil. Bu sualları nazirimizin şəxsən cavablandırması lazımdır. Hansı dildə olursa olsun. Yəni Azərbaycan dilində cavablandırmaqda çətinliklər varsa, eybi yox, bizim üçün rus və ya ingilis dilində də cavablandırılması məqbuldur. Yetər ki, cavab olsun. 
 
Bu arada yazını hazırlayarkən Nyu-York şəhərinin yuxarıda göstərilən ünvanında lyuks mənzillərin qiymətləri ilə də maraqlandım. Məlum oldu ki, eyni kvadrata malik lyuks mənzilləri daha ucuz qoymətə, yəni 1-1.5 milyon dollara da almaq mümkündür. Başqa sözlə nazirimizin bir çox məsələlərdə olduğu kimi heç alqı-satqı məsələsində də yetərli səriştəsi yox imiş.
 
Haqqında danışmaq istədiyim ikinci məsələ AZAL-a pandemiya ilə əlaqədar dövlət büdcəsindən 86.9 milyon manat yardım edilməsi ilə bağlıdır. AZAL-a bu qədər vəsaitin ayrılması təəccüblü görünməklə yanaşı bir qism suallara aydınlıq gətirilməsini də tələb edir. Əvvəla, pandemiya dövründə AZAL-ın bu qədər zərərə necə düşməsi çox maraqlıdır. Belə ki, sərhədlərin bağlandığı, uçuşların dayandığı bir vaxtda AZAL ancaq və ancaq xaricdə olan vətəndaşlarımızın Bakıya qayıtması üçün bir neçə uçuş həyata keçirib ki, bu uçuşlar da dövlət hesabına deyil, vətəndaşlarımızın şəxsi vəsaiti hesabına baş tutub. Başqa sözlə, sərnişinlər vətənə qayıtmaq üçün bilet alıblar və biletlərin pullarını da öz ciblərindən ödəyiblər. Bu dövrdə AZAL-ın zərəri ancaq işçilərə verilən əmək haqları ilə bağlı ola bilər ki, bu da 2 ay üçün an uzağı 4-5 milyon manat olsun. Elə isə haqlı sual ortaya çıxır: AZAL ayrılan 86.9 milyon manatın hesabatını hansı şəkildə verəcək?
 
İkinci bir məsələ isə AZAL-ın yarandığı gündən bəri, yəni 1992-ci ildən üzü bu yana zərərlə işləməsi ilə bağlıdır. MDB məkanının lider şirkətlərindən biri olan, dəfələrlə beynəlxalq sertifikatlara layiq görülən bir şirkətin zərərlə işləməsi də təəccüb doğurur. Onu da nəzərə alaq ki, AZAL dünyanın ən bahalı sərnişin və yük daşıyıcılarından hesab olunur. Məhz elə bu səbəbdəndir ki, ölkə vətəndaşlarının əksəriyyəti bu və ya digər xarici səfərlər zamanı AZAL-ın xidmətlərindən deyil, qonşu Gürcüstanın aviaşirkətlərinin xidmətlərindən yararlanırlar. Ölkəyə turist səfərləri üçün gələn xarici vətəndaşlar da biletlərin həddən artıq baha olması səbəbi ilə əvvəl Gürcüstana, oradan isə quru yolu vasitəsilə Azərbaycana gəlməyə daha çox üstünlük verirlər. Elə isə sual olunur: Necə olur ki, bir neçə dəfə ucuz qiymətə sərnişin və yük daşıyan şirkətlər zərərlə işləmir, amma AZAL mütəmadi olaraq öz hesabatlarında ili zərərlə başa vurduğunu qeyd edir? Təyyarəsi dövlət büdcəsi hesabına alınan, hava limanı dövlət büdcəsi hesabına tikilən, yanacağı özümüzdən olan və yuxarıda da qeyd etdiyim kimi kifayət qədər yüksək qiymətə daşımaları həyata keçirən şirkət niyə zərərlə işləməlidir?
 
Təsəvvür edin, rəsmi məlumatlara əsasən Azərbaycan Hava Yolları 2017 ci ili  41 milyon 568 min manat zərərlə başa vurub. 2018 ci ildə bu göstərici daha 20.8% artıb. 2019 cu il üçün məlumat hələ açıqlanmayıb.(?). İndi isə uçuşların dayandırıldığı 16 mart 2020 ci il tarixindən başlayaraq, aprel və may ayları üzrə AZAL-a 86.9 milyon manat ayrılıb. Niyə və hansı göstəricilərinə əsasən? 
 
Bu sualların cavabını tapmaq isə aidiyyatı qurumların üzərinə düşür. Düz bir ay əvvəl prezident öz çıxışında ayrı-ayrı qurumlar tərəfindən cari xərclərin şişirdildiyini və buna ciddi nəzarətin vacibliyini xüsusi olaraq vurğuladı. Elə isə bu nəzarəti həyata keçiməyə cavabdeh olan qurumlar nəyi gözləyir?
 
Nəzərə almaq lazımdır ki, büdcə neftin qiymətinin aşağı düşməsi və pandemiya səbəbindən onsuz da ağır günlərini keçirir. İqtisadi münasibətlərin nə vaxt öz axarına düşəcəyi, neftin qiymətinin dünya bazarında qalxıb-qalxmayacağı bilinmir. Belə olan halda hər bir manatın qədrini bilmək vacibdir və ümid edirəm ki, aidiyyatı qurumlarımız da öz məsuliyyətlərini dərk edərək müvafiq iddiların araşdırılması üçün hərəkətə keçəcəklər.
 
Rəşad Bayramov
AMİP Siyasi Şura üzvü


Ana səhifəyə qayıt        Baxış: 7 082          Tarix: 27-05-2020, 20:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma